İkinci Dünya Müharibəsindən sonra formalaşan dünya düzəni artıq mövcud deyil. Dünyanın fevralın 24-dən, yəni Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncəki dövrə qayıtmayacağı tam aydındır. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin özü də İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamının dağıldığını sübut edir.
Ola bilməz ki, köhnə dünya nizamı çöksün və bəşəriyyət nizamsız bir dünyada yaşasın. Bəşər tarixində belə hal yalnız dövlətlərin mövcud olmadığı zamanlarda olub. Dövlətlər yarandıqdan sonra isə dünya nizamı yaranıb. İndi də köhnə dünya nizamı çöküb, yenisi yaranmaqdadır. Ukraynada müharibə davam etsə də, müharibədən sonrakı dünya düzəni formalaşmağa başlayıb. Yeni dünya nizamı isə 2022-ci il fevralın 24-dən əvvəlkindən köklü şəkildə fərqlənəcək.
Bütün bunlar yeni dünya düzəninin formalşamaqda olduğunu təsdiq edir. İndi formalaşmaqda olan yeni dünya düzəni də ən azı 50 il, bəlkə də daha çox dəyişməz qalacaq. Beləliklə, Güney Azərbaycanın müstəqilliyi bizim üçün məhz bu səbəbdən vazkeçilməzdir. Əgər Güney Azərbaycan müstəqilliyini indi əldə etməsə, ən azı 50 il, bəlkə də daha çox İranın tərkib hissəsi olaraq qala bilər. Belə bir mənhus tale ilə barışmaq mümkün deyil. Üstəlik, İranın hazırkı vəziyyəti də Güney Azərbaycanın müstəqiliyini qazanmasının mümkünlüyündən xəbər verir.
Şəriətin qətlə yetirdiyi növbəti qadın, 22 yaşlı Məhsə Əmininin ölümünə etiraz olaraq sentyabrın 16-da başlayan etirazların miqyası və teokratik rejimin ideoloji-siyasi əsaslarına qarşı yönəlməsi İran İslam Respublikasının son zamanlarını yaşadığını təsdiq etdi.
Diqqət çəkən digər məqam İran vətəndaşlarının ölkənin gələcəyi ilə bağlı qayğılarının olmamasıdır. Etirazlar yalnız teokratik rejimə deyil, eyni zamanda İran dövlətinin mövcudluğuna qarşı yönəlib. Aydın görünür ki, İranın vahid dövlət kimi mövcudluğu artıq ölkə əhalisinin böyük hissəsini qane etmir. Çünki İranda bütün xalqları birləşdirəcək ideologiya mövcud deyil və bir daha olmayacaq. Azadlıq, Ədalət və Milli Hökumət uğrunda mübarizə aparan Güney Azərbaycanın, insan hüquqları uğrunda teokratik rejimə qarşı əliyalın üsyana qalxan İran vətəndaşlarının beynəlxalq ictimaiyyətin qətiyyətli və mütəşəkkil dəstəyinə ehtiyacı var.
Firudin Pərviznia
DAK həmsədri