Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb.
Boyukmillet.com xəbər verir ki, bunu “İran Dəmir Yolları” şirkətinin nümayəndəsi Qulamhüseyn Vəldi deyib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 % çoxdur.
“İran və Azərbaycan arasında Astara-Astara dəmir yolu xəttində yükdaşımalar həndəsi silsilə ilə artır”, – o bildirib.
Qeyd edək ki, Astara-Astara dəmir yolu xətti İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 km – Astara şəhərindən İran sərhədinə və İranın Astara şəhərindən 2 km-dir.
Azərbaycan, Rusiya və İran 2023-cü ildə “Şimal-Cənub” dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu hissənin tikintisinə dair hökumətlərarası sazişin imzlanmasını planlaşdırır.
Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan “Şimal-Cənub” layihəsinə 2005-ci ildə qatılıb.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.