Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi qeyd olunub

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi ilə əlaqədar rəsmi qəbul təşkil edilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Qvineya-Bisau, Namibiya, Nepal, Tanzaniya və Anqolanın səfirləri, bir çox ölkələrin hərbi attaşeləri, Rusiya Müdafiə nazirliyinin yüksək rütbəli zabitləri və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Mərasimə qatıldıqları üçün qonaqlara təşəkkürünü bildirən Səfir Polad Bülbüloğlu qeyd etmişdir ki, bu il Azərbaycan ordusunun yaradılmasının 105 illiyi tamam olur. Bu kontekstdə o, qonaqlara 44 günlük müharibə və onun parlaq nəticələri haqqında məlumat vermişdir.

Səfir vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq 30 il işğal altında olan torpaqlarımızı azad edib. Qələbəyə gedən yol asan olmayıb. İşğalçılar tərəfindən müdafiə sədləri tikilmiş, bütün işğal edilmiş ərazilər minalanmış və müharibənin bitməsinə baxmayaraq, bu gün Azərbaycan minaların partlaması nəticəsində mülki vətəndaşlarının ölümündən əziyyət çəkir. 2 Natiq Azərbaycan vətəndaşlarının rəşadətli ordumuza olan xüsusi münasibətini qeyd etmişdir. Vətənin azadlığı uğrunda həyatlarını itirmiş şəhidlərimizin, Azərbaycan oğullarının xatirəsini yad edərək, xalqımızın öz qəhrəmanlarını heç vaxt unutmayacağını vurğulayıb.

44 günlük müharibədə Qələbənin dünya azərbaycanlıları üçün fəxr olduğunu söyləyib. Daha sonra Səfir sözü hərbi attaşe, polkovnik Kənan Təhməzova verib. O, Azərbaycan ordusunun yaranma tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin qeyd etmişdir ki, ölkəmizin silahlı qüvvələrinin yenidən təşkili və gücləndirilməsi prosesi xalqımızın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sahəsində başlayıb.

Kənan Təhməzov şəxsi heyətin, habelə zabit və generalların döyüş ruhunu, peşəkarlığını, vətənpərvərliyini, intizamlılığını və hərbi hazırlığının yüksək səviyyəsini qeyd edərək, ordumuzun Azərbaycan dövlətinin qurulmasında əhəmiyyətli rolunu vurğulayıb. O bildirib ki, rəşadətli Azərbaycan ordusunun tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, siyasi uzaqgörənliyinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsidir. Son illər ərzində ordu quruculuğu prosesi keyfiyyətcə yeni inkişaf mərhələsinə keçmişdir. Hərbi qulluqçuların peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi, o cümlədən silahlı qüvvələrin ən müasir silah və texnika ilə təchiz edilməsi istiqamətində ardıcıl addımlar atılıb.

Bu düşünülmüş siyasət nəticəsində silahlı qüvvələrimiz regionun ən qüdrətli ordusuna çevrilmiş, dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Kənan Təhməzov bildirib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə qət edilmiş döyüş yolunun zirvəsidir və bu qələbənin Azərbaycan xalqının çoxəsrlik tarixində analoqu yoxdur.

O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı şanlı qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış və bu gün Azərbaycan xalqı Silahlı Qüvvələri Gününü qalib xalq kimi qeyd edir. 3 Hərbi attaşe nitqini Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirib. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün milli mətbəximizin ləziz təamlarından ibarət furşet təşkil olunub.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …