Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvan büdcəsi və yaxud təcrübəsi çox şeylər diqtə edir…

Ölkənin inkişafına dair əsas göstəricilərdən biri regionların – yerli şəhər və rayonların mərkəzdən, başqa sözlə desəm, dövlət büdcəsindən nə dərəcədə asılı olması məsələsidir. 

Doğrudur, dövlətin əsas maliyyə sənədi olan dövlət büdcəsinə dair müzakirələr çoxdan arxada qaldığından və Yeni ilə – 2020-ci ilə qədəm qoyduğumuz bir vaxtda bu məsələyə toxunmaq əhəmiyyətsiz görünə bilər. Ancaq belə deyil. Yerli rayon və şəhərlərin mərkəzdən asılılığının azaldılmasına bütün il boyu diqqət yetirmək lazımdır. Və bu həmişə aktual məsələdir. 

Xatırladım ki, dövlət başçımız İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən, son illərdə adı çəkilən bölgədə böyük inkişaf əldə olunduğu və istər sosial, istərsə də iqtisadi sahədə, xüsusən də sənaye potensialının möhkəmlənməsi istiqamətində uğurlu addımlar atıldığını vurğuladı.

Bununla yanaşı, dövlət başçısı Naxçıvan büdcəsinin cəmi təqribən 1/5-dən bir az çox hissəsinin yerli gəlirlər hesabına formalaşdığını nəzərə çatdırmaqla, növbəti illərdə yerli gəlirləri artırmaq lazım gəldiyini də bildirdi. Yəni bu sahədə müvafiq işlər aparmaqla faiz nisbətini yüksəltmək… 

“Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin”, – deyə dövlət başçısı qeyd etdi. Sözüm bunda deyil. Amma çoxdan təsdiq edilən Naxçıvanın 2020-ci ilə dair dövlət büdcəsini nəzərdən keçirdikdə belə qənaətə gəlirsən ki, adıçəkilən regionu girişdə qeyd etdiyim prizma baxımından, əslində, bir örnək və müəyyən göstəricilərdə nümunə saymaq da mümkündür.

Sual oluna bilər ki, məsələn, nədə? Yeri gəlmişkən, ötən şərhimdə də yazdım ki, Naxçıvan Azərbaycanın region və bölgələri sırasında mərkəzdən asılılıqdan qurtulmaq yolunda bayraqdar olmaq iqtidarındadır. Və bu sahədə ən böyük şansa sahibdir. Çünki böyük potensialı var. Ancaq eyni zamanda, coğrafi baxımdan əlverişsiz mövqedə, ölkənin ərazisindən təcrid olunmuş və üç tərəfdən düşmənlə əhatədə yerləşdiyindən Bakıdan asılı vəziyyətdədir. Odur ki, Naxçıvan paytaxtından daha çox ummaq ixtiyarındadır. Amma… 

Naxçıvanın 2020-ci il dövlət büdcəsinə diqqət yetirək. Əvvəla, bütövlükdə Azərbaycanın dövlət büdcəsi ildən-ilə artdığı kimi, onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da büdcəsi artır.

2019-cu ildə Naxçıvan büdcə gəlirləri təqribən 383 milyon manat təşkil edirdi ki, bunun da cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşaraq, qalan 300 milyonu Bakıdan dotasiya idi. Yəni, büdcənin təxminən cəmi 22%-i yerli gəlirlər hesabına formalaşırdı.

Muxtar Respublikanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 73 400 000,0 manat, xərcləri 355 300 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya məbləği isə 281 900 000,0 manat təşkil edirdi. Bu, nəyi göstərir?

Naxçıvan ölkəmizin mühüm regionu olaraq geridə qalmır, inkişaf edir, yerli gəlirləri durmadan artırır. Muxtar Respublikanın 2020-ci il dövlət büdcəsinin gəlirləri isə 113 200 000,0 manat, xərcləri 482 090 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 368 890 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 74 296 800,0 manat, yerli gəlirləri 38 903 200,0 manat, mərkəzləşdirilmiş xərcləri 440 636 900,0 manat, yerli xərcləri 41 453 100,0 manat) məbləğində təsdiq edilib.

Başqa sözlə desəm, ümumən ölkənin 2020-ci il üçün icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 482,1 milyon manat həcmində təşkil edilib ki, bu da yola saldığımız 2019-cu illə müqayisədə 98,4 milyon manat və ya 25,6 % çox deməkdir.

Bunun 387,9 milyon manatı ölkənin dövlət büdcəsindən dotasiyadır. Göründüyü kimi büdcə artıb və bu zaman düzdür, dotasiya da yüksəlib, amma yerli gəlirlər də genişlənib. Belə ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri qeyd etdiyim kimi 73,4 manata bərabər idisə, 2019-cu ildə bu rəqəm 83 milyon manat, 2020-də isə 94,2 milyon manat təşkil edir. 

İkinci məsələ isə ondan ibarətdir ki, Naxçıvanın dövlət büdcəsinin strukturu da ölkə büdcəsi ilə müqayisədə daha keyfiyyətli xarakter daşıyır. Söhbət, mədaxil üzrə mənbələrin pay səviyyəsindən gedir. Məsələn, Naxçıvan dövlət büdcəsi gəlirlərində ümumən vergilərin payı 18%-ə yaxın təşkil edir ki, ölkə üzrə büdcədə isə bu rəqəm 32,6 %-ə bərabərdir… 

Diqqət edin: ölkə üzrə müqayisədə 50%-dən yuxarı…. 

Müvafiq olaraq, Gömrük Komitəsi üzrə isə 5,1%… 

Bu göstərici isə ümumən, ölkə üzrə 16,6 % təşkil edir. Və yaxud da, büdcədən kənar gəlirləri götürək: bu da az qala 1% təşkil edir, ölkə üzrə isə 3,8%… Lakin diqqəti ən çox çəkən hansı cəhətdir, onu qeyd edim: Naxçıvanın dövlət büdcəsi gəlirlərində dotasiya 76,5% təşkil edir ki, ümumən Azərbaycan üzrə isə Neft Fondundan transfert 50%-ə yaxındır. Yəni, demək istədiyim budur ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Neft Fondu yoxdur, adıçəkilən bölgənin bunun əvəzində dotasiya mənbəyi rolunda Azərbaycanın dövlət büdcəsi çıxış edir. Və bu çox ciddi faktordur və nəzərə almamaq mümkün deyil. 

Bundan əlavə, Muxtar Respublikada yerli xərclərini tam ödəyə bilməyən rayonların sayı cəmi ikidir, Şahbuz və Sədərək… 

Ölkə üzrə isə son üç ilədək, yəni 2017-ci ilədək şəhər və rayonlarımızdan cəmi altısı xərclərini ödəyə bilirdi, digərləri dotasiya hesabına yaşayırdı. 2017-ci ildən 33 rayon özünü yerli gəlirlə maliyyələşdirməyə keçdi ki, 2020-ci ildənsə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının, dotasiyanın yerli xərclərin tərkibində çəkisi 6,2% təşkil edir. Bu da əvvəlki illə müqayisədə 6,1%-bənd az deməkdir. 

Sözün qısası, 2020-ci ildən sayca 39 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək ki, 25 inzibati vahid isə xərclərini ödəyə bilməməkdə davam edir. Yeri gəlmişkən, ölkə üzrə yerli büdcələri maliyyələşdirmək məqsədilə 1 rayona ayrılan yardımın göstəricisi 2 milyon 90 min manatdırsa, Naxçıvanda bu rəqəm 61% aşağı təşkil edir. 

Yuxarıda ölkə və Muxtar Respublika üzrə büdcələrdə dotasiya və ya transfert məbləğlərini misal gətirdim: çünki bu özü bir yardım növüdür. Məsələ bundadır ki, sözügedən rəqəmlər üzrə də adambaşına düşən hissə Naxçıvanda 36% aşağı həddə təşkil edir.

Sözün qısası, Naxçıvan büdcəsi bütövlükdə Azərbaycanın dövlət büdcəsi dotasiyadan asılı olduğu qədər deyil, əslində, bundan daha çox az səviyyədə asılı vəziyyətdədir. Bu, çox diqqətəlayiq haldır. 

Bəli, Prezident İlham Əliyev demişkən, Naxçıvanın uğurlu, təhlükəsiz inkişafı üçün nə lazımdırsa, ölkənin dövlət büdcəsindən bu, həmişə icra edilib və daima icra ediləcək də… 

Sözüm bunda deyil. Ancaq Naxçıvanın büdcə gəlirlərinin hər il artması Muxtar Respublikanın məhz inkişafda olduğunu göstərir. Naxçıvanda enerji resursları yoxdur. Və odur ki, bu, bilavasitə qeyri-xammal və emal sektorunun inkişafı deməkdir.

Hansı ki, bu vəzifə bütün ölkədə prioritet seçilib. Ötən şərhimdə də qeyd etdim ki, Naxçıvanda ixrac qabiliyyətli çoxlu çeşiddə istehlak məhsulları istehsal olunur. Bu, bütövlükdə ölkəmizin ümumi ixrac potensialına da töhfə deməkdir. 

Ümumiyyətlə, yerli istehsalın ixrac imkanına sahib olması büdcəni daha çox daxili mənbələr hesabına təmin etməyə imkan yaradır. Odur ki, Muxtar Respublikada müxtəlif tip yerli istehsal sahələrinin və emal müəssisələrinin yaranmasına xüsusi diqqət yetirilir. Bunların əksəriyyətinin daxili sərvətlər və xammal hesabına fəaliyyət göstərməsinə üstünlük verilir.

Bütün bu qeyd olunanlar baxımından da, hesab edirəm ki, Azərbaycanımızın digər regionlarının rəhbərlərinin, rayon və şəhər icra hakimiyyəti başçılarının, ümumiyyətlə, bölgələrin inkişafına cavabdeh olan şəxslərin Naxçıvan rəhbərliyinin atdığı addımlarla yaxından tanış ola bilmələri üçün ayrı-ayrılıqda məhz Muxtar Respublikaya səfər etmələri məqsəduyğun olardı. Çünki Naxçıvan təcrübəsi bölgələri necə inkişaf etdirmək sarıdan əyani olaraq həqiqətən də çox şeylər diqtə edir. 

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …