Türkiyənin “Özgün İnşaat” və “İhlas Holding” şirkətləri Naxçıvan Muxtar Respublikasında rezident kimi qeydiyyata alınıb.
Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov bildirib.
“Bu gün əsas məqsəd xarici investorlarla yerli sahibkarları birləşdirmək və Naxçıvana yeni investisiya imkanları yaratmaqdır. Bu gün Çin, Türkiyə və Azərbaycan yatırımçılarından ibarət bir qrupla Naxçıvandayıq. Qrupun əsas məqsədi yaşıl enerji, alternativ enerji mənbələrinə investisiyalar qoyuluşu, kənd təsərrüfatı, İT texnologiyalar və sənaye müəssisələrinin qurulmasında aktiv iştirak etməkdir”, – deyə o qeyd edib.
Sədrin sözlərinə görə, səfərdə təmsil olunan müəssisələr dünya səviyyəsində tanınan şirkətlər, holdinqlər və qruplardır: “Burada Naxçıvan sahibkarları ilə birgə iş ortaqlığı modeli əsasında şirkətlərin təsis edilməsi əsas məqsədlərimizdəndir. Artıq iki şirkətin – “Özgün İnşaat” və “İhlas Holding” Naxçıvanda rezident kimi qeydiyyata alınaraq fəaliyyətə başlamasına qərar vermişik”
O qeyd edib ki, martda kənd təsərrüfatı müəssisələrindən ibarət Yaponiya və Türkiyə şirkətləri ilə birgə Naxçıvan səfəri planlaşdırılır: “Bundan başqa, aprel ayında Azərbaycanda Turan İqtisadi Forumu təşkil etməyi planlaşdırırıq. Burada da xarici və yerli şirkətlərin birgə iştirakı olacaq”.