İnsan haqları təşkilatlarının tənqid etdiyi Azərbaycandan gözləntilər
Son 1 ildə Azərbaycanda müxtəlif siyasi tənqidlərə səbəb olacaq hadisələr yaşanır.
Əsasən ölkə rəhbərliyinin, ayrı-ayrı məmurların biznes layihələrini araşdıran “Abzas Media”nın əksər əməkdaşları həbs olunub.
İlham Əliyevin prezidentlik postunu növbəti dəfə təsdiqləyən seçkilərdən sonra müstəqil medialara hücumlar artıb, “Toplum TV” və “Meclis.info” media resurslarının əməkdaşları həbs olunub. Həbs olunanların siyahısı hüquq müdafiəçisi Anar Məmmədli, iqtisadçı Fərid Mehralızadə ilə genişləndirilib. Bir çox jurnalist və fəala ölkədən çıxış qadağası qoyulub.
Hazırda isə Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Tərəflər Konfransı (COP29) ərəfəsində parlament seçkilərinə hazırlaşır.
“COP 29” və ondan gözləntilər: Azərbaycan hakimiyyəti siyasi yumşalmaya gedə bilərmi?
Azərbaycanda vətəndaş cəmiyyəti və müxtəlif fəallar düşünür ki, insan hüquqları ilə bağlı vəziyyətin get-gedə mürəkkəbləşdiyi dövrdə Azərbaycan hökuməti təzyiqləri artırır.
Almaniyada mühacirətdə olan bir qrup fəal “COP 29” kimi böyük konfransa ev sahibi ölkənin müstəqil mediaya, hüquq müdafiəçiləri və fəallara qarşı rəftarını beynəlxalq arenanın diqqətinə çatdırmaq üçün aksiya edib.
Yerli hüquq müdafiəçiləri deyir ki, hazırda Azərbaycanda 300 şəxs siyasi səbəblərə görə həbsdədir.
“COP 29”-a Azərbaycanın ev sahibliyi etməsinə etiraz edənlərdən biri də “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovadır.
O, 2023-cü ildə Gədəbəydə baş verən Söyüdlü hadisələrindən sonra Azərbaycanın iqlimlə bağlı konfransa ev sahibliyi etməsinə etiraz edib.
Son 12 ayda siyasi motivlərlə həbs edildiyini deyən Tofiq Yaqublu da Bakıda keçiriləcək “COP 29” iqlim sammitini boykot etməyə çağıran şüar qaldırıb.
Sosial şəbəkələrdə də ictimai fəallar arasında narazılıqlar var. Məsələn, gender faəlı Gülnara Mehdiyeva hökumətin qarşıdan gələn “COP 29”-a görə ağzı söz, əli qələm tutan hər kəsi zərərsizləşdirməyə çalışdığını yazıb.
Siyasi Menecment Institutunun rəhbəri Azər Qasımlı Meydan TV-yə deyib ki, necə ki diktatorlar həmişə bir-birinə dəstək olur, gərək demokratlar da demokratiyalara dəstək versinlər.
Azər Qasımlı düşünür ki, belə konfransları keçirib siyasi ağırlığı olan adamları Bakıda qarşılamaq İlham Əliyev üçün maraqlı olsa da? öz hakimiyyəti daha çox maraqlıdır. Ona görə də, məsələn, Fransa Prezidenti Makron Bakıya gəlsin deyə siyasi xəttini, geopolitik qərarını dəyişən deyil və o Rusiyanın yanındadır.
“Azərbaycanda siyasi həbslər həmişə olub. Bu siyasi həbslər diplomatik alver siyasətinə çevrilib. Hökumət Qərbə yaxın hesab etdiyi adamları həbs edərək, hansısa xırda məsələri həll etmək qarşılığında azadlığa buraxırdı. Prezident seçkisindən əvvəl də, seçki kampaniyası vaxtı da, sonra da həbslər olduğunu gördük. “COP 29” ərəfəsində həbslər davam edir”,– Azər Qasımlı deyib.
COP-un polemika yaradan iddialarla dolu yaxın tarixi
“COP 27” Misirdə, “COP 28” isə Birləşmiş Ərəb Əmirliyində keçirilib.
İnsan hüquqları ilə bağlı tənqidlər BƏƏ-də keçiriləcək konfrans ərəfəsində də yayğın olub. Məsələn, insan hüquqları ilə bağlı hər il hesabat yayan “Human Rights Watch” təşkilatı BƏƏ-nin konfransdan istifadə etdiyini açıqlayıb. Hesabatda deyilir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2023-cü ildə “COP 28”-ə ev sahibliyi etməklə öz imicini cilalamağa çalışıb, lakin qalıq yanacağın genişlənməsini təşviq edib və fərqli fikirlərə qarşı sıfır dözümlülük siyasəti həyata keçirib. BƏƏ dinc müxalifətə təzyiq göstərib və insan haqları müdafiəçilərini haqsız yerə həbs etməklə iqlim danışıqlarına kölgə salıb.
BƏƏ haqqında tənqidlər təkcə insan hüquqları ilə bağlı olmayıb.
Ərəb Əmirliklərinin ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında BƏƏ-nin bu fürsətdən istifadə edərək yeni neft və qaz sazişləri bağlamağı planlaşdırdığı açıqlanıb. BBC-nin əldə etdiyi sənədlərə görə, BƏƏ-nin 15 ölkə ilə qalıq yanacaq müqavilələrini müzakirə etməyi planlaşdırdığı anlaşılıb.
Bənzər hadisələr “COP 27”-nin keçirildiyi Misirdə də yaşanıb. Misir hökuməti konfrans ərəfəsində vətəndaş cəmiyyəti fəallarının sivil etirazlarını dağıdıb. Həmçinin beynəlxalq təşkilatlar Misiri BƏƏ və Azərbaycan kimi demokratik olmayan ölkə kimi tanıyır.
“COP 29” ərəfəsində parlament seçkiləri şəffaflığa nə qədər ümid yaradır?
Azərbaycan müxalifəti 2024-cü ildə baş tutan prezident seçkilərini tamamilə boykot edib. 2020-ci ildə baş tutan parlament seçkilərinə isə müxalifət fəal hazırlaşdı, 2 blokda seçkiyə namizədlik irəli sürüldü, hətta müstəqil namizədlər də vardı. Bir çox məntəqə və dairələrdə müstəqil müşahidəçilər, jurnalistlər seçkinin saxtalaşdırıldığını üzə çıxardı.
Seçkini qazandığını iddia edən Bəxtiyar Hacıyev həmin dövrdən etibarən sərt tənqidlərə davam etdi və hazırda həbsdədir. Namizədlərin etiraz aksiyası da polis zorakılığı ilə dağıdıldı.
Həmin dövrdə seçkiləri boykot edən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) budəfəki seçkilərdə iştirakı barədə hələlik açıqlama yaymayıb. Lakin partiyanın sədr müavini Seymur Həzi MeydanTV-yə deyib ki, “COP 29” ərəfəsində keçiriləcək parlament seçkilərindən nə şəffaflıq gözləyir, nə də hansısa yumşalmaya gediləcəyini düşünür.
““COP 29”-un keçiriləcəyi ildə həm də prezident seçkisi oldu. Bu ərəfədə də, seçki kampaniyası dövründə də, seçkidən sonra da hökumət demokratik addımlar atmadı, hansısa yumşalmaya getmədi, əksinə müstəqil mediaya və fəallara qarşı amansız davranışlar sərgilədi. Belə mühitdə parlament seçkilərindən müsbət nələrsə gözləmirəm”,- Seymur Həzi Meydan TV-tə danışıb.
2020-ci il parlament seçkilərində iştirak edən Azər Qasımlı da hansısa müsbət dəyişikliyin olacağı qənaətində deyil.
“Azərbaycanda nə parlamet var, nə millət vəkili, nə də şəffaf seçki. Necə ki Sovetlər dövründə Ali Sovet var idi, indi Azərbaycan Parlementi məhz o səviyyədədir”, – Qasımlı bildirib.
2020-ci ildə bir yerlə parlamentdə təmsil olunan Real Partiyası növbəti seçkilərə hazırlaşır və daha ümidlidir. Partiya 2024-cü ilin əvvəli keçirilən prezident seçkisində iştirak etməyib. Partiya rəhbəri İlqar Məmmədov özünün və bir neçə üzvünün millət vəkilliyinə namizəd olacağını açıqlayıb. Onlar müşahidəçi sayını artıraraq, seçkini qazanmağa çalışacaqlarını sosial media hesablarından bildirib. 4 il əvvəlki seçkilərdə isə partiyadan yalnız Erkin Qədirli mandat qazanıb. Deputat müsahibələrinin birində seçkilərin tam şəffaf keçirilmədiyini etiraf edib.