Cümə axşamı , 23 Yanvar 2025
Drone Cameras

AŞPA-ya müraciət: Azərbaycanın qurumda səlahiyyətləri dayandırılsın

Müraciət müəllifləri hesab edirlər ki, Bakı insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir

On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.

Müraciət müəllifləri hesab edirlər ki, Bakı daim beynəlxalq mexanizmlərlə əməkdaşlığın olmamasını nümayiş etdirir və insan hüquqlarının sistemli şəkildə pozulmasını həll etmir.

“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq”, – müraciətdə deyilir.

Həmçinin qeyd olunur ki, son ildə Azərbaycan Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi ilə əməkdaşlıqdan imtina edib.

2023-cü ilin noyabrından və COP29-dan sonra 2024-cü ilin noyabrında Azərbaycan hakimiyyəti uydurma ittihamlar üzrə siyasi motivli həbslərlə vətəndaş cəmiyyətini, jurnalistləri və fəalları təqib edərək özgə fikirlilərə qarşı repressiyaları artırıb.

Müraciətdə Afiəddin Məmmədov, Bəxtiyar Hacıyev, Rail Abbasov, İlhamiz Quliyev, Azər Qasımlı, Rüfət Səfərov, Anar Məmmədli, İqbal Abilov, Bəhruz Səmədov, Qubad İbadoğlu, Tofiq Yaqublu və Akif Qurbanov, “AbzasMedia”, “Toplum TV”, MeydanTV,  “Kanal13” və digər işlər üzrə həbs edilən jurnalistlərə və fəallara qarşı cinayət işləri yada salınır.

Həmçinin jurnalistlərə və fəallara səfərə qadağalarının tətbiqi praktikasını qeyd olunub.

Müraciətin sonunda deyilir ki, Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün saxlanılan vətəndaş fəallarının, jurnalistlərin və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi vacibdir.

Avropa Məhkəməsinin siyasi motivli həbslər barədə qərarlarının tam yerinə yetirilməsinin zəruriliyindən də danışılır.

Azərbaycan Avropa Şurası Parlament Assambleyası və İşgəncələrin Qarşısının Alınması Komitənin məruzəçiləri ilə əməkdaşlığı bərpa etməlidir, onların həbs yerlərinə çıxışını təmin etməlidir.

Bundan əlavə, Azərbaycan qeyri-hökumət təşkilatları haqqında məhdudlaşdırıcı qanunvericiliyi ləğv etməli və vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinə şərait yaratmalıdır.

Petisiyanı Azərbaycanda repressiyalara son qoyulması üzrə Kampaniya, Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) imzalayıb.

Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?

Ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Check Also

Estoniya parlamenti Gürcüstan hökumətini və parlamentini tanımaqdan imtina edib

59 deputat bəyanatın lehinə, 9 deputat əleyhinə səs verib Estoniya parlamentinin Gürcüstan hökumətini və parlamentini …