ABŞ və Ukraynanın Avropadakı müttəfiqləri Rusiya ilə mümkün sülh razılaşmasının icrasını təmin edəcək ciddi və etibarlı təhlükəsizlik zəmanətləri planı hazırlayıblar.
Boyukmillet.com xəbər verir ki, “Bloomberg” agentliyi sənədlə tanış olan rəsmi mənbələrə istinadən yazır ki, plan müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyinin qorunmasına yönəlib.
Məlumata görə, 800 min nəfərlik Ukrayna Silahlı Qüvvələri müttəfiqlərin dəstəyi ilə müharibədən sonra əsas çəkindirmə xətti rolunu oynayacaq. Bu qüvvə mümkün təhdidlərin qarşısının alınmasında əsas mexanizm kimi nəzərdə tutulur.
Bildirilir ki, ABŞ Kiyevə kəşfiyyat məlumatları təqdim etməyə davam edəcək və sülh razılaşmasının pozulmasına yönələn istənilən cəhdi yaxından izləyəcək.
Avropa müttəfiqlərinin silahlı qüvvələrinin isə cəbhə xəttindən uzaq ərazilərdə yerləşdirilməsi planlaşdırılır. Mənbələr bunu “etimadın möhkəmləndirilməsi” məqsədi ilə izah ediblər. Eyni zamanda qeyd olunur ki, döyüş əməliyyatları yenidən başlasa, Avropa ölkələri əvvəlcə sürətli diplomatik və qarşısının alınması tədbirlərinə əl atacaq. Əgər bu səylər nəticə verməzsə, Aİ ABŞ-ın imkanları ilə dəstəklənən hərbi yardım göstərəcək.
Agentlik vurğulayır ki, Rusiya Prezidenti Vladimir Putinin bu cür təhlükəsizlik zəmanətlərini qəbul edib-etməyəcəyi hələlik məlum deyil. Çünki o, dəfələrlə NATO üzvü olan ölkələrin qoşunlarının Ukraynada yerləşdirilməsinə qarşı çıxdığını açıq şəkildə bəyan edib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
