İranda hökumət əleyhinə etiraz aksiyaları cümə axşamı gecəsi kəskin şəkildə genişləndikdən sonra hakimiyyət təhlükəsizlik qüvvələrinə açıq atəş əmri verib. Paytaxt Tehranda çalışan bir həkimin anonimlik şərti ilə TIME nəşrinə verdiyi məlumata görə, təkcə paytaxtdakı altı xəstəxanada azı 217 etirazçının ölümü qeydə alınıb. Ölənlərin əksəriyyətinin canlı güllə ilə vurulduğu bildirilir.
Bu məlumatlar təsdiqlənsə, İran hakimiyyətinin son illərdə etirazlara qarşı həyata keçirdiyi ən qanlı repressiyalardan biri baş vermiş olacaq. Hadisələr fonunda rejim ölkə üzrə internet və telefon rabitəsini demək olar ki, tamamilə kəsib ki, bu da zorakılığın miqyasını gizlətmək cəhdi kimi qiymətləndirilir.
Etirazlar ölkənin bütün 31 əyalətini əhatə edir. Aksiyalar əvvəlcə iqtisadi böhrana, inflyasiyaya və yoxsulluğa qarşı başlasa da, qısa müddətdə 1979-cu ildən bəri hakimiyyətdə olan avtoritar İslam rejiminin devrilməsi tələbinə çevrilib. Nümayişçilər “Azadlıq” və “Diktatora ölüm” şüarları səsləndiriblər.
Həkimin sözlərinə görə, cümə günü təhlükəsizlik qüvvələri xəstəxanalardan meyitləri çıxarıb. Ölənlərin əksəriyyəti gənclərdir. Şimali Tehranda bir polis məntəqəsinin qarşısında təhlükəsizlik qüvvələrinin etirazçılara avtomat silahlardan atəş açması nəticəsində bir neçə nəfər yerindəcə öldürülüb. Fəallar həmin insident zamanı ən azı 30 nəfərin güllələndiyini bildirirlər.
İnsan haqları təşkilatları isə daha aşağı, lakin yenə də ağır rəqəmlər açıqlayır. Vaşinqtonda yerləşən Human Rights Activist News Agency yalnız şəxsiyyəti müəyyən edilən qurbanları hesablamaqla etirazlar başlayandan bəri azı 63 nəfərin, o cümlədən 49 mülki şəxsin öldüyünü bildirir. Müstəqil jurnalistlər və media qurumları isə məlumatları yoxlamaqda çətinlik çəkir, çünki ölkə faktiki informasiya blokadasına alınıb.
Ölüm xəbərləri ilə paralel olaraq İran rəsmiləri açıq hədələr səsləndiriblər. Ali dini lider Ayətullah Əli Xamenei çıxışında rejimin “geri çəkilməyəcəyini” bildirib. Tehran prokurorluğu etirazçıları ölüm cəzası ilə hədələyib. Dövlət televiziyasında çıxış edən İnqilabı Keşikçilər Korpusunun rəsmisi isə valideynlərə xəbərdarlıq edərək deyib: “Əgər övladlarınıza güllə dəyərsə, şikayət etməyin.”
Təhlükəsizlik qüvvələrinin daxilində də vəziyyətin gərgin olduğu bildirilir. İranın şimal-qərbində xidmət edən bir çevik polis əməkdaşı TIME-a bildirib ki, polis daxilində ciddi çaşqınlıq var və bir çoxları sərt repressiyanın vəziyyəti daha da gərginləşdirəcəyindən qorxur. “Əgər canlı atəş əmri versələr və mən imtina etsəm, məni öldürəcəklər”, – deyə o bildirib.
Analitiklər hesab edirlər ki, etirazların bazar tacirləri və işçi sinfi tərəfindən başlaması rejim üçün vəziyyəti daha da təhlükəli edir. İqtisadi sanksiyalar, çökmüş milli valyuta, su qıtlığı və enerji böhranı fonunda İran hakimiyyəti varlıq savaşı apardığını gizlətmir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
