Ukrayna və NATO hava hücumundan müdafiənin (HHM) gücləndirilməsinə yönəlmiş PURL təşəbbüsü üzrə yenilənmələr hazırlayır.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığının yekunları üzrə “X” sosial şəbəkəsində yazıb.
“Biz NATO-nun Baş katibi Mark Rütte ilə hava məkanımızın qorunması, bizə “Patriot” sistemləri üçün raketlər almağa imkan verən PURL təşəbbüsü, eləcə də hazırda bütün dünyanın üzləşdiyi əsas təhlükəsizlik problemləri barədə danışdıq”, – o yazıb.
Zelenskinin sözlərinə görə, tərəflər koordinasiyalı səylərin və qarşılıqlı dəstəyin vacibliyini təsdiqləyiblər.
“Hava hücumundan müdafiənin gücləndirilməsi bizim əsas prioritetimizdir və insanların həyatı qorunmalıdır. Biz PURL təşəbbüsü üzrə yenilənmələr hazırlayırıq. Kömək edən hər kəsə təşəkkür edirəm!”, – o vurğulayıb.
PURL (Prioritized Ukraine Requirements List) – ABŞ istehsalı olan tədarüklərin məqsədyönlü şəkildə maliyyələşdirilməsi vasitəsilə Ukraynanı kritik vacib silahlarla təmin etməyə imkan verən ABŞ və NATO təşəbbüsüdür.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
