Suriyanın İdlib şəhəri ətrafında baş verənlər Ankara və Dəməşq arasında savaşı daha sürətlə yaxınlaşdırmaqda davam edir. Tərəflərin burada böyük hərbi qüvvə cəmləşdirməkdə davam etməsi, böyük güclərin prosesə pərdə araxasından müdaxiləsi vəziyyəti daha da gərginləşdirir. Yaranmış durumda BMT XXI əsrin ən böyük humanitar faciəsinin qarşısını almaq üçün Suriyanın şimal-qərbində atəşi təcili dayandırmağa çağırır.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib ki, güclü təsirə malik Təhlükəsizlik Şurasının üzvləri fərdi maraqların öhdəsindən gəlsələr və humanizmi başlıca prinsip seçsələr, XXI əsrin ən böyük humanitar faciəsindən qaçmaq mümkün olacaq. Mark Loukokun sözlərinə görə, regionda güc tətbiqi yeni və dəhşətli səviyyəyə çatıb. O əlavə edib ki, Rusiya və İran tərəfindən dəstəklənən Suriya rejiminin dekabrda başlayan hücum əməliyyatı təxminən 900 min insanın öz yerini dəyişməsinə gətirib çıxarıb. Amma BMT-nin çağrışına baxmayaraq, Suriyada vəziyyət gərginləşməkdə davam edir. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri və Bəşər Əsəd rejimi ilə dəstəkçiləri arasında yaşanan qarşıdurmalar yeni qanlı savaşı da istisna etmir.
Əsəd rejiminin İdlibdəki irəliləyişi Türkiyə və Rusiya arasında gərginliyi artırıb. Bölgədə gərginliyi azaltmaq və İdlib probleminə həll yolu tapmaq üçün Ankara-Moskva xəttində intensiv görüşlər keçirilir. Bu çərçivədə Rusiyadan bir heyət ötən həftə Ankaraya səfər həyata keçirmişdi. Ardınca Türkiyədən hərbi və diplomatik nümayəndələrdən ibarət heyət Moskvaya gedib. Qeyd edək ki, Ankara toplantısında İdliblə bağlı hər hansı nəticə əldə olunmamışdı. Diplomatiyadan son şanslarına qədər istifadə edən rəsmi Ankara Rusiya ilə görüşlərdən yekun nəticə əldə edə bilməsə, hərbi varianta üz tutacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransında bu xüsusda bildirib:“Diplomatiya olmasa, lazımi addımlar atılacaq. Rejim müşahidə məntəqələrindəki əsgərlərimizi hədəfə alır. Buna icazə verməyimiz mümkün deyil”.
Son məlumatlara görə isə, Rusiyanın havadan raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri ölkənin Hələb vilayətində xeyli irəli gedib, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar. Bəşər Əsədin devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə isə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq. Türkiyənin dəstəklədiyi üsyançılar isə hökumət qüvvələrinin ələ keçirdiyi əraziləri geri qaytarmaqdan ötrü İdlibdə əməliyyata başlayıblar. Türkiyənin “Anadolu” xəbər agentliyi bildirib ki, hərbçilər, tanklar, hərbi maşın və avadanlıqdan ibarət 100 maşınlıq karvan İdlibə göndərilib. Türkiyə indiyədək İdlibdəki müşahidə postlarının gücləndirilməsinə minlərlə əsgər və yüzlərlə hərbi avadanlıq karvanı yollayıb. Türkiyənin hakimiyyətyönümlü “Yeni Akit” qəzeti Silahlı Qüvvələrdəki mənbələrə istinadən belə bir vaxtda sensasion məlumat yayıb. Burada iddia olunur ki, Suriyanın şimalındakı İdlib vilayətində bu ayın əvvəlində Türkiyə ordusunun hərbi konvoyuna zərbə endirən Əsəd qüvvələri deyil, həmin vaxt region üzərində uçuşlar keçirən Rusiya təyyarəsi olub. Bildirilir ki, hücumun Rusiya təyyarəsi tərəfindən həyata keçirildiyini zirehli texnikanın və onları daşıyan qoşquların güclü zədə alması, eləcə də regionda yerləşdirilmiş radardan alınan məlumatlar da təsdiqləyir. “İndiki konyunkturada hücumu rusların həyata keçirdiyini elan etmək strateji olaraq düzgün olmazdı, ona görə də günahkar olaraq Suriya rejimi elan edilib”. Mənbə iddia edir ki, Türkiyə tərəfi hadisədən sonra Rusiya ilə əlaqə saxlayıb və qərara alınıb ki, məsələ diqqətlə araşdırılsın. Və aparılmış araşdırma hücumun Rusiya təyyərsindən edildiyini təsdiqləyən ciddi faktlar aşkarlanıb. Bu isə Suryiada qarşıdurmanın miqyasının daha geniş xarakter alacağını istisna etmir.
Son məlumatlara əsasən, Suriyada yüz minlərlə dinc sakinin sığındığı İdlib-Hələb xəttində artıq insident şiddətlənib. Belə vəziyyətdə Türkiyə NATO-nun da prosesə müdaxiləsini istəyir. Amma NATO Türkiyənin Suriyanın şimalında keçirə biləcəyi antiterror əməliyyatına dəstək vermək niyyətində deyil. TASS agentliyinə alyans ölkələrindən birinin Brüsseldəki təmsilçisinin verdiyi məlumata görə, NATO-nun Müdafiə nazirlərinin son iclasında Türkiyəyə hərbi dəstək məsələsi qaldırılmayıb. Bu xüsusda danışan hərbi mənbə qeyd edib ki, ittifaq Türkiyənin, lazım gələrsə, Suriya ordusunun İdlibdə qarşı-qarşıya gələ biləcəyindən çox, Dəməşqin müttəfiqləri – İran və Rusiya ilə toqquşmasının potensial risqlərindən narahatdır. Bununla belə, digər hərbi mənbə TASS müxbirinə bildirib ki, NATO Türkiyə ordusunu ittifaq dövlətləri arasında döyüşə ən yaxşı hazırlıqlı qüvvələrdən biri hesab edir. Buna görə də alyansın əlavə dəstəyinə ehtiyac duyacağını güman etmir. Hazırkı şəraitdə də Rusiyanın dəstəyini alan Bəşər Əsəd rejiminin Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsinin rəsmi Moskva ilə Ankara arasındakı münasibətlərə necə təsir göstərəcəyi maraq dairəsindədir. “Vzqlyad” qəzeti ən çox səsləndirilən ehtimalları 4 kateqoriyada toplayıb: Birinci ssenari: Əsəd rejimi İdlibdə dinc sakinlərə qarşı hücumlarını dayandıracaq, böhran hələlik dondurulacaq. İkinci ssenari: Türkiyə Əsəd rejiminə qarşı genişmiqyaslı əməliyyata başlayacaq. Bu durumda Rusiya Türkiyə ilə qətiyyən qarşı-qarşıya gəlməyəcək. Türkiyə ilə insidentə daxil olmaq Rusiyanın maraqlarına uyğun olmaz, əksinə, Rusiya Türkiyə ilə əməkdaşlığının davamında, hətta gücləndirilməsində maraqlıdır. Bu səbəbdən qarşıdurma vəziyyətində rəsmi Moskva Türkiyəyə müharibənin qarşısını ala biləcək təklif də verə bilər. Üçüncü ssenari: Əsəd rejimi İdlibdəki irəliləyişini dayandıracaq. Qismən geri çəkiləcək. Çəkilmədiyi bölgələrə qarşılıq olaraq Rusiya Türkiyəyə PKK terror təşkilatının işğal etdiyi nöqtələri geri verə bilər. Bu proqnozu müdafiə edənlər Rusiyanın PKK mövzusunda ciddi görüşlər keçirdiyini iddia edir. Dördüncü ssenari: Türkiyə, Əsəd rejimi, İran, Rusiya və hətta digər aktorların da daxil olduğu bir ortam yaradıla bilər. Ancaq bu ehtimalı kimsə istəmir, hətta ssenarilər arasında gerçəkləşmə ehtimalı ən aşağı olan variantlar sırasındadır.
Türkiyənin “Habertürk” portalı isə məsələ ilə bağlı yazır:“Prezident Ərdoğan son iki nitqində Dəməşq güclərinin müşahidə məntəqələrinin gerisinə çəkilməsi üçün bu ayın sonunadək vaxt verib. Əks halda, “Bu işi birbaşa Türkiyənin özünün edəcəyini” söyləyib. Müharibə yerinə aşağı intensivlikli münaqişəni seçən Ankara bir tərəfdən radikallara qarşı “zor tətbiq edəcəyini” açıqlayıb, digər tərəfdən də silahlı gücünü meydanda tutaraq, diplomatiya yolu ilə irəliləməyə çalışır”.