Cümə axşamı , 1 Oktyabr 2026
Drone Cameras

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli və mənəvi birliyi, qardaşlıq bağları dayanır. Dünyada müxtəlif dövlətlər arasında münasibətlər zaman-zaman siyasi və iqtisadi maraqların dəyişməsi ilə fərqli istiqamətlər ala bilər. Lakin Türkiyə-Azərbaycan qardaşlığı belə dəyişkən amillərdən asılı deyil və öz möhkəm təməllərinə əsaslanır.

Bu fikirləri mətbuat-a açıqlamasında türk siyasi ekspert, Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin tarixi çoxəsrlik ümumi dəyərlərə söykənir. Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri də bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir.

“Azərbaycan xalqı Türkiyənin Qurtuluş Savaşında qardaş ölkəyə həm maddi, həm də mənəvi dəstək göstərib. Çanaqqala döyüşlərində azərbaycanlı könüllülərin iştirakı, daha sonra Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycana gələrək Bakının azad edilməsində iştirakı xalqlarımız arasındakı qardaşlığın tarixi nümunələrindəndir. Bu münasibətlər heç vaxt yalnız siyasi qərarlardan ibarət olmayıb, insanların qəlbində yaşayıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək də iki ölkə arasındakı sarsılmaz həmrəyliyin növbəti ifadəsi olub. 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı Azərbaycanın göstərdiyi böyük həmrəylik və yardım da eyni qardaşlığın nümunəsi idi. Azərbaycan xalqı Türkiyənin yaşadığı faciəni öz faciəsi kimi qəbul etdi və ilk gündən qardaş ölkənin yanında oldu. Bu, dövlətlərarası münasibətlərdən daha böyük, xalqlarımızın bir-birinə olan bağlılığının göstəricisidir”, – deyə Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri bildirib.

Bilal Dündar Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlığın Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Onun sözlərinə görə, sənəd iki ölkə arasında müttəfiqlik münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib.

“Bu gün Türkiyə-Azərbaycan münasibətləri yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Bu qardaşlıq bütün Türk dünyasında əməkdaşlığın və həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əlaqələr də bu baxımdan böyük əhəmiyyət daşıyır”, – deyə o əlavə edib.

Bilal Dündar bildirib ki, müxtəlif dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışan fikirlər və yanaşmalar mövcud olsa da, xalqlarımız arasındakı dərin bağlar belə cəhdlərdən daha güclüdür.

“Şəxslər və siyasi vəzifələr gəlib-keçicidir, dövlətlər isə daimidir. Ölkələrimizdə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan qardaşlığının xalqlarımızın iradəsinə, tarixi bağlarına və qarşılıqlı hörmətə söykənən əsasları dəyişməz olaraq qalır”, – deyə Bilal Dündar vurğulayıb.

O bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

“Biz bir millət, iki dövlətik. Bu ifadə sadəcə siyasi şüar deyil, xalqlarımızın tarixi və mənəvi bağlılığını ifadə edən bir reallıqdır. Türkiyə-Azərbaycan qardaşlığını daha da inkişaf etdirmək, onu gələcək nəsillərə sağlam şəkildə ötürmək hamımızın üzərinə düşən tarixi və mənəvi məsuliyyətdir”, – deyə Bilal Dündar vurğulayıb.

Check Also

Bakı Olimpiya Stadionu və Heydər Əliyev Mərkəzi Çin bayrağının təsviri ilə işıqlandırılacaq

Bakı Olimpiya Stadionu və Heydər Əliyev Mərkəzi bu gün axşam Çinin dövlət bayrağının proyeksiyası ilə …