Birləşmiş Ştatların Dövlət Departamenti ilkin olaraq beynəlxalq miqyasda insan hüquqlarının təşviqi üçün nəzərdə tutulmuş milyonlarla dollar vəsaiti sağçı təşəbbüslərin və mühafizəkar layihələrin maliyyələşdirilməsinə yönəldib.
Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN” telekanalı məsələdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyasının göstərişi ilə ayrılan bu vəsaitlər Cənubi Afrikada afrikanerlərin hüquqlarının müdafiəsinə, “Qərb sivilizasiyası normalarının” qorunmasına və kütləvi miqrasiya fonunda Avropada demokratiyadan geri çəkilmə hallarının sənədləşdirilməsinə xərclənib.
Söhbət “Democracy Fund” (Demokratiya Fondu) çərçivəsində ayrılmış təxminən 177 milyon dollarlıq büdcədən gedir. Mənbə bildirir ki, pullar Senatın Xarici Əlaqələr Komitəsindəki aparıcı demokratların kəskin etirazlarına və bir sıra qrantları bloklamasına baxmayaraq, maliyyə ilinin son günü olan sentyabrın 30-da təcili şəkildə paylanılıb.
Təklif olunan qrantlar arasında Braziliya, CAR, Nigeriya, eləcə də Avropa ölkələri və Böyük Britaniyadakı proqramlar yer alır. Xüsusilə, 5 milyon dolların tədqiqatlar, ictimai debatlar və söz azadlığının, siyasi rəqabətin, milli suverenliyin qorunması siyasətinin islahatı vasitəsilə “Avropada sivilizasiya alyansının” inkişafına yönəldilməsi nəzərdə tutulub.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
