Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək. Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.
Dövlətimizin başçısı bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırıb.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarə rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılmasını, eləcə də əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. İdarənin balansında 952 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Subartezian quyularının 336 ədədi əhalinin içməli su təchizatına və həyətyanı sahələrin suvarılmasına, 616 ədədi isə əkin sahələrinin suvarılmasına xidmət edir. Son 5 ildə rayon ərazisində 183 ədəd, o cümlədən 2019-cu ildə 64 ədəd yeni subartezian quyusu istifadəyə verilib.
Ötən il 35 subartezian quyusunda 385 poqonmetr suqaldırıcı boru, 1155 poqonmetr kabel quraşdırılıb. 770 ədəd subartezian quyusunun nasos aqreqatları təmir edilib, 2070 poqonmetr güc kabelləri, 184 ədəd subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəzlənib. 156 kilometr suvarma kanalları lildən təmizlənib. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə 9253 hektar dənli bitkilər, 2600 hektar texniki bitkilər, 4546 hektar dirrik, tərəvəz və bostan bitkiləri, 13 min 984 hektar yem bitkiləri, 3786 hektar həyətyanı sahələr, 96 hektar çoxilliklər, 715 hektar şəkər çuğunduru, 420 hektar dən üçün qarğıdalı orta hesabla 6 dəfə suvarılıb.
Ağdam rayonunda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün tədbirlər bundan sonra da davam etdiriləcək.