Cənubi Qafqazın iki ölkəsində koronavirusla bağlı eln olunan fövqəladə vəziyyətin müddəti uzadılıb. Əvvəlcə Ermənistanda koronavirus epidemiyası ilə əlaqədar elan olunan fövqəladə vəziyyətin müddəti uzadılıb. Erməni KİV-nin verdiyi məlumata görə, bu qərar hökumətin iclasında qəbul edilib. Qərara əsasən, martın 16-da elan edilmiş fövqəladə vəziyyət mayın 14-dək uzadılıb. Əvvəlki qərara əsasən, ölkədə fövqəladə vəziyyət aprelin 14-də bitməli idi. Bunun ardınca Gürcüstan Prezidenti Salome Zurabisvili də bu kontekstdə sərəncam imzalayıb. Sərəncama əsasən, fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb. Xatırladaq ki, Gürcüstanda martın 21-də fövqəladə vəziyyət elan edilib. 10 gün sonra isə ölkədə komendant saatı tətbiq edilib.
Göründüyü kimi , həm Gürcüstanda, həm də Ermənistanda fövqəladə vəziyyət elan olundu və bunun müddəti uzadıldı. Ancaq Azərbaycan bunsuz ötüşdü və nəticələr hər iki ölkədə qənəatbəxş oldu. Ölkəmiz bu uğura nəyin hesabına nail olub?
“Məhz bu amillərə görə Azərbaycan, fövqəladə vəziyyət elan etmədən belə, digər Cənubi Qafqaz ölkələrindən qənaətbəxş nəticə əldə edə bilir”
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bildirdi ki, Azərbaycan hökumətinin yeni növ koronavirus pandemiyasının yayılması ilə mübarizə tədbirləri uğur modeli kimi digər ölkələrə nümunə göstərilib:“Bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi aprelin 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Sonra bu müddət bir qədər də uzadıldı. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var. Prezident İlham Əliyev öz çıxışında belə həssas bir məqamda dövlətin öz vətəndaşının arxasında olduğunu nümayiş etdirdi. Diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı, demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Məhz bu amillərə görə Azərbaycan, fövqəladə vəziyyət elan etmədən belə, digər Cənubi Qafqaz ölkələrindən qənaətbəxş nəticə əldə edə bilir. Ermənistana gəldikdə isə, Paşinyan bu qərarı həm də siyasi hakimiyyətinin qorunması üçün verib. Məqsəd əhalinin tibbi təhlükəsiziliyini təmin etmək olmayıb”.
Məhəmmədəli QƏRİBLİ