“Prezident İlham Əliyev tərəfindən müxtəlif tədbirlərdə və görüşlərdə mütəmadi olaraq mühüm mesajlar verilir. Bu mesajlar xüsusən həssas dönəmdə, dünyanın pandemiya şəraitində olduğu bir məqamda cəmiyyət və hər bir ölkə vətəndaşı üçün vacibdir. Dövlət başçısının fikirləri ölkə vətəndaşları üçün istinad və inam mənbəyidir.”
Bunu Olaylar.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin yerli jurnalistlərə müsahibəsinə münasibət bildirən QHT.az saytının baş redaktoru, İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
Cəsarət Hüseynzadə bildirir ki, dəfələrlə müşahidə etmişik ki, cənab prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müraciətləri və çıxışları vətəndaşlar arasında ruh yüksəkliyi və inam yaradıb: “Etiraf edək ki, müəyyən mənada qaydalara riayət edilməməsi və bu istiqamətdə bəzi xoşagəlməyən hadisələrlə də bağlı ölkə rəhbərliyinin ciddi tapşırığı və birbaşa nəzarəti sahəsində vəziyyət müsbətə doğru dəyişmişdir. Xüsusən, bəzi məsuliyyətsiz, eyni zamanda imkanlı şəxslərin özlərini fərqli zümrədən hesab edərək, qaydalara riayət etməməsinə qarşı ciddi tədbirlər görülmüşdür.
Ölkə başçısının məşhur bir oteldə baş verən biabırçı hadisəyə münasibəti məhz qeyd etdiyimiz ədalətli yanaşmanın təzahürüdür. Prezidentin həmin məsələyə toxunması, eyni zamanda hər hansı şəxsin səlahiyyətindən istifadə etməklə bu tip addım atmaq arzusunda olanlara ciddi xəbərdarlıqdır. Cənab Prezident bu məsələdə də açıq və aydın formada mövqeyin ortaya qoydu: “Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil – istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir. Biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.””
Azərbaycanın şüurlu seçimi: İnsanların sağlamlığı bütün digər məsələlərdən daha vacibdir
QHT.az saytının baş redaktoru vurğulayır ki, Azərbaycanın dövlət başçısı birmənalı şəkildə, tərəddüdsüz insanların sağlamlığını prioritet və əsas olduğunu elan edib: “Ölkədə mart ayından tətbiq olunan xüsusi karantin rejimi (yumuşaldılmış və sərtləşdirilmiş) dövlətin ehtiyat maliyyə resursları hesabına həyata keçirilir. Dövlətin gəlirlərinin azaldığı şəraitdə, eyni zamanda dövlət tərəfindən pandemiya ilə mübarizəyə külli miqdarda vəsait xərclənir. Həmin xərclərin yaranması məhz pandemiya şəraitindən irəli gəlib. Bu xərclər tibbi sahə ilə yanaşı, sosial- iqtisadi sahələri də əhatə edir. Dövlət karatin rejimini götürməklə bu xərclərdən azad ola bilər. Nəticə etibarı ilə iqtisadi cəhətdən irəli düşən dövlət, ölkə vətəndaşlarının sağlamlığını itirəcək.
Dünya iqtisadiyyatının vahid şəbəkə olduğunu nəzərə alsaq, ölkəmiz də bu iqtisadi şəbəkənin üzvüdür. Və dünyada gedən mənfi təsirlər və pandemiya bizim ölkəmizin də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir.
Buna baxmayaraq dünya ölkələri ilə müqayisədə Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə daha az itki ilə üzləşib. Dövlət dəstəyinin və aparılan iqtisadi siyasətin nəticəsində iqtisadi tənəzzül 1,7 faiz civarında olub.
Sevindirici haldır ki, beş ayın yekunlarına görə, kənd təsərrüfatında (3 faizdən çox artım), qeyri-neft sənayesi sahəsində (16 faiz ) artım müşahidə edilmişdir.”
Xalqın bədbəxtliyi üzərinə öz xoşbəxtliklərini qurmaq istəyən antimilli şura
Cəsarət Hüseynzadə qeyd edir ki, Azərbaycanın əsas gəlirlərinin neft sənayesindən olduğunu və dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, bu mənfi amilin Azərbaycanın valyuta ehtiyatları o qədər də böyük təsirinin olmadığın görərik (cəmi 98 milyon dollar azalma):
“Hesab edirəm ki, iqtisadi və sosial sahədə irəliləmə və geriləmə müxtəlif zaman kəsiyində bütün ölkələrdə ola bilər. Bu hadisələrə müxtəlif obyektiv və subyekti amillər təsir edir. Bütün bu çətinliklərə və ya uğurlara ölkənin bütün siyasi qüvvələri və qrupları milli mövqedən yanaşmalıdır.
Təəssüf ki, ölkəmizə düşmən kəsilən, özünü müxalifət adlandıran bəzi nümayəndələr bu milli mövqedən uzaqdırlar. Həmin şəxslər bir-birini təbrik edərək, neftin qiymətinin 14 dollara düşməsin böyük sevinclə qarsalayıblar. Özünü siyasətçi hesab edən, siyasət meydanında olan şəxslər bu formada ifşa olunduqdan sonra, istefa verərək siyasətdən getməli idilər. Özünü müxalifət adlandıran bu şəxslər xalqın bədbəxtliyi üzərinə öz xoşbəxtlilərin qurmaq istəyirlər.
Fikrimcə, cənab prezident sonuncu açıqlamasında Ermənistana və antimilli şuraya öz mesajını çatdırdı: “Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik.””
Pandemiya şəraitində təxirə salınmayan sosial layihələr və yaxud ötən illərlə müqayisədə daha üstün xidmət
Cəsarət Hüseynzadə pandemiyanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində çalışan dövlətimiz, eyni zamanda bütün sahələrdə pandemiyadan əvvəl üzərinə götürdüyü öhdəlikləri qrafıq üzrə yerinə yetirməkdə olduğunu qeyd edir:
“Cənab prezident dəfələrlə təkrar edib ki, heç bir sosial layihə təxirə salınmayacaq və ixtisar olmayacaq. Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsləri ilə 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirli və genişdir. Ölkəmizdə bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikilməsi və 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Dövlət tərəfindən daima diqqət mərkəzində olan şəhid ailələri üçün də bu il rekord sayda – 1500 mənzil istifadəyə verilməsi planlaşdırılır. Bu il eyni zamanda iyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzilin verilməsi mümkün olacaq.
Ölkə başçısının tapşırığı ilə ünvanlı sosial yardım alanların sayı artırılaraq bu yardım 85 min ailəyə, yaxud 300 mindən çox insana çatdırılır.
İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulmuşdur.
Dövlət tərəfindən bu istiqamətə aparılan yüzlərlə faktlar mövcuddur. Ölkə başçısı aparılan siyasətlə bağlı fikirlərini və bu siyasətin əsasını xüsusilə qeyd etmişdir: “Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur.””
Ay An