Bir neçə dəfə bu məsələni Milli Məclisdə gündəmə gətirmişəm. Düşünürdüm ki, məsələnin operativ həll yolu tapılacaqdır. Lakin hələ də olduqca ləng şəkildə naxçıvanlıların daşınması həyata keçirilir. Blokada şəraitində yaşayan Naxçıvan əhalisinə qarşı bu laqeyd davranışı davam etdirənlər nə düşünürlər? Məsələnin həllini bu dərəcədə mürəkkəbləşdirmənin adı nədir? Pandemiya dövrünün ən çox əziyyətini çəkən naxçıvanlılar oldu. Adamlar hələ də öz doğma yerlərinə tam şəkildə qayıda bilmirlər. Doğrudur, təyyarə uçuşları bərpa olundu, ancaq həftədə bir gün, hər təyyarədə 100 nəfər olmaqla cəmi 4 uçuşun gerçəkləşməsi çox azdır. Belə ki, aya o tərəfli-bu tərəfli 800 nəfər daşınır, ancaq 5 mindən çox insan hələ də uçuş növbəsini gözləyirsə, bunun nəyi həll etmək oldu? Adam var ki, növbəsi iki ay sonrayadır. Dəhşətə bax e… Naxçıvan Azərbaycanın bir bölgəsidir, siz Gədəbəydən, Qazaxdan Bakıya gələn və Bakıdan da oraya gedənlərə hansı qaydanı tətbiq edirsinizsə, onlara da eyni qaydanı tətbiq etməlisiniz. Bir də Bakıda son günlərdə keçirilən yürüş və mitinqlərdə maska taxmayan on minlərlə insan sosial məsafə gözləmədən bir-biri ilə yaxın təmasda oldular, onsuz da virusun yayılması ən adi hala çevrildi, guya Naxçıvana aya min nəfər də əlavə getsə, yaxud oradan gəlsə vəziyyətdə xüsusi dəyişiklik olacaq? Bu əsl bürokratik əngəl yaratmaqdır. Bu təyyarələrin sayını hər dəfə 4 reys olmaqla həftədən ən azı 2 dəfəyə qaldırmaq lazımdır ki, Bakıda aylardır qalmağa məhkum olan naxçıvanlılar evinə dönə bilsinlər. Mən “TƏBİB”-in rəhbəri hörmətli Ramin Bayramlıya və AZAL-ın prezidenti hörmətli Cahangir Əsgərova müraciət edirəm, bütün imkanları bir daha götür-qoy edin, elə insanlar var ki, yaşamağa yeri və pulu yoxdur, körpə uşaqları ilə Bakıda sərgərdan qalıblar. Elələri var ki, Bakı qeydiyyatında olan, lakin Naxçıvanda yaşayan insanlardır, bu cür insanların daşınmasını təmin edin, sonra yenə də sərt karantin qaydalarını tətbiq edərsiniz. Hər gün Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin qarşısında bu insanların izdihamını ürək ağrısı ilə seyr edirik, nümayəndəlik də gecəli-gündüzlü bu insanların növbə ilə yola salınması üçün çalışır. Bu xarici dövlətlə bağlı məsələ olsaydı, yenə də anlamaq mümkün idi, Azərbaycanın bir bölgəsinə gediş-gəlişi bu qədər hədsiz mürəkkəbləşdirmənin ciddi bir səbəbi olduğunu düşünmürəm.
Fazil Mustafa, Millət vəkili