Avropa Birliyinin qarşısında Türk Birliyinin yaranması ehtimalının yalnız xəyal olmadığı indi çoxlarına bəllidir
1987-ci ildə Türkiyəyə ilk səfərimdə “Türkiyə” qəzetində dərc olunmuş bir yazımın başlığı belə idi: “Türkiyə üzünü Doğuya çevirməlidir”. Bu fikir Türkiyənin Avropa Birliyinə girməyə çox ümidli olduğu və bunu yeganə inkişaf yolu saydığı vaxtda səslənsə və “Türkiyə” qəzetinin müxbirinə manjetə çıxarılmalı olan yeni bir ifadə kimi görünsə də, əslində, Azərbaycan ziyaıları üçün yeni istək deyildi. Türkiyə-Azərbaycan münasibətlərinin yaxşılaşması əsrlər boyu ağlı kəsən hər bir türk insanını düşündürmüş və bunu Azərbaycanın ərazi bütövlüyünün, mənəvi dəyərlərinin, milli varlığının qorunma yollarından biri saymışlar. Hətta böyük Mirzə Fətəli Axundzadə də Azərbaycanda əlifba islahatını Türkiyə ilə və bütün türk xalqları ilə paralel aparmaq istəyirdi. O dövrdən başlayaraq Azərbaycanın, demək olar ki, bütün böyük aydınları mətbuatımızın, ədəbiyyatımızın, ədəbi dilimizin elə bir yolla inkişafını arzulamışlar ki, bu yol aradakı sərhədlərə və müxtəlif siyasi quruluşlara baxmayaraq kök etibarı ilə bir olan Azərbaycan və Türkiyə türklərinin daha da yaxınlaşmasına gətirib çıxarsın. Əli bəy Hüseynzadənin də, Məhəmməd Hadinin də, Əhməd Ağaoğlunun da, Hüseyn Cavidin də ədəbi, ictimai, siyasi fəaliyyəti buna xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulub möhkəmləməsində Türk-İslam ordusunun xidməti də ayrıca qeyd olunmalıdır.
İllərin Turan sevdası
Bizim nəsil bu ənənənin yavaş-yavaş bərpa olunan xatirələri üstündə böyüyüb. Üstəlik, ikinci və üçüncü minilliklərin qovşağında dünyada gedən proseslər, böyük güclərin, böyük iddiaların dünyanı yenidən bölüşdürmək cəhdləri, müasir görünsə də, mahiyyəti köhnə olan, dəbdəbəli başlıqlar altında çürük işğalçı meylləri hər kəsi öz gələcəyi haqqında dərindən düşünməyə məcbur edir. Bütün bunlar Azərbaycan ziyalılarının sonu olmayan qayğısıdır. Çünki son iki yüz ildə dünyanın heç bir xalqı bizim yaşadığımız faciələrə bənzər faciə yaşamayıb; parçalanmalar, köçürülmələr, soyqırımları, inkarçılıq siyasəti, milli varlığın danılması, adının və tarxinin saxtalaşdırılması qədər sayı-hesabı olmayan qansız müharibələr görməyib. Paralel olaraq həmin güclər əsrlər boyu Osmanlı imperatorluğunu, sonra da Türkiyə Cümhuriyyətini çökdürüb məhv etməyə çalşıblar. “Türk düşmənçiliyi” adlandırıla bilən məkrli siyasət bu gün də şəbəkələşmiş bir şəkildə davam etdirilir.
Azərbaycanın və Türkiyənin gələcəyini düşünərkən bütün bunlar nəzərə alınmalıdır. Hələ min il əvvəl fars şairi Firdovsi özündən 1500 il öncə bizim yaşadığımız bölgədə uzun müddət davam etmiş İran-Turan savaşlarını qələmə almışdır. Bu gün İran Farsistan-Persiya anlayışının qarşılığı kimi səsləndirilən bir dövlətdir, Turan sözü dilə gətirilərkən isə yer yerindən oynayır ki, bu panturanizmdir, zərərlidir, millətçilikdir. Üç min ilə yaxın davam edən İran-Turan qarşıdurması İranda bu gün də açıq-aşkar türkləri yox etmək, əritmək siyasəti şəklində davam etdirilir. Şimal qonşularımızın son üç yüz il ərzində apardıqları antitürk siyasəti də bundan çox fərqlənmir. Azərbaycanın çağdaş durumu belədir. Qərbin dəbdəbəli maskalar altında yürütdüyü səlib (xaç) müharibəsini də bura əlavə edəndə türk varlığının necə ağır bir şəraitdə yaşadığını görmək çətin deyil. Ona görə də bu gün Azərbaycanda ictimai fikrin mərkəzində dayanan Türkiyə-Azərbaycan münasibətləri, iki qardaş dövlət arasında hərbi ittifaqın möhkəmləndirilməsi, Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsinə yalnız Azərbaycan və Türkiyənin taleyüklü problemi kimi yox, həm də Türtk dünyasının gələcəyini müəyyənləşdirən bir şərt kimi baxılmalıdır.
22 il öncə-1998-ci ilin 27 mayında “Vətəndaş Həmrəyliyi” qəzetində yazmışdım: “Qafqaz və Kiçik Asiya dünyanın əsəb nöqtələrindən, bütün yolların və damarların keçdiyi yerlərdəndir. Ən qədim sivilizasıyaların və dövlətlərin yüksək ideyaların doğulduğu bu bölgə həm də uzun münaqişələrin və toqquşmaların şahidi omuşdur. İran-Yunan, İran-Turan, Ərəb-Əcəm, Türk-Rum, Şərq-Qərb, müsəlman-xristian qarşıdurmaları yüzilləri, bəzən minilləri aşıb keçən fırtınaları ilə bu bölgəni tarix boyu çalxalandırmış, altını üstünə çevirmiş, təkcə sərkərdələri və hökmdarları yox, bütöv xalqları qaldırıb endirmiş, bəzilərini böyütmüş, bəzilərini yerli-dibli yox etmiş, özünü ölməz sayanların külünü göyə sovurmuş, Allahlıq ideyası olanların heç qəbrini də saxlamamışdır. Türklər bu bölgənin qüdrətli xalqı olmaqla həmin tarixin həm yaradıcılarından, həm də ən çox qurban verənlərindəndir. … Onlar Avrasiyanın taleyində həmişə həlledici rol oynamışlar. Azərbaycan türklərin ən qədim yurdlarından olmaqla həm də Türk dünyasının mərkəz məkanıdır. Orta Asiya ilə kiçik Asiyanın arasındadır, körpüdür, bağdır. … Avropa Birliyinin qarşısında Türk Birliyinin yaranması ehtimalının yalnız xəyal olmadığı indi çoxlarına bəllidir”.
Biz bütövlükdə Türk dünyasanın belə bir birliyinin yaranması uğrunda uzun illərdir mübarizə aparırıq. Lakin indi bu ideya artıq bütün xalqın istəyinə və tarixin, milli taleyin tələbin,ə ölüm-dirim məsələsi olan çevrilib.
Böyük bir coğrafi arealda aparılılan imperalist siyasətin əsas qurbanı Türk millətidir!
XXI əsr dünyaya yeni qaydalar gətirdi. Bu yalnız pandemiya və onun nəticələri ilə bağlı deyil. Əslində 2001-ci ilin 11 sentyabrında baş verən məlum olaylar dünyada yeni siyasi düzənin qurulmasına başlanğıc oldu. Böyük güclər geopolitik maraqlarını təmin etmək üçün açıq ən müxtəlif bəhanələrlə yeni işğalçılıq siyasətinə başladı. 20 ilə yaxındır davam edən bu gedişat Asiya qitəsini müharibə meydanına çevirib. Dünya yenidən bölüşdürülür, dünyanın siyası xəritəsi yenidən cızılır. 100 il öncə də eyni proses Azərbaycan və bütövlükdə Türk Dünyasının böyük itkiləri ilə başa çatdı. Azərbaycan dövlət müstəqilliyini və tarixi ərazilərinin böyük hissəsini itirdi, Türkiyə Osmanlı imperatorluğunun məğlub durumu ilə barışmağa məcbur oldu, Orta Asiya türkləri bütövlükdə Rusiya əsarəti altına düşdü. Bu ağır nəticələrin bir hissəsini yalnız 100 il sonra aradan qaldırmaq mümkün oldu. İndi keçmişdən dərs götürmək, yeni səhvlərə yol verməmək üçün daha düzgün inkişaf yolu seçmək lazımdır.
Bu gün dünya böyük güclər -ABŞ, Avropa Birliyi, Rusiya, Çin tərəfindən bölüşdürülməkdə və istismar olunmaqdadır. Yeni planların qurulduğu, müharibələrlə maraqların təmin olunduğu bütün qaynar nöqtələrdə yenə də əzilən daha çox Türk millətidir. Türkiyə “arxalı köpək” qismində terror təhdidi, qondarma soyqırım ittihamı ilə üz-üzə, Azərbaycan erməni işğalçılarının hərbi təcavüzünə məruz qalmış durumda, Güney Azərbaycanda milyonlarla soydaşımız ana dili haqqından belə məhrum edilmiş, İraq və Suriyada türkman eli məhv edilir, Çində uyğurlara qarşı açıq genosid aparılır, Orta Asiya türk cumhuriyyətləri ruslaşdırma siyasətinin basqısı altında… Bir sözlə, Anadoludan Uzaq Şərqə, Qara dənizdən Sakit okeanadək böyük bir coğrafi arealda aparılılan imperalist siyasətin əsas qurbanı Türk millətidir!
Tarixin orta çağında eyni coğrafi ərazidə Türklərin şəriksiz hakimiyyəti zamanı digər millətlərin haqlarının qorunması, dini-mədəni məqamlara toxunulmaması reallıqdır. Dünyaya xalqlar, millətlər, insanlar arasında nizam, harmoniya yaratmaq üçün gəldiklərinə həmişə ürəkdən inanan türklər dünyanı öz iradələrinə tabe etməyə çalışmaqdan daha çox, zamanm sosial-siyasi xarakterini müəyyənləşdirməyə, qlobal proseslərin arxasınca deyil, önündə getməyə cəhd etmişlər. Türklər əsrlər, hətta min illər boyu dünyanm müxtəlif xalqları ilə sülh şəraitində yaşamış, qurduqları nəhəng imperiyalarda bütün millətlərə yer vermiş, dünyanın vaxtaşırı pozulan harmoniyasını bərpa etmək üçün böyük ideologiyalar yaratmışlar. Onlar heç bir xalqın tarixi ilə müqayisəyə gəlməyən möhtəşəm tarixlərində dünya mədəniyyətinə heç bir xalqda müşahidə olunmayan bir səviyyədə maraq göstərmişlər. Bunu bilən imperalist güclər öz maraqlarını təmin etmək üçün qitədə ilk növbədə Türk əhalini hədəf alıblar. Yalnız Türklərin bölgədə sıradan çıxarılması məlum planlara yol aça bilər və bu gün qitənin qədim xalqları olan ərəblərin, farsların, hindlilərin istismarına yol aça bilər. Buna görə də ən böyük zərbə hədəfi yenə də Türklərdir. Çıxış yolu haqda geniş müzakirə açmağa, təhlillər aparmağa gərək yox. “Güc birlikdədir” hikməti indiki hal üçün daha kəsərli və aktualdır.
Bu birliyi gerçəkləşdirməmək ən azından tarixi cinayətdir
Dəyişən dünya dəyişik problеmlərlə qarşı-qarşıya olduğu kimi, Türk dünyası da bu baxımdan problеmlər girdabındadır. Türk dünyasının bu gün ən böyük siyasi gücü olan Türkiyə Cumhuriyyəti onun bir əyalətinin iqtisadi potensialında olmayan Ermənistanın qondarma iddiaları qarşısında aciz durumda, Azərbaycan ərazisinin 20 faizini həmin Ermənistana uduzmuş halda, digər Türk cumhuriyyətləri dünyanın siyasi xəritəsində nöqtə kimi belə görünməyən Ermənistanın lobbi və siyasi himayədarlarının təsiri altında…
Ən böyük güvəncimiz olan Türkiyənin qarşısına “qondarma erməni soyqırımı” arqumenti qoydular, Azərbaycan milli azadlıq hərəkatı demokratiya yolunu tutdu, əvəzində özünü demokrat adlandıran Avropa XX əsrin insanlıq utancı olan Xocalı soyqırımına göz yumaraq Azərbaycana başqa dərslər keçmək iddiasına qalxdı, Orta Asiya cumhuriyyətləri isə rus, fars, çin, ingilis ideologiyalarının müharibə meydanına çevrilib böyük bir coğrafiyada yaşayan bir millətin bir vahid siyasi gücə sahib olması indi daha zəruri və qaçılmazdır. 1600 il öncə Roma Papasının diz çökməsi ilə onu və imperiyasını əvf edən Atillanın, başı Əmir Teymura qarışdırılaraq Avropadan geri dönən Bəyazidin, rus imperiyasının hiyləsinə aldanan Rəsulzadənin və nəhayət, “bir gün sovetlər dağılacaq və bizim orda yaşayan soydaşlarımız müstəqil dövlət quracaq, biz o günə hazır olmalıyıq” deyən Atatürkün davamçıları olaraq üzərimizə düşən missiyanı gələcək nəslə ötürmədən gerçəkləşdirməliyik. Bunun üçün isə ilk atılacaq addım Azərbaycan və Türkiyənin siyasi, iqtisadi və hərbi birliyidir. Belə bir ittifaq Asiya qitəsində barışın qarantı olan Turan və ya Türk birliyinin əsası olacaq. Söhbət dövlətlərin öz müstəqilliyini itirməsindən, yaxud himayə altına düşməsindən getmir. Dəfələrlə demişik, heç bir milli, dini və tarixi birliyi olmayan, yaxın yüzillikdə bir-birinə qarşı müharibələr aparan Avropa dövlətləri bu gün bir birlik altında birləşə biliblər. Hətta heç bir tarixi ideoloji əsası olmayan bayraq və pul vahidi yaradılıb, bir dil hamıya zorən qəbul elətdirilib. Sözügedən Türk siyasi ittifaqı üçün Avropa Birliyi, hərbi əməkdaşlığı üçün NATO formatı var. Asiya qitəsinin böyük bir hissəsində ata yurdu olaraq Türklərin ay-ulduz ortaq bayraq simvolu, ortaq dövlətçilik ənənəsi, ortaq dili varkən bu birliyi gerçəkləşdirməmək ən azından tarixi cinayətdir.
Türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyası üçün ilkin olaraq mədəni birlik yaradıldı. 1990-cı illərin əvvəlində yaradılan TÜRKSOY türk xalqlarının mədəni birliyini müdafiə edən və onun inkişafını təmin edən təşkilatdır. Onun ardınca isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) yaradıldı. Bütün bu prosesin sürətlənməsi üçün isə Türkiyə-Azərbaycan əlaqələrinin siyasi-iqtisadi-hərbi konfederasiyaya çevrilməsi vacibdir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin geopolitik durumu, bölgədə gedən proseslər də əslində bunu diktə edir. Eyni zamanda həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti belə bir ittifaqa psixoloji baxımdan hazırdır. Hər iki qardaş ölkə referendumla xalqın dəstəyini alıb gərəkən hüquqi işləmləri həyata keçirib arzulanan ittifaqı gerçəkləşdirməlidir.
Son olaylar dünya siyasətində yalqız, təkbaşına yürüməyin mümkünsüzlüyünü göstərir. Ermənistanla müharibə şəraitində olan Azərbaycan Tovuz rayonunda baş vermiş hərbi təxribatda gerçəkliyi bir daha görmüş oldu. İşğalçı Ermənistanı Serbiya belə silahla təhciz edir, bu silahlar Gürcüstandan keçirilir, Rusiya təcavüzkara açıqdan-açığa hərbi-siyasi dəstək verir və s. Bütün baş verənlərin fonunda Azərbaycan Türk əsgərinin bölgəyə gəlişindən başqa bir dayaq görmədi. Eynən 100 il öncə olduğu kimi, yenə də Azərbaycan istiqlalının yanında Türkiyə var. O zaman da ən azı Azərbaycan və Türkiyənin bir dövlət halında olması fikirləri səslənirdi. Həm Azərbaycanın Cumhuriyyət, indiki Türkiyənin isə Osmanlı adı altında imperiya quruluşunda olması, həm də geopolitik siyasi şərtlər bunu mümkünsüz etmişdi. Amma dünyanın siyasi güclərinin başında duran böyük qüvvələrə qarşı “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “yurdda sülh, cahanda sülh” amalı ilə çıxan və “dildə, işdə və fikirdə birlik” deyən insanlar böyük hədəfə doğru yürüşü davam etdirdilər. Nuru paşanın Azərbaycandan başqa Güney Azərbaycanda da savaşı, hətta sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsi idi. Eyni zamanda Şərqin ilk Cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət , iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir.
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili