Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bu müharibə göstərdi ki, diaspor sona qədər Ermənistanı dəstəkləmək iqtidarında deyil.

Ermənistan prezidenti Armen Sarkisyan 44 günlük müharibə və acı məğlubiyyətdən doğan bəzi etiraflar edib. O bildirib ki, Ermənistanda baş verənlər əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub. Ölkədə daxili qarşıdurma pik həddə çatıb.

Sarkisyan etiraf edib ki, Ermənistan demoqrafiya məsələlərində də məğlub oldu: “Azərbaycanlılar həm də informasiya və media müstəvisində müharibəyə hazırlaşdılar. “Ermənistan bu müharibədə itirdi, ona görə ki, bununla məşğul olmadı. Azərbaycan Ermənistana qarşı informasiya hücumları edir, Ermənistanda isə qüvvələr bir-birinə ittiham yağdırırlar” – deyən Armen Sarkisyan daha sonra qeyd edib: “Ermənistan dizüstə çöküb və ayağa qalxmalıdır. Ancaq necə? Hökumət istefaya getməlidir. Belə təlatümdən sonra istənilən hökumət mandat almalıdır. İndiki hökumət seçiləndə Ermənistan tam fərqli bir dövlət idi, indi isə ermənilər başqa bir dövlətdə yaşayırlar”.

Prezident, problemdən çıxış yollarından biri kimi, diasporla münasibəti yenidən normal məcraya qaytarmağı  təklif edir. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti diasporla ölkə arasında “Berlin divarı” çəkib.

Diasporla əlaqələrin yenidən qurulması Ermənistanı düşdüyü vəziyyətdən çıxara bilərmi?

 “Onlar da anladı ki, “böyük Ermənistan” ideyası xülyadır”

Dünya Azərbaycanlıları Konqresi (DAK) İcra aparatının rəhbəri, İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın bu vəziyyətə düşməsinin başlıca səbəbi elə diaspor olub: “Onlar Ermənistan dövlətini daima zərərli ideyalarla yükləyiblər. Dilənçi vəziyyətində olan ölkə isə əsasən diasporun ianələri ilə yaşayıb. Bu səbəbdən də gözləri diaspor qarşısında kölgəli olub. Bütün sərsəm ideyaların qaynaq mənbəyi xaricdəki erməni diasporudur. Bu müharibə göstərdi ki, diaspor sona qədər Ermənistanı dəstəkləmək iqtidarında deyil. Dəfələrlə Paşinyan çağırış etdi ki, dünyadakı bütün ermənilər gəlsin Qarabağda müharibədə vuruşsun. Onun səsinə səs verən olmadı. Hətta erməni komandirlərdən biri açıq dedi ki, diaspor onlara yemək  yox, vuruşmaq üçün canlı qüvvə göndərsin. Göründüyü kimi, erməni diasporu Ermənistan uğrunda döyüşə gəlmədi. Armen Sarkisyan hakimiyyətə gəlmək istəyir. Bunun üçün belə açıqlamalar verir ki, diaspordan maddi dəstək alsın. Qeyd edək ki, elə bu il Ermənistanın baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlıqla bağlı sərəncam imzaladı. Aralarında rəhbər vəzifəli şəxslərin də olduğu 13 nəfəri işdən atan sərəncam sözügedən qurumda təmizləmə aparmağa xidmət edirdi. Təbii ki, birdən-birə bu qədər məsul vəzifə icra edən məmurun işdən qovulması təsadüfdən baş vermədi. Erməni diasporunun fəaliyyətində ciddi problemlər olmasaydı, Paşinyan təmizləmə əməliyyatına qol qoymazdı”.

Ekspertin sözlərinə görə, Ermənistanın son illərdə beynəlxalq informasiya müstəvisində mövqelərini əsaslı dərəcədə itirməsi görünür: “Bunun fonunda Azərbaycan informasiya sahəsində fəallığını artırıb. Erməni lobbisi artıq öz resurslarını tükəndirmək üzrədir. Təbii, bunu şərtləndirən bir neçə amili də qeyd etmək olar. Əvvəla, erməni lobbisinin fəaliyyəti həmişə beynəlxalq ictimaiyyəti çaşdıran uydurma informasiya əsasında qurulub və erməni utopiyası erməni lobbisinin, diaspor təşkilatlarının fəaliyyətinin əsas hərəkətverici qüvvəsi rolunda çıxış edib. Azərbaycan diasporu isə ölkəmizin haqq səsini, ədalətli mövqeyini beynəlxalq ictimaiyyətə daha arqumentləşdirilmiş şəkildə çatdırmağa başlayıb.  Bütün bunların bir səbəbi də diasporla Ermənistan hakimiyyəti arasında olan ziddiyyətdən qaynaqlanır. Bu hadisələrdən sonra diasporun da Ermənistan hakimiyyətinə qarşı mövqeyi zəif olacaq. Onlar da anladı ki, “böyük Ermənistan” ideyası xülyadır”.

Ekspert hesab edir ki, erməni prezidentin çıxışı siyasi manipulyasiyadan başqa bir şey deyil.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …