Ekspert: “Dünya dövlətləri yaxşı görür ki…”
Azərbaycan 2021-ci il üzrə “Qlobal atəş gücü” (Global Firepower Index) reytinqində 138 ölkə arasında 64-cü yerdə qərarlaşıb. Bu, Cənubi Qafqaz regionunda ən yüksək göstərici olub. Digər Cənubi Qafqaz ölkələrinə gəldikdə, Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdədir.
Bundan əlavə, daha bir mühüm xəbər var. Belə ki, Azərbaycan Pakistan-Çin birgə istehsalı olan «JF-17» (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib və tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək.
Boyukmillet.com xəbər verir ki, bu məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. Həmin danışıqlarda, o cümlədən Pakistanda Azərbaycan HHQ üçün pilotların hazırlanması müzakirə edilib. Bildirilir ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd «JF-17» qırıcısı təhvil verəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq. Şübhəsiz ki, «JF-17» qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hərbi ekspert Emin Həsənli hər iki xəbəri “Yeni Müsavat”a belə şərh etdi: “Azərbaycan dövləti necə ki, iqtisadi, siyasi və digər sahələrdə dünya dövlətləri ilə əməkdaşlıq edir, Ermənistan xaric dünyada inkişaf edən, Azərbaycanla yaxın olan bir çox dövlətlərlə yüksək əməkdaşlıq əlaqələri qurmuşuq. Bizim iqtisadiyyat və hərbi əməkdaşlığımız bir neçə dövlətlə məhdudlaşmır. Dövlətlər var ki, hərbi əməkdaşlığı bəzən 1-2 ölkədən asılı vəziyyətə düşür. Bu da çox risklidir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də Azərbaycan dünyanın hərbi cəhətdən inkişaf etmiş ölkələri ilə hərbi əməkdaşlığına daim diqqət yetirir, bu əməkdaşlığı artırır. Qardaş Türkiyə, Rusiya, Belarus, İsrail, Ukrayna, Çin, Pakistan kimi ölkələrin adlarını çəkə bilərik. Amerika və Avropanın qabaqcıl dövlətləri ilə də əməkdaşlığa xüsusi diqqət ayrılır. Bir sözlə, hərbi potensialı güclü olan dövlətlərin hər biri ilə əlaqələrə xüsusi önəm verilir. Azərbaycan özünün də müdafiə sənayesi potensialını gücləndirir. Hava hücumlarından müdafiə sistemləri və hərbi təyyarələr, eyni zamanda quru qoşunları, hərbi dəniz donanması üçün lazım olan texnikaları dünyanın ən inkişaf etmiş ölkələrindən alınır. Bununla bağlı geniş təhlillər edilir, araşdırma aparılır. Həmin silahlardan Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün, ölkəmizə təcavüz etmək istəyən ölkələrdən müdafiə olunmaq baxımından təbii ki, istifadə edilir. Azərbaycana yaxın olan ölkələrlə əməkdaşlığa daha çox diqqət ayrılır”.
Emin Həsənli
Hərbi ekspert Pakistandan alınacaq silahlarla bağlı rəsmi xəbər yayılmadan nəsə bir fikir söyləməyi doğru saymır: “Heç kəsə sirr deyil ki, Pakistan qardaş Türkiyədən sonra Azərbaycanı davamlı olaraq dəstəkləyən ikinci ölkədir. Amma dövlətimiz digər ölkələrlə də əməkdaşlığa geniş diqqət ayırır. Yuxarıda o dövlətlərdən bir neçəsinin adını çəkdim. Lakin Azərbaycana davamlı olaraq dəstək verən ölkələr Türkiyə, Pakistan, Ukrayna, Gürcüstan, İsraildir. Bu dövlətlərlə sırf əməkdaşlığımız var. Bütün dünya gördü ki, 44 günlük Vətən müharibəsində Türkiyədən sonra ən böyük dəstək Pakistandan gəldi. Pakistan Ermənistanı bir dövlət kimi tanımır, onunla heç bir əməkdaşlıq qurmur, Azərbaycanın haqq işini tanıdığını və ölkəmizə hər sahədə dəstək olmağa hazır olduğunu bəyan edir. Azərbaycan dövləti güclü dövlətdir və onun güclü ordusu var. Ordu dəstəyinə heç zaman ehtiyacımız yoxdur. Amma bu mənəvi dəstəyin çox böyük əhəmiyyəti var. Dünya dövlətləri yaxşı görür ki, ən güclü nüvə ölkələrindən biri sayılan Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bilirsiniz ki, Türkiyədən sonra ölkəmizin müstəqilliyini tanıyan dövlətlər Rumıniya və Pakistandır. İslamabad hər zaman hərbi arsenalında olan təchizatı Azərbaycanın öhdəsinə verməyə hazır olduğunu bəyan edir. Hətta ara-sıra canlı qüvvə cəhətdən də kömək edə biləcəyini bildirir. Bu da çox mühüm, əhəmiyyətlidir. İndiki zamanda Azərbaycana düşmən olan Ermənistana bəzi ölkələrin dəstək verməsinin və bəzi cəhdlər etmələrinin fonunda Türkiyə, Pakistanın rəsmi Bakının yanında olması ölkəmizin düşmənlərinə bir mesajdır. Bu dəstək bəzi qüvvələrin düşmən tərəfində dayanmalarının da qarşısını aldı. Ona görə də bu dəstəyi Azərbaycan dövlətinə verilmiş ən böyük dəstək kimi qələmə vermək lazımdır. Azərbaycan Pakistanla hərbi kadrların hazırlanması məsələsində də əməkdaşlıq edir. Bu ölkədən silah almağımız məsələsi daim gündəmdə olub. Bunlar mətbuatda gedən xəbərlərdir. Amma yaxın zamanlarda bunun nə dərəcədə real olacağını görəcəyik. Rəsmi mövqe olmadan bunun həqiqət olduğunu deyə bilmərik. Amma Azərbaycanla Pakistanın hərbi əməkdaşlığı heç kəsə sirr deyil. Getdikcə bu əməkdaşlıq daha da dərinləşir. Yaxın illərdə Türkiyə və Pakistanla Azərbaycanın hərbi əməkdaşlığının daha da dərinləşdiyinin bir daha şahidi olacağıq. Rəsmi Bakı ona dəstək verən digər İsrail kimi dost dövlətlərlə də hərbi əməkdaşlığını daim dərinləşdirməyə xüsusi diqqət ayırır. Bu da Azərbaycanın milli və dövlət maraqlarına tam uyğundur”.
Cavanşir ABBASLI