Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Daha bir partiya YAP-a qoşuldu

Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib.
Boyukmillet.com xəbər verir ki, partiyadan verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Qurultay şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Qurultayda giriş nitqi söyləyən partiya başqanı Vüqar Oruc bildirib ki, ölkənin ilk siyasi partiyalarından olan Milli Qurtuluş Partiyası fəaliyyət göstərdiyi müddət ərzində milli-mənəvi dəyərlərin təbliği, gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, millətçilik ideologiyasının təbliği istiqamətində fəal iş aparıb. Bu partiya həm də bir məktəb rolunu oynayıb: 
“Milli Qurtuluş Partiyasının sıralarında olmuş əqidə yoldaşlarımız hazırda müxtəli dövlət qurumlarında, diplomatik korpuslarda, özəl sektorda, ictimai sahələrdə, mətbuat orqanlarında yüksək vəzifələrdə çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Milli Qurtuluş Partiyası Məhəmməd Hatəmi Tantəkinin şah əsəridir. Çox qürurverici haldır ki, biz bu partiyanı müxtəlif dövrlərdə ölkəmizin aparıcı partiyalarından birinə çevirməyi bacardıq”.
Daha sonra qurultayın sədarəti, mandat və say komissiyaları seçilib. Partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib. Qurultay nümayəndələri partiyanın bu müddət ərzində fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.
Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.
Xatırladaq ki, Milli Qurtuluş Partiyası Azərbaycanda ilk yaranan və dövlət qeydiyyatına alınan siyasi partiyalardan biridir. Partiyanın ilk rəhbəri Milli azadlıq hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkin olub. Uzun illərdir partiyaya Vüqar Oruc rəhbərlik edirdi.

Check Also

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 …