Təəssüf ki, ermənilər bu ərazilərə köçürüldükcə zaman-zaman tarixi abidələrimizin bir hissəsini erməniləşdirib, erməniləşdirə bilmədiklərini isə yer üzündən siliblər. Onların erməniləşdirdikləri abidələrin daha çoxu türk-xristian abidələridir.
Qərbi Azərbaycan ərazisindəki abidələri bir neçə qrupa bölmək olar: xristianlığa qədərki abidələr, xristianlıq dövrü abidələri və müsəlman abidələri. Qərbi Azərbaycan ərazisi təkcə Oğuz türklərinin yox, Qıpçaq türklərinin də ərazisi olduğu üçün o ərazidəki Qıpçaq türklərinə məxsus abidələrin böyük əksəriyyəti xristian abidələridir. Ermənilərin bu ərazilərə missioner kimi ilk gəlişi XV əsrin ortalarına, kütləvi şəkildə köçürülmələri isə XIX əsrin birinci yarısına, yəni Türkmənçay müqaviləsindən sonrakı dövrə aiddir. Erməni dini kafedrası 1443-cü ildə Üçkilsəyə, indiki Eçmiədzin dediyimiz yerə köçürüldükdən sonra Eçmiədzinin əlilə bizim “müsəlman təəssübkeşliyi” ilə imtina elədiyimiz həmin xristian abidələrinin erməniləşdirilməsinə başlanılıb. Bu proses təkcə İrəvanda deyil, eyni zamanda mahallarımızda — Zəngəzurda, Dərələyəzdə, Göyçədə və başqa mahallarda həyata keçirilib. Qərbi Azərbaycandakı xristian abidələrinin böyük əksəriyyəti Qıpçaq abidələri idi ki, onlar da erməniləşdirilib və bu gün dünya ictimaiyyətinə erməni-qriqorian kilsəsi kimi təqdim olunmaqdadır.
Cənubi Qafqaz, ümumiyyətlə, iki böyük türk qövmünün vətəni olub. Bunlardan biri Oğuz, ikincisi Qıpçaq türkləridir. Qıpçaq türkləri tariximizə daha çox ərmənlər kimi daxil olublar. Dinləri xristianlıq olduğu üçün onlardan qalan məbədlər xristian məbədləridir. Albanlar isə daha çox oğuz türkləridir, hər iki türk tayfasının böyük hissəsi İslamı qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak edib, xristianlıqlarını saxlayanlar isə tədricən erməniləşiblər və bu proses 19-cu əsrin ortalarında başa çatıb. “Kitabı-Dədə Qorqud” dastanı həmən dövrü özündə əks etdirən möhtəşəm mənbədir. Həmin dastanda Qərbi Azərbaycan ərazisinin oğuzlaşdırılması — müsəlmanlaşdırılması prosesindən bəhs edilir. Fikir versəniz, “Kitabı — Dədə Qorqud”da oğuz türkləri ilə Qıpçaq türkləri arasındakı mübarizə təsvir edilir. Hardasa XII-XIII əsrlərdə İslamı qəbul eləmiş oğuzlar tərəfindən kafir kimi bilinən Qıpçaq türkləri sıxışdırılaraq çıxarıldı.
Onların bir hissəsi İslam dinini qəbul edərək Azərbaycan xalqının etnogenezində iştirak etsə də, digər hissəsi Şimalı Qafqaza daşınaraq bu gün erməni əlifbası adlanan əlifbanı da özləri ilə apardılar və Oğuz türkləri olan Xəzər xaqanlığını devirib, yerində Qıpçaq xaqanlığını yaratdılar. XV əsrdən əvvəl Cənubi Qafqazda erməni faktoru deyilən şey olmayıb. İndiki Eçmiədzin ərazisinin 1/3-ini və bir neçə ətraf kəndi 1431-ci ildə İranın Maku şəhərindən olan erməni Qriqor Makulu 540 min dinar Təbriz gümüş puluna alıb.
Qaraqyounlu hakimi Cahanşahın vaxtında Əmir Rüstəmdən alıb. 1441-ci ildə isə qalan hissə alınıb və 1443-cü ildə erməni dini kafedrası indiki Türkiyənin Aralıq dənizi sahillərindəki Sis şəhərindən bura köçürülüb. Bundan sonra bütün Cənubi Qafqazın erməniləşdirilməsi də Eçmiədzin kilsəsi tərəfindən aparılıb. Əgər Eçmiədzinin ermənilər tərəfindən alınmasının dəqiq tarixi məlumdursa və onun “kupça”ları bizim əlimizdədirsə, onda bu tarixdən əvvəl hansı erməni faktorundan danışmaq olar?
Amma türk-qıpçaq kilsəsi olub. Eçmiədzinlə bağlı bir faktı deyim. Əslinə qalanda qriqorianlığın banisi Maarifçi Qriqori özü türkmən mənşəlidir, türkmən Anakın oğludur. Söhbət ondan gedir ki, Cənubi Qafqazdakı xristianlıq türk xristianlığıdır. Sonradan ermənilər bunu erməniləşdiriblər.
Onların Qərbi Azərbaycan ərazisindəki türk-xristian abidələrini mənimsəməsi isə daha çox XVI-XVII əsrlərdən başlayıb. Zəngəzurdakı Tatev monastırının mənimsənilməsi də o dövrdən başlayıb, amma monastırın adına baxın — “Tat-ev”. “Dədə Qorqud”da da bir “Tat əri banladı” ifadəsi var. Başqa bir faktı da deyim. Göyçə gölünün ortasında bir Sevan kilsəsi var, əslində, onun adı bütün mənbələrdə Sivəng məbədi kimi gedir. XVI əsrdə Eçmiədzin kilsəsi tərəfindən bu məbəddə “bərpa” işləri aparılıb. Təmirdən sonra erməni katolikosunun açılışa gəlişi münasibətilə kilsədə erməni xalqına və erməni kilsəsinə ziyanlı olan bütün arxiv, kitabxana və materiallar, o cümlədən Mesrop Maştotsun arxivi gölə tökülərək məhv edilib. Bu barədə erməni mənbələri özü yazır. Sual olunur, XVI əsrdə qriqorianlaşdırılan Sivəng məbədində hansı arxiv materialları vardı ki, onlar “erməni xalqına və erməni kilsəsinə” ziyanlı idi, həm də o qədər “ziyanlı” idi ki, ermənilər onları Göyçə gölünə töküb məhv ediblər? Görünür, orada erməni əlifbasının yaradıcısı hesab olunan Mesrop Maştotsla bağlı çox tutarlı faktlar olub, həm də o kilsənin türk kilsəsi olması ilə bağlı kifayət qədər material varmış. Bu cür çox fakt göstərmək olar. Eyni zamanda Zəngəzurda, Dərələyəz ərazilərindəki xristian abidələri barədə də çoxlu fakt gətirmək olar. Birini də xatırladım. Dərələyəz mahalının Ərgəz kəndində eyni adlı məbəd var. Bütün mənbələrdə o məbədin adı Arkazan, yəni Ərqazan kimi yazılır. Mənim üçün çox maraqlı idi ki, bu günə qədər hətta erməni mənbələrində adını Ərqazan kimi qoruyan bu məbəddəki kitabələr nədən danışır? Araşdırma nəticəsində məlum oldu ki, burda Qazanın yox, Vasakın, arvadı Qutlu Xatunun, oğlu Uroşun və nəvəsi Canbuğanın qəbri var. Yadınıza salım ki, “Dədə Qorqud”da da Qazanın oğlunun adı Uruzdur, yəni Uros//Uroş. Məni çox düşündürürdü ki, niyə monastır Qazanın adınadır, amma oradakı qəbirlər Vasakın və onun ailəsinindir. Erməni mənbələrini araşdıran zaman məlum oldu ki, Vasakın əsl adı Qazan olub. Deməli, xristianlıqda belə bir ənənə var ki, hökmdarlar həm dünyəvi, həm də dini hakim sayıldıqları üçün onlara dini adlar verilirdi. Məlum oldu ki, Vasak Qazanın qəbul elədiyi dini ad olub, yəni alban-xristian ənənəsinə uyğun olaraq Qazan özünə Vasak, yəni Vağsak – Böyük Sak titulu götürüb.
Əziz Ələkbərli
Tarixçi Alim, Millət vəkili