Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun vəsatətini təmin edib və respublikanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu, silah və narkotik maddələr saxlamaqda ittiham olunan Narek Sarqsyanın həbsinə qərar verib.
Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan feysbuk səhifəsində yazıb.
“Ermənistan Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib, Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və Narek Sarqsyanın həbs olunması barədə qərar verib”, – o bildirib.
Qeyd edək ki, Narek Sarqsyan 2018-ci il iyulun 5-də evində axtarış zamanı tapılanlar əsasında silah və narkotik maddə saxlamaqda, habelə başqasının əmlakını mənimsəməkdə ittiham edilərək axtarışa verilib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun dostunu saxlayan zaman içərisində narkotik maddələr və tapança olan çemodan aşkar ediblər. Sarqsyan 2019-cu il dekabrın 21-də Çexiyadan Ermənistana ekstradisiya edilib və dekabrın 24-də ümumi yurisdiksiya məhkəməsi onun həbsinə qərar verib.
2020-ci ilin noyabr ayının sonlarında Ermənistanın Apellyasiya Məhkəməsi vəkillərin vəsatətini təmin edib və Sarqsyanı 50 min ABŞ dolları girov qarşılığında sərbəst buraxıb. Bundan sonra Baş Prokurorluq Apellyasiya Məhkəməsinin qərarından Kassasiya Məhkəməsinə şikayət edib.