Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Azərbaycan yoxdur – üç ölkə yığışıb niyə GUM yaratdı?

Qonşu Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri “üçlər ittifaqı” yaratdıqlarını elan etməsinin səbəbləri; ABŞ-ın planlarının Qarabağ müharibəsindən sonra xeyli həssaslaşmış regionumuza ciddi mənfi təsirləri ola bilər…

Azərbaycanın qələbəsi ilə bitən II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar var. Müharibənin nəticəsi olaraq yeni regional layihələrə fürsət açılıb, Ermənistandakı siyasi gərginlik səbəbindən bu prosesi ləng gedir, amma bu mərhələ də mütləq uğurla aşılacaq. 

Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi Azərbaycanın xarici siyasətində ciddi korrektələr etmək zərurəti yaratmayıb. Avropa Birliyi ilə imzalanacaq saziş yubanır, amma Bakının bu imzanı atmaması üçün ciddi səbəbləri, üstəlik kənar əndişəsi yoxdur. Amma razılaşaq ki, Qarabağ müharibəsində Rusiyanın rolu, danışıqlarda üçüncü tərəf kimi fəal iştirakı istər-istəməz Azərbaycana münasibətdə bəzi gerçəkliklər də yaradıb ki, buna alışmalıyıq.    

Qonşu Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirlərinin “üçlər ittifaqı” yaratdıqlarını elan etməsi də bu gerçəkliklərdən biridir. Hər üç ölkə Azərbaycanın GUAM-da müttəfiqləridir. Şərti olaraq artıq GUM adlandırılan qurumun  yaradılması ilə bağlı rəsmi Bakının tərəfdaş ölkələr tərəfindən məlumatlandırılması barədə dəqiq bilgimiz yoxdur. Yəni GUAM qalır, yoxsa yox, bu barədə fikir söyləmək çətindir.  Prinsipcə, GUAM-dan yenə “bir hərfin düşməsi” və ya yeni bir qurum yaradılması Azərbaycanın bu ölkələrlə münasibətində heç nəyi dəyişmir. GUAM zatən artıq ömrünü başa vurmuş qurum hesab oluna bilərdi. Əvvəl Özbəkistanın da yer aldığı GUAM-ın son illər heç bir ciddi fəaliyyəti yox idi, pandemiya dövründə isə ümumiyyətlə, yalnız hansasa işçi qrupları səviyyəsində əməkdaşlıq qalırdı. 

 Rusiya nəşrləri mayın 18-də Kiyevdə elan edilmiş GUM-u artıq “anti-Rusiya ittifaqı” kimi, həm də ABŞ-ın xeyir-duası ilə yaradıldığı haqda hay-küy qaldırıblar ki, bu da səbəbsiz deyil. Çünki yeni ittifaq ABŞ dövlət katibinin Kiyevə səfərindən dərhal sonra yaradılıb. Üç ölkənin xarici işlər nazirləri ortaq memorandum imzalandıqdan sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Avropa Birliyinə inteqrasiya ölkələrin suveren seçimidir və heç bir dövlət bu seçimi dəyişdirə bilməz. Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani isə əlavə edib ki, Avropa Birliyi ilə assosiativ sazişi imzalamış hər üç ölkə inteqrasiyanı daha da əhatəli etmək, əməkdaşlığın dərinləşməsi və təhlükəsizlik məsələlərini hədəfləyir. 

Rusiya mediası “üçlər ittifaqı”nın yaradılmasını ciddi narahatlıqla qarşılayıb. İddia olunur ki, GUM-un yaradılmasında “Avropaya inteqrasiya” əsl məqsədi pərdələmək üçündür. Bəs əsl məqsəd nədir? Məsələn,“Komsomolskaya pravda” yazır ki, Rusiyanın sərhədlərindəki üç ölkələrin birliyini yaratmaq ABŞ-ın proyektidir. Hər üç ölkədə ərazi münaqişlərin olduğunu xatırladan nəşr iddia edir ki, ABŞ həmin dondurulmuş münaqişələrin yenidən aktiv fazaya keçiməsini istəyir və bu istqamətdə çox fəal iş gedir.

Nəşr iddia edir ki, Ukraynanın üzərində ölkənin şərqindəki münaqişəyə görə Minsk razılaşması öhdəliyi var. Rusiya sülhməramlılarının olduğu Dnestryanı da isə “ocağı yandırmaq” parlament seçkilərinə hazırlaşan Moldova prezidenti Maya Sandunun indilkdə marağında deyil. O halda, qalır Gürcüstan…  

Rusiya nəşrinə görə, 2008-ci ildən sonra Tiflis bir müddət sərt ritorikasından geri çəkildi. Ancaq Saakaşvilinin yaratdığı “Milli Hərəkat” ın nümayəndələri son vaxtlar Abxaziya və Cənubi Osetiya ilə dondurulmuş münaqişədən daha çox danışmağa başlayıblar. Üstəlik, Gürcüstanın ABŞ-la hərbi əməkdaşlığı və Vaşinqtonun hərbi yardımı davam edir. Gürcüstan ABŞ istehsalı  “Javelin” tank əleyhinə raket sistemləri alıb, İsrail ilə hava hücumundan müdafiə sistemini tamamilə modernləşdirmək üçün isə müqavilə imzalayıb. Bir neçə il əvvəl, Gürcüstan hakimiyyəti Ağ Evi Vaziani hava limanı yaxınlığında NATO Hərbi Hava Qüvvələri üçün logistika terminalı yaratmağın zəruriliyinə inandıra bilib. Bu, amerikalıların daimi olaraq yerləşdiyi mini bazadır. 

Rəsmi Kreml hələ ki, bu ittifaqla bağlı mövqeyini açıqlamayıb. Avrasiya İqtisadi Birliyinin dünən keçirilən toplantısında isə Moldova yüksək səviyyədə təmsil olunmayıb və ehtimal ki, rusiyayönümlü prezident Dodonun hakimiyyətdən getməsi ilə  Kişinyov da tezliklə bu qurumla əməkdaşlığı dayandırmaq qərar verəcək. 

Nəhayət, ABŞ-ın Gürcüstan üzərindən qurduğu planlar barədə iddialarda gerçəklik payı varsa, bu, Qarabağ müharibəsindən sonra xeyli həssaslaşmış regionumuza ciddi mənfi təsirləri ola bilər. Qarabağ probleminin həllində özünü dışlanmış kimi görən ABŞ, Gürcüstanı ərazi münaqişəsinə son qoymağa həvəsləndirə bilər. Rusiyanın isə hansı reaksiya verəcəyini proqnozlaşdırmaq çətin deyil və bu,regionda yeni genişmiqyaslı müharibəni tətikləyə bilər ki, indilikdə bu cür gərginlik Azərbaycanın maraqlarına uyğun deyil. Əlbəttə, Gürcüstanın ərazi bötüvlüyünü bərpa etməsi suveren haqqıdır, amma bunu Rusiyanın üzərinə getməklə həll etməyin mümkün olmadığını 2008-ci ilin avqsutunda bütün dünya gördü…

Nazim SABİROĞLU, 
Musavat.com

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …