Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Los Ancelesdə nəşr olunan qəzet dini icma rəhbərlərinin Şuşaya səfərinə dair məqalə dərc edib

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayevin Azərbaycandakı dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin tərkibində Şuşa şəhərinə səfəri haqda yazdığı məqaləsi 22 iyul 2021-ci il tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub.

Boyukmillet.com xəbər verir ki, həm çap, həm də internet versiyası olan “Jewish Journal” ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi qəzetidir.

Qəzetin aylıq 4,5 milyon oxucusu (unique visitors) var.

“34 il sonra Azərbaycanın Yerusəliminə qayıdış” başlıqlı məqalədə müəllif sonuncu dəfə 1987-ci ildə Şuşa şəhərində olduğunu, o zamana qədər Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin əməkdaşı kimi hər il ən az bir dəfə Şuşaya səfər etdiyini bildirir. Şuşanın əhəmiyyətindən danışan M.Yevdayev bu şəhərin Azərbaycanın mədəniyyət paytaxtı olduğunu qeyd edir və bu baxımdan bildirir ki, Yerusəlim İsrail və yəhudi xalqı üçün hansı dəyərə malikdirsə Şuşa da Azərbaycan üçün eyni dəyəri daşıyır.

Müəllif daha sonra Şuşanın tarixi haqda məlumat verərək, şəhərin 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salındığını və Qafqazın əsas mədəniyyət mərkəzlərindən birinə çevrildiyini qeyd edir.

M.Yevdayev ermənilərin Sovet dövründə və ondan əvvəl Qarabağda yerli azərbaycanlılarla sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, ancaq 80-ci illərin sonunda Ermənistandakı və erməni diasporundakı ultra-radikal millətçilərin məkrli fəaliyyətlərinin bu əmin-amanlığı pozduğunu və qanlı münaqişəyə gətirib çıxardığını vurğulayır. 1992-ci ildə Şuşanın Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdıran M.Yevdayev ölkəmizin 20 faiz suveren ərazisinin işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir. M.Yevdayev nəhayət 2020-ci ildə Azərbaycanın Şuşa şəhəri də daxil olmaqla Ermənistanın işğalı altında olan torpaqlarını azad etdiyini diqqətə çatdırır.

Müəllif daha sonra Azərbaycandakı dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin Şuşaya səfəri haqda ətraflı yazaraq, bir zamanlar yaxşı tanıdığı şəhərin işğal müddətində dəhşətli dağıntılara məruz qalmasının canlı şahidi olduğunu qeyd edir. Dini liderlərin Şuşadakı kilsə və məscidlərdə ibadət etdiklərini və bütün bu ibadət evlərinin hazırda təmir edildiyini bildirən M.Yevdayev bu xüsusda Azərbaycandakı dinlərarası tolerantlıq ənənələri haqda məlumat verir.

M.Yevdayev sonda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, 1992-ci ildə Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş Albert Aqarunovun vətənpərvərliyi və şücaəti haqda danışaraq, Şuşa şəhərində onun xatirəsinin əbədiləşdirilməsi məsələsini müzakirə etdiyini bildirir.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …