“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər üzrə pasportlar (reqlamentlər) hazırlanıb.
Boyukmillet.com xəbər verir ki, nazirlikdən “Report”a verilən məlumata görə, bunu vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək dövlət orqanları (qurumlar) üzrə Əlaqələndirmə Komissiyasının ilk iclasında Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Komissiyada 26 istiqamətdə xidmət göstərəcək 7 dövlət orqanının rəhbərlərinin müavinləri təmsil olunur.
S.Babayev vurğulayıb ki, dövlət başçısının qeyd olunan Fərmanı şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğının davamıdır. Sənədə əsasən, həmin şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlərin vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsi təmin olunacaq.
Fərmanla verilmiş tapşırıqların icrası istiqamətində ardıcıl işlər aparılır. Mərkəzlərdə dövlət orqanlarının əməkdaşlarının müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılması, xidmət göstərəcək qurumların informasiya sistemləri arasında əlaqələndirmə də təmin ediləcək.
Nazir DOST mərkəzlərində vahid əlaqələndirmə xidmət pəncərələrinin açıldığını, müraciətlərin qəbuluna başlanması üçün informasiya texnologiyaları sahəsində ilkin hazırlığın təmin edildiyini, mərkəzlərin fəaliyyətinin təşkili ilə bağlı müvafiq qurumlar üçün təqdimatlar keçirildiyini, digər bir sıra istiqamətlərdə də işlərin aparıldığını qeyd edib.
Gülçin Cəmil