“Zəiflədilmiş müxalifət”in yerini tutan “zəhərlilər” haqda
Yoxsa iqtidar komandası “ənənəvi müxalifət” adlandırdıqları köhnə, mötədil müxalifətçilərin qədrini bilməyə başlayır?
Bilmirəm, iqtidar rəsmilərinin son vaxtlar səsləndirdikləri bəyanatlardan, verdikləri açıqlamalardan bu mənanı çıxarmaq olar, yoxsa hələ tezdir.
Ancaq iki ciddi fakt göz önündədir. Onlardan biri odur ki, siyasi arenanın müxalif cinahı getdikcə daha çox başıpozuq, tam destruktiv, qan-qan deyən, İŞİD düşüncəli, heç bir əxlaq, etika qaydaları gözləməyən qüvvələrin əlinə keçməkdədir.
İkinci fakt odur ki, hamı, iqtidar düşərgəsi də bunun fərqindədir və belə olmasını istəmir. Bundan əvvəl YAP funksioneri, deputat Siyavuş Novruzovun milli-azadlıq hərəkatının liderlərinə müraciəti, ardınca prezidentin köməkçisi Əli Həsənovun yazdığı status bu xoşagəlməz durumun dərk edildiyini göstərir.
Təxminən 10-15 il idi, iqtidar dairələrində siyasi müxalifətə dair ritorika başqaydı. Seçki yoluyla, dinc hakimiyyət dəyişikliyi mexanizmi ilə dövlət başına gəlmək, parlamentdə, bələdiyyə orqanlarında təmsil olunmaq istəyən siyasi qüvvələrlə başqa dövlətlərin himayəsinə arxalanaraq gecə-gendüz silahlı üsyan barədə fikirləşən destruktiv, düşmən qüvvələrin arasında fərq qoyulmurdu.
Hakimiyyətə iddia edən bütün qüvvələr “düşmən” hesab edilirdi və onlara qarşı lazımi tədbirlər görülürdü. Buraya həmin qüvvələri parçalamaq, zəiflətmək, daima təzyiq altında saxlamaq, əl-qol açmalarına imkan verməmək kimi silsilə və kompleks tədbirlər daxil idi.
Bu siyasətdən leqal müxalifət daha çox zərər çəkirdi. Çünki onlar açıq fəaliyyət göstərir, niyyətlərini, məqsədlərini, mübarizə üsullarını açıq bəyan edirdilər. Liderləri, üzvləri, fəalları, tərəfdarlar, təəssübkeşlər kontingenti bəs-bəlli ortadaydı. Onları nəzarət altında saxlamaq asan idi.
Ancaq eyni şeyi gizli fəaliyyət göstərən, tamamilə xarici dövlətlərdən maliyyələşən, xaricdəki ağalarından barmaq işarəsi alan kimi “bə çeşm” deyə hərəkətə keçən və ölkədaxili vəziyyəti gərginləşdirən qüvvələrə aid etmək olmazdı.
Onların mütəşəkkil qrupları nə rəsmi dövlət qeydiyyatında idi, nə üzvlərinin sayı açıqlanırdı, nə də öz məram və məqsədlərini elan edirdilər. Üstəlik, belə qüvvələrin əlverişli şəkildə faydalandıqları bir pərdə də vardı – ibadət. Bu üzdən idi ki, bəzi məscidlər partiya təşkilatının qərargahına, bəziləri də müharibə gedən regionlara döyüşçü səfərbər edən hərbi komissarlıqlara dönmüşdü.
Düzdür, onlar da axırda ifşa olundular, xeyli dərəcədə zərərsizləşdirildilər, ancaq gec oldu və heç də tam şəkildə olmadı. Həftənin cümə günləri bəzi məscidlərdə bir babat mitinqin adamı toplanır. Onların sırasında sırf ibadət əhli olanlar da var, amma özlərini partiya təşkilatının həftəlik toplantısına gəlibmiş kimi aparanlar da çoxdur.
10 il əvvəl bəzi deputatlar yaxşı bir nailiyyətə qol qoyubmuşlar kimi fəxrlə bəyan edirdilər: “Ölkədə müxalifət yoxdur”; “Ölkə müxalifətinin təsir gücü, nüfuz dairəsi sıfıra enib“, “Ölkədə yalnız bir ciddi partiya var, o da hakim partiyadır”.
Zaman göstərdi ki, bu yanlış düşüncədir. Heç də müxalif düşüncəli, aktiv, ambisiyalı fərdlər yoxa çıxmayıblar, onlar sadəcə, qanunlar çərçivəsində fəaliyyət göstərən və əlindən bir iş gəlməyən, yəni seçkili orqanlarda təmsil oluna bilməyən siyasi partiyalardansa, gedir, “hakimiyyəti tezliklə, necə olur-olsun götürəcəyik” deyə böyük vədlər verən radikal, ekstremist qüvvələrin sırasına qatılırlar.
İlk dəfə belə bir xəbərdarlıqla 2006-cı ildə çıxış etmişdik. O zaman jurnalist Şahvələd Çobanoğlu “Gündəlik Azərbaycan” qəzetində yazmışdı ki, leqal siyasi müxalifətə basqılar o yerə gətirib çıxaracaq ki, siyasi meydan saqqalı uzun, şalvarı gödək insanların əlinə keçəcək.
İndi meydanda təkcə o qüvvələr deyil. Qalstuklu, müəllim görünüşlü, sözünə “üzr istəyirəm”lə başlayıb, “fikrinizlə razı deyiləm, bəy, amma öz düşüncənizdə qala bilərsiniz” deyən ədəbli müxaliflərin yerini əks fikir eşidəndə dərhal söyüşə əl atan, polemikalarda “satqın”, “xəyanətkar”, “debil”, “dönük”, “tula”, “əclaf”, “şərəfsiz”, “namussuz” kimi ağır, zəhərli sözlər işlədən, bütün ədəb qaydaların tapdayan, həddən artıq aqressiv gənclər alıb.
Bir daha təsdiq olunur ki, ağzı lehimlənmiş dəmir qaba doldurulan suyu sıxmaq üçün onu döymək işə yaramır, su sıxılmayacaq, amma su qabı gülləkeçirməz materialdan olsa belə, partlayacaq.
Ziyanın yarısından qayıtmaq mümkündür. Bundan ötrü leqal, ədəbli, qanunlara hörmət qoyan müxaliflərin haqqını vermək, onların yenidən güc mərkəzinə çevrilməsinə mane olmamaq yetər. O zaman aqressiv gənclər həmin mərkəzlərdə toplaşacaqlar və ədəb-ərkan, polemika mədəniyyəti, normal siyasi mübarizə üsulları öyrənəcəklər.