Emin HƏSƏNLİ
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq
“…Bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz… Unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq. Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar… ” – Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bu fikirlərinin yer aldığı sosial şəbəkədəki statusları, təbii olaraq, böyük əks-səda doğurdu.
Hörmətli Əli müəllimin son proseslər, Azərbaycanı hər yöndən və hər cür cür yolverilməz formada hədəfə alan fərdlərin, qrupların qəsd-qərəzi barədə açıqladığı fikirlər gündəmi tamamilə dəyişdi. Bu məsələlər və proseslərlə maraqlanan hər kəsin düşüncələrini üstün məcraya yönəltdi. Əli Həsənov ictimai-siyasi polemikanın elə bir səviyyəsini təklif və müəyyən etdi ki, axır vaxtlar söyüş-qarğışı, təhqiri, iftiranı vətənə, dövlətə qarşı silaha çevirənlər dalana dirəndilər. Onlar bu çıxışla labüd seçimə məhkum edildilər: ya öz iyrənc “silah”larından əl çəkərək siyasi polemika meydanını birdəfəlik tərk etməli, ya da mübarizə üçün normal üsullara, polemikanın sivil, mədəni formasına yiyələnməlidirlər.
Lakin sözügedən statusların bu qədər effektli alınması hörmətli Əli Həsənovun təkcə dövlət xadimi, çox geniş və güclü bir sahəyə cavabdeh şəxs, daha mühümü isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədaqətli, yorulmaz köməkçisi olması ilə bağlı deyil. Doğrudur, onun fikirləri şəxsi səhifəsindən yayılsa belə, bütövlükdə Azərbaycan hakimiyyətinin, dövlətimizin rəhbərliyinin mövqeyi kimi qarşılandı. İlk növbədə bu baxımdan ictimai fikri təlatümə gətirdi. Ancaq burada başqa bir önəmli səbəb də həmin fikirlərin məhz vətənin, millətin mənafeyinə yönələn zərbələri dərin ürək ağrısıyla qarşılayan həqiqi vətənpərvər, gerçək millətsevər tərəfindən irəli sürülməsidir. Nümunəvi həyat və fəaliyyət yolu uzun illərdən bəri göz önündə olan həqiqi ziyalının, tarixçi alimin, əsl azərbaycanlının aydın mövqeyini ifadə etməsidir.
Özünün də qeyd etdiyi kimi, professor Əli Həsənov heç zaman, heç bir halda etik çərçivədən cüzi də olsa kənara çıxmayan, hətta ən gərgin məqamlarda da emosiyalarına nəzarəti bacaran şəxsiyyətdir. Eyni zamanda, cavabdeh olduğu sahədə də hər kəsin bu xətti izləməsinə maksimum dərəcədə çalışan dövlət xadimi kimi tanınır və qəbul edilir. Bu xüsusiyyətlərin formalaşmasında isə, heç şübhəsiz, onun uzun illər Ümummilli lider Heydər Əliyev, daha sonra və hal-hazırda da cənab İlham Əliyev kimi mükəmməl rəhbər şəxsiyyətlərlə birgə çalışmasının müstəsna rolu vardır. Son 25 ildə Azərbaycan ictimai-siyasi mühitində, ölkə mediasında söyüş, təhqir, fərd-ailə-nəsil yönündə çrkin sataşmaların olmaması, ən azından minimum həddə qalması məhz bu amillərlə əlaqədardır. Lakin görünür, mübarizənin, polemikanın sivil müstəvidə, etik çərçivədə aparılması üçün bunlar da kifayət deyil. Mühitin normallaşması üçün qarşı tərəfin, yəni müxalifətçiliyi qatı düşmənçilik, hakimiyyətdən narazılığı vətənə, millətə dönük çıxmaq kimi anlayanların da ədəb-ərkana, əxlaqi dəyərlərə yaxınlaşmaları lazımdır. Qarşı tərəf ləyaqətlə davranmayanda, opponentlik etmək adıyla hər cür nifrətəlayiq davranışı, həqarəti özünə rəva biləndə vəziyyət çətinləşir. Onlar vətəni, dövləti öz cılız maraqlarına qurban edəndə Azərbaycan hakimiyyətinin timsalı kimi nümunəvi rəftarı seçənlərin, konkret bu məqamda Əli Həsənovun və onunla bir mövqedə dayananların davamlı cəhdləri istənilən nəticəni verə bilmir. Nə yazıq ki, müxalifətçilik pərdəsi altında yolunu azaraq xarici dairələrin əlində oyuncağa dönənlər bununla müəyyən mənada manqurt davranışı nümayiş etdirirlər. Aydındır ki, manqurtluq yaddaşdan, düşüncədən məhrum edilərək yadların əlində alətə çevrilmək, doğma yurduna, öz xalqına qənim kəsilməkdir. Belə olan halda, şəxsi hirs-hikkə üzündən sağlam düşüncəsini itirənlərin, xaricdən gizli-aşkar sifariş alaraq, Azərbaycan adına nə varsa hamısına arxa çevirərək, söyüşə, təhqirə qurşananların məlum durumu manqurtluq deyil, bəs nədir? Cılız maraqlar güdüb siyasi mübarizəni, ictimai polemikanı durmadan çirkinləşdirənləri, azərbaycanlı xarakterinə belə iyrənclikləri calayanları manqurtdan nə ilə fərqləndirmək olar?
Belələrinin simasını və say tərkibini, onların əməllərinin qara mahiyyətini hörmətli Əli müəllim tam dəqiq müəyyənləşdirib: “…Söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir. Onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir… Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir…”
Hər bir arzuolunmaz situasiya kimi, əlbəttə, bu vəziyyətdən də çıxış yolu var. Söyüş-təhqirin, biabırçı söz-söhbətlərin siyasi mübarizə elementinə çevrilməsinin qarşısını almaq yenə də mümkündür. Əminik ki, Azərbaycan hakimiyyəti dövlətin, millətin maraqlarına zidd olan istənilən hərəkəti dayandırmağa qadir olduğu kimi, bu yöndə də təsirli addımlar düşünür. Heç şübhəsiz, həmin addımlar öz yerində, zamanında atılır və atılacaq da. İctimaiyyətin, medianın, vətəndaş cəmiyyəti qurumlarının üzərinə isə, ayıq-sayıq olmaq, qəti mövqe nümayiş etdirmək, məlum söyüşçüləri dərhal kəskin qınamaq vəzifəsi düşür. Professor Əli Həsənovun qeyd etdiyi kimi: “Cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar…”