Bir neçə gün əvvəl, sosial şəbəkələrdə edilən bir paylaşım diqqətimi çəkdi. Gördüm ki, orta məktəb müəlliməsi olan bir xanım filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüyü diplomun alınması ilə bağlı sevincini izləyiciləri ilə bölüşüb. Müəllimənin adı mənə tanış gəldi. Araşdırdıqda məlum oldu ki, həmin xanım son bir neçə ay ərzində ardıcıl informasiya basqısına məruz qalan əyalət məktəblərindən birinin direktorudur. Düzü, həmin müəllimə barədə yazılan ardıcıl tənqidi məqalələrdə bir kampaniyaçılığın elementlərini sezmişdim. Adama təəccüblü gəlirdi, niyə mediamız Şamaxının bir qəsəbə məktəbində baş verənlərə bu dərəcədə həssaslıqla yanaşır? Neqativliklərdən heç bir müəsissə, təhsil ocağı sığortalanmayıb. Sözügedən məktəbdə də hansısa kiçik qüsurların olması, həmin neqativliklərin hətta mediaya yol tapması təbiidir. Amma bununla bağlı bir məqalənin yazılması kifayət edir ki, həmin istiqamətdəki nöqsanlar aradan qaldırılsın. Peşəkar jurnalist kimi bu şübhələrimi heç kimlə bölüşmədim və bu barədə yalnız özüm-özümlə dərdləşməli oldum. Məhz barəsində mənfi bir kampaniyanın aparıldığı həmin məktəbin direktorunun gənc yaşında alimlik dərəcəsinə yüksəlməsi məndə bu mövzu ətrafında araşdırma aparmaq həvəsini oyatdı. Qəribə paradoks yaranır. Əyalətdəki qəsəbənin gənc yaşlı xanım direktoru alim olur. Diqqət edək ki, bu həmin rayon üçün qürurverici bir hadisədir. Çünki Şamaxı rayonunda fəaliyyət göstərən 72 məktəb içində bu uğura ilk olaraq məhz Babaşova imza atıb. Yəni daha dəqiq ifadə etsək, Gülnurə xanım Şamaxıdakı məktəb direktorlarının sırasında yeganə alimdir. Əslində, bu örnək olan bir hadisədir və həmin müəllimənin şanı – şöhrəti barədə təriflərin yağdırılması yerinə, bəziləri onu mediamızın mənfi qəhrəmanına çevirməyə cəhd edir, hətta deyərdik ki, buna qismən nail də ola biliblər. Avtomatik olaraq suallar meydana çıxır: bəlkə bu işin arxasında gənc direktorun uğurlarını qısqanan hansısa bir qüvvə durur? Və ya həmin müəllimə hansısa maraqların təmin olunması üçün ardıcıl şantaja məruz qalır? Yaranan bu haqlı sualları araşdırmaq üçün barəsində söz açdığımız Gülnürə Babaşova barəsində əsl həqiqətlərin üzə çıxarılması istiqamətində kiçik bir araşdırma apardıq.
Gülnurə Babaşova kimdir?
İlk olaraq direktorun özü ilə əlaqə saxlmağa çalışdıq, lakin Gülnürə xanım bizə bildirdi ki, bu mövzuda danışmaq istəmir. Onun barəsində təqdim olunan rəsmi məlumatlara diqqət edək.
Babaşova Gülnurə 1980-ci ildə Şamaxı rayon Sabir qəsəbəsində anadan olub.1997-ci ildə ADPU-nin filologiya fakltəsinə qəbul olub,2001-ci ildə Şamaxı rayon Şəhriyar qəsəbəsində pedaqoji fəaliyyətə başlayıb.2005-ci ildə BSU-nun magistraturasına qəbul olub,2008-ci ildə isə həmin universitetin doktoranturasına qəbul olub.2016-ci ildə dissertasiya işini müdafiə edib,2018-ci ildə isə filologiya ixtisası üzrə fəlsəfə doktoru adını alıb.
Deyilənə görə, bu pilləyə çatmaq Gülnurə xanım üçün asan başa gəlməyib. Daima təzyiq və basqılar altında olunduğu deyilən Gülnurə xanım müəllimlik dövründə öz üzərində çalışaraq, müxtəlif kurslara ,treninqlərə qatılıb. 2012-ci ildə o,”İlin ən yaxşı 100 müəllimi müsabiqə”sinə qatılaraq yüksək balla qalib olmuş və Prezidentin sərəncamı ilə “İlin ən yaxşı 100 müəllimi” sırasında olub. Gülnurə xanım direktorluğa da həmin zamanlarda başlayıb. Onun yüksək bacarığını və işgüzarlığını görən rəhbərlik ona Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində direktor vəzifəsində işləmək təklif edib. Doğulduğu qəsəbədə məktəb direktoru olmaq Gülnurə xanıma əlavə stumul verib. Deyilənə görə, o məktəbə rəhbər təyin edildiyi ilk gündən keçdiyi təlimlərdə öyrəndiyi yenilikləri onun üçün doğma olan məktəbə tədbiq etməyə başlayıb. Onun elə ilk qarşılaşdığı problemlər də burdan başlayıb. Belə ki, illərdir öz dəsti – xətti ilə dərs keçməyə alışmış heç bir rəqabətə getmək istəməyən və vaxtilə Gülnurə xanıma dərs deyən bir neçə qohum-müəllimlərdən ibarət dəstə bundan narazı qalır. Həmçinin mütamadi dərslərin dinlənilməsi, nizam – intizamın tələbi də, asudə işləməyə alışan bir neçə şəxsin xoşuna gəlmir. Onların dili ilə desək “bir uşağın gəlib onlara nizam- intizam qoyması” həmin şəxslərin heç də ürəyincə olmur. Lakin rəhbərliyin Gülnurə xanımım işindən razı qalmasını görüb susurlar.
Həmin zaman çərçivəsində Gülnurə xanım bir qəsəbə məktəbinə rəhbərlik etsə də ,qarşısına qoyduğu bir məqsəd olur: şəhər məktəbləri ilə ayaqlaşmağı bacarmaq. Bunun üçün apardığı ilk islahat müəllimləri Bakıda təşkil olunan müxtəlif kurslara göndərmək olur. Daha sonra şagirdlərlə rəhbərliyin sıx görüşləri təşkil edilir. Ardınca valideynlərlə silsilə görüşlər keçirir.Ən çox da valideynlərlə aparılan mütəmadi görüşlər öz səmərəsini verməyə başlayır.Bu vaxtadək övladının dərsi ilə maraqlanmayan bir çöx valideyn məktəblə sıx əlaqə yaratmağa başlayır, hətta övladının dərsinə biganə yanaşan müəllimlərdən dərs tələb etməyə üstünlük verir. İki-üç il keçdikdən sonra, Sabir qəsəbə məktəbində vəziyyət tamamilə dəyişir. Artıq şagirdlər Şamaxı rayonunda yeganə məktəb kimi müxtəlif beynəlxalq və yerli konfranslara qatılır, ali təhsil müəssisəsinə qəbulun sayı 5-6 dəfə artır.
Gəlin, statistikaya diqqət edək. 2012-ci ildə məktəbdən ali məktəblərə qəbul olanların sayı 2 nəfər olubsa, 2017-ci ildə bu nəticə 19 nəfərə çatıb. Eyni zamanda, Sabir qəsəbə tam orta məktəbin şagirdlərinin görüşlərinə müxtəlif dövlət xadimləri, professor və alimlər gəlməyə başlayır, şagirdlər onların mühazirələrini dinləyir. Bu templi inkişaf ətarfında Şamaxı rayonunun bir neçə məktəbi ilə müqayisə apardıqda görürük ki, anoloji hallar yalnız Sabir qəsəbə tam orta məktəbində baş verib.
Biz Gülnurə xanımdan suallarımıza cavab ala bilməsək də, onun sosial şəbəkələrdə aktivliyini nəzərə alıb,
qeydiyyatdan keçdiyi profilini araşdırmağa başladıq. Çox maraqlıdır ki, son yeddi ay ərzində barəsində gedən neqativ yazıların birinə belə o reaksiya verməyib. Bu xanımın səhifəsində yalnız dövlətçiliklə bağlı mütəmadi silsilə tədbirlər, açıq dərslərlə bağlı məlumatların paylaşıldığına rast gəlmək mümkündür. Onda isə sual yaranır: bəs belə olan halda, Vətəninə , xalqına və qəsəbəsinə xidmət göstərən bu xanımın başına gələn bu olaylar hardan qaynağlanır? Doğurdanmı bu yazılanlar doğrudur, yoxsa onun fəaliyyəti, dövlətə xidməti və sədaqəti kimlərisə narahat edir? Elə bu səbəbdən kənardan -kənara apardığımız araşdırmanı sizlərə təqdim edirik ki, Gülnurə xanım həqiqətən də bir qrup şəxsin qəzəbinə düçar olub. Ancaq prosesə bir şəxsin rəhbərlik etdiyi şübhəsizdir. Məsələnin ən pis tərəfi isə budur ki, həmin şəxsə bu işdə yardımçı olanlar sırasında bir vaxtlar Gülnurə xanımın özünə dərs demiş, onun müəllimi olmuş və bu gün də həmin məktəbdə çalışan, lakin direktorun apardığı islahatlarla razılaşmaq istəməyən müəllimlər də var. Qeyd edək ki, bu kampaniyanın başında duran şəxsin məktəblə heç bir əlaqəsi yoxdur. Hələllik sifarişçilərlə bağlı gəldiyimiz qənaət və bu cür şantaj xarakterli məlumatların hansı jurnalistlər vasitəsilə ictimailəşməsi və sonradan həmin məlumatlar ətrafında hansı spekuliyasiyaların aparılması haqda fikir bildirmək istəmirik. Məlum olur ki, müəlliməni gündəmə gətirtmək üçün onun islahatından narazı qalan və diaqnostik qiymətləndirmədəki nəticə səbəbindən dərsi və sinfi əlindən alınan müəllimlər bir vasitə kimi istifadə olunur. Biz müəllimənin fəaliyyətini məktəbin valideyinlərindən də araşdırdıq. Sizi inandıraq ki, müəllimə haqqında neqativ söz danışan bir valideyn belə tapmadıq. Hətta həmin məktəbdə məzun olmuş bir neçə şagirdləri ilədə əlaqə saxlaya bildik. Onlardan biri “tələbə olmağımı Gülnurə müılliməyə borcluyam”, deməklə kifayətləndi.
Bu yazını hansısa maraq və kiminsə müdafiə olunması aspektində qələmə almırıq. İstəyimiz budur ki, perspektivi olan bir xanımım məruz qaldığı şantaj kampaniyasına bir aydınlıq gətirək. Ancaq mövzu barədə daha ətraflı danışmaq və baş verənlərə aydınlıq gətirmək Gülnürə xanımın özünə aid olan məsələdir.
Çünki bilirik ki, filologiya ixtisası üzrə fəlsəfə doktoru adını yenicə almış Gülnurə xanım danışmağı hamıdan yaxşı bacarar. Ancaq bunu etməkdən niyə çəkindiyini anlaya bilmirik. Düzü, novator bir müəllimə kimi onun media ilə təmasdan qaçmasını təqdir etmirik.Ən azından verdiyi açıqlamalarla o, özü üçün hörülmüş bu hörümçək torunu yırta bilər. Bu artıq onun şəxsi işidir.
Ancaq məsələyə sırf profesional jurnalist aspektindən yanaşanda məlum olur ki, direktora yönələn tənqidi materiallarda yalnız onun özü deyil, bütün ailə üzvləri hədəfə alınır. Məqalələri arşadırdıqda məlum olur ki, hədəf olaraq direktorun məktəbdə müəllimə işləyən anası, bacıları, hətta həmin məktəbdə təsil alan ovadı belə seçilir. Bu da dərin qərəzin olmasından xəbər verir.
Hər şeyə rəğmən, araşdıra bilmədiyimiz bəzi detallar bizim üçün qaranlıq qalsa da, dəqiq onu deyə bilərik ki, çalışdığı qəsəbədə Gülnurə xanımın çox böyük hörməti və nüfuzu var.Əslində, Azərbaycan təhsilinə bu kimi fəaliyyəti , təhsili olan müəllimlər çox lazımdır.Lakin bu araşdırma bizə yeni bir ideya da verir ki, məktəbdə aşağı nəticə göstərən müəllimlərinin fəaliyyətinə də işıq salaq və görək onlar belə göstəricilərə imza atmış direktordan niyə narazılıq edirlər? Çünki əldə etdiyimiz məlumata görə müəllimənin gizli səsini yazıb mediaya ötürənlərin başında məhz qiymətləndirmədə aşağı nəticə əldə edən müəlimlər durur. Ən maraqlı faktlardan bir də budur ki, Şamaxı rayonunun əlaqədar qurumları və xüsusilə də Təhsil Şöbəsi bu məsələdə passivlik nümayiş etdirir. Təsəvvür edin ki, bir məktəbdəki kollektiv üzvləri tərəfindən direktorun səsi yazılır və sonra montaj olunaraq mediaya ötürülür. Bu əməlin özündə cinayət tərkibi var. Çünki qanunvericiliyə görə gizli çəkilişin aparılması və səs yazılarını qeydə almaq cinayət məsuliyyəti yaradan əməl sırasına aiddir. Hadisə Şamaxı rayon ərazisində baş verdiyi üçün, bu fakt həmin rayonun hüquq- mühafizə orqanları üçün cinayət işinin başlanması üçün ilkin əsas da sayıla bilər. (Azinforum.az)