Müxalifətin bir qisminin təmsil olunduğu Milli Şura və Müsavat Partiyası ilin 3-cü ayını mitinqlə başa vurdu. Martın 31-də MŞ və MP Bakının Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda hakimiyyətlə razılaşdırılmış mitinq keçirdilər. Bizim müxalifət əslində çox sözəbaxandı: iqtidar icazə verəndə mitinq edir, seçkiyə qatılır, aksiyalar təşkil edir, iqtidardan azacıq təpki gördükə isə bunların heç birini etmir. Bu dəfə də ötən dəfəkilərdən heç nə ilə fərqlənmədi.
Hacıbala Abutalıbovun kontoruna siyasi rəhbərlik tapşırıb ki, MŞ və MP-nin birgə mitinqinə icazə verilsin. İqtidar üçün öz rəqibinin gücünün, əslində gücsüzlüyünün miqyasını görmək vacibdi. Xüsusilə də seçkiyə 10 gün qalmış. Bir yandan da Bakıda siyasi ehtiraslar soyuq Avropadan söyüş yağdıran qrupun fəaliyyəti ilə coşub-daşır. Onların söyüş aksiyalarının Bakıdakı müxalifətin çörəyinin üstünə yağ sürtüb-sürtmədiyini öyrənməyin ən asan yolu müxalifəti meydana çıxarmaq deyilmi? O zaman bu meydan, bu şeytan…
Gördüyünüz bu foto 31 mart aksiyasının ən pik zamanında, təxminən 15:30 radələrində çəkilib. Partiya sədrləri, MŞ rəhbərləri bu foto çəkilən anda tribunada olublar. Mitinq keçirən təşkilatlar iddia edirlər ki, aksiyalarına 10 min adam qatılıb. Bu şəkil isə hər şeyi açıb ortaya qoyur…
Hər aksiyada müxalifətçilərlə bərabər jurnalistlərin, hakimiyyətin müxtəlif strukturlarının nümayəndələrinin iştirakını nəzərə alsaq, son mitinqə uzaqbaşı 2500-3000 adamın qatıldığını demək mümkündür.
Bəs nədən Əli Kərimlinin propaqanda maşını aksiya iştirakçılarının sayının 10 min nəfər olduğunu iddia edir? Ə.Kərimlini başa düşmək çətin deyil. İflasın, siyasi devalvasiyanın dibinə vurub adam. Facebook çıxışlarında, bloggerlərə verdiyi müsahibələrdə deyir ki, xalq onun yanındadı. Amma real işə gəldikdə, vəziyyətin necə acınacaqlı olduğunu görür. Ona görə də çöküşünü pərdələmək üçün müxtəlif yalanlar söyləmək zorundadı.
Heç kimə sirr deyil ki, Əli Kərimli siyasi bizneslə məşğuldu. Azərbaycanda bu işi ondan yaxşı heç bir müxalifətçi bacarmır. Özü də bilir ki, hakimiyyətə gəlməsi mümkün deyil. Ona görə də siyasətdən biznes kimi istifadə edir. Para aldığı adamlar, mərkəzlər onun “Məhsul”da çıxardığı oyundan məmnun qalarmı sizcə? Adama deməzlərmi, verdiyimiz pullar hara gedir?! Hanı sənin meydana yığdığın adamlar?!
Bu yerdə yada məşhur filmdən replika düşür. Orda film çəkən truppanın üzvlərindən biri rəqqasələrin ifalarına narazılığını bu cür ifadə edir: “8 min pul alıblar, oynamaqlarına bax”.
Əli Kərimlinin də mitinq oyunu bu cür replikanı haqq edir. Aldığı “səkkiz minlər” oynadığı rəqs üçün həddən artıq çoxdu. Kərimlinin əli siyasətdə heç gətirmir. Yəqin yenə “xalq öz taleyinə biganədi, onun üçün keçirdiyimiz aksiyalara gəlmir” deyib, məsuliyyəti cəmiyyətin üstünə atacaq. Əli Kərimli virtual məkandakı “laykların” təsirindən çıxıb, baş verənlərə real baxa bilmədiyi üçün bu gündədir həm də.
Əli Kərimlini bu cür komik və rəzil duruma salan ən əsas qüvvə isə Azərbaycan xalqının müdrikliyidi. Bu millət hər kəsin və hər şeyin fərqindədi. Kimin kim olduğunu çox yaxşı bilir. Onun üzərinə oynanılan böyük oyunlardan da xəbərdardı. Xalq bu virtual qəhrəmanları real həyatda boykot edib, onlara layiq olduqları yeri göstərir. Bununla da oyunlarını pozur.
(Musavat.com)