Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Elməddin Behbud: Ermənistan sülh və sabitlik istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır

Azərbaycanın özünü Qafqazın “pələngi” hesab edənlərin, əslində, heç bir cəsarətə, şücaətə malik olma­dığını cəmi 44 günə isbatlamasından sonra Ermənistan cəmiyyəti ciddi psixoloji sarsıntıya uğrayıb.

Doğrudur, təxminən Nadir şah Əfşarın qətlə yetirilməsindən sonra müxtəlif hissələrə parçalanan Azərbaycan xanədanının ilk dəfə olaraq yenidən topar­lanıb işğal edilmiş torpaqlarını düşməndən təmizləməsi çox böyük uğurdur.

Amma fikrimcə, erməni cəmiyyətinin dərin psixoloji sarsın­tıya uğradılması, yüzlərlə ailənin hələ də meyit axtarışının nəticəsini gözləməyə məhkum olması, “güvəndikləri dağlara qar yağma­sına” şahidlik etmələri və nəhayət, düşmənin yaxın illərdə (bəlkə də daha uzun zaman müddətində) yaxa qurtarması mümkün olmayan məğlubiyyət sindiromuna düşməsi daha mühüm və uzunmüddətli nailiyyətdir.

Ermənilər bu sindiromdan uzaqlaşmağa nə qədər çalışsalar da, məğlubiyyəti guya özlərinə yaxın buraxmadıqlarını göstərmək üçün haldan-hala düşsələr də, həqiqəti gizlədə bilmirlər. Ötən 9 ayın sosioloji nəticələri bu sindro­mun aydın əksidir.

Diqqət edək! Müharibənin əvvəlində Lələtəpəni belə yenidən işğal etməyə iddialı olan düşmən ölkənin baş nazirinin Sovet dönəmindəki sərhədlərə çəkilməyə məcbur edildikdən, kapitulyasiya aktı imzaladıqdan sonra keçirilən seçkidə 700 minə yaxın səs alıb yenidən iqtidar olması, Ermənistanı tərk edənlərin statistikasındakı böyük artımın müşahidə edilməsi, əsgər analarının övladlarını ayrı dövlətin ərazisinə – Qarabağa göndərilməsinə etiraz olaraq aksiyalar keçirməsi, hətta vaxtaşırı olaraq əllərinin hələ silah tutdu­ğunu, ordu adlandırdıqları hərbi birləşmələrinin mövcudluğunu göstərmək üçün Rusiya və Fran­sanın ayaqlarına sığınıb sərhəd postlarımızı və bir sıra digər ərazilərimizi atəşə tutmaları da bunun nəticəsidir.

BBC və Azadlıq radiosunun Ermənistandan və ermənilərin Azərbaycanda kompakt yaşadığı ərazilərdən müntəzəm hazırladı­ğı reportajları diqqətlə izləyənlər düşmənin vahimə içərisində olduğunu hiss etməmiş deyillər. Baxmayaraq ki, bu materiallar fərqli maraqlara və niyyətlərə xidmət edir.

Araikin və Paşinyan hökumətinin nazirlərinin paylaş­dığı video və şəkillərdəki erməni əsgərlərinin gözünün dərinliyində ancaq açıq qorxu və gərginlik du­yulur. Əski özündənrazı və arxayın görünüşlü erməni hərbiçiləri sanki qeybə çəkiliblər. Kamera qarşısın­da nə danışmalarından asılı olma­yaraq, onlar indi sadəcə ümidsizlik içində çapalayan və qeyri-müəyyən gələcəklərindən narahatlıq keçirən toplumun taleyi Azərbaycan əsgərinin barmağının toxunduğu tətikdən asılı olan zavallı fərdləridir.

Bu məsələdə bir mühüm faktor da var! Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılma­sının “olmazsa olmaz”lığında israr etməsi, “bizim torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır” fikrini davamlı şəkildə və qətiyyətlə söyləməsi və bütün bun­ları açıqladığı hər bir fikrin sonadək arxasında dayanan, sözü imzası qədər etibarlı olan şəxsin dilə gətirməsinin erməni cəmiyyətinin düçar olduğu məğlubiyyət sindro­munun daha da dərinləşməsində xüsusi payı var. Diqqətinizi konkret nümunəyə yönəltmək istəyirəm. Bildiyimiz kimi iyulun 7-də Prezident İlham Əliyevin fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonu) və Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Fü­zuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonu) yaradılıb. Cənab Prezidentin siyasi leksikonumu­za gətirdiyi və davamlı olaraq müraciət etdiyi Şərqi Zəngəzur ifadəsinin adının keçdiyi bu fərmanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 98-ci ildönümündə imzalanması, əlbəttə ki, bir neçə cəhətdən mü­hüm siyasi əhəmiyyət daşıyır.

Birincisi, Azərbaycan Zəngəzurla bağlı iddialarını siyasi müstəvidən hüquqi müstəviyə keçi­rir. Bir ərazinin Şərqi varsa, demək Qərbi də var…

İkincisi, Azərbaycanın regi­onun siyasi və iqtisadi konfiqu­riyasını dəyişəcək, hazırda inşa olunan yeni nəqliyyat şəbəkəsinin məsafəcə qısa (42 kilometr), ancaq bir çox cəhətdən böyük əhəmiyyəti olan hissəsi – Zəngəzur dəhlizinin açılması ilə bağlı israrının da­vam etdiyini göstərir. Fərmanda Zəngəzur qəzasının yaradılma­sı tarixinə növbəti dəfə istinad edilməsi də buna sübutdur.

Üçüncüsü, ermənilərin müvəqqəti olaraq sülhməramlıların nəzarət etdiyi Azərbaycan ərazisindən qarşı tərəfdəki hərbiçilərimizə atəş açıb var­lıq göstərmə cəhdləri fonunda Prezident İlham Əliyevin ölkə Konstitusiyasını rəhbər tutaraq Xankəndi, Xocalı və Xocavəndin də daxil olduğu Qarabağ iqtisadi rayonu yaratması Ermənistan başda olmaqla destablizə cəhdləri göstərən bütün tərəflərə adıçəkilən ərazilərdə də Azərbaycanın Kons­titusiya quruluşunun addım-addım bərpa olunacağının mesajıdır. Status mövzusunu müzakirə etmək üçün telefonda həmsöhbət axta­ranlar Azərbaycanın bu məsələ ilə bağlı hüquqi müstəvidə də qətiyyətli qərarlarını izləməyə məcbur olacaqlar.

Hər vəchlə regiona təşrif buyurmağa çalışan Marsel Fran­sasının və müvəqqəti fəaliyyətinə daimilik səbəbi axtaran məlum qüvvənin dəstəyi ilə ermənilərin təxribat cəhdləri birmənalı olaraq Azərbaycan dövlətinin Xankəndi, Xocalı və Xocavənd adının tez-tez çəkildiyi fərman, sərəncam, qanun və s. qəbul etməsi və bundan da irəli gələn praktik addımlar atması ilə müşahidə olunacaq.

Bütün bunlar erməni istibleşmentinə və cəmiyyətinə öldürücü zərbələr vurur…

Əli Xocalıda və Azərbaycanın digər torpaqlarında yüzlərlə məsum körpənin və digər mülki insanların qanına batan Robert Koçarya­nın ötən ay parlament seçkisinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qafanda söylədiyi fikri əslində Vətən müharibəsi nəticəsində Azərbaycanın qazan­dığı qələbənin regionda yaratdığı yeni siyasi vəziyyətin ən dolğun ifadələrindən biri hesab etmək olar. Koçaryan bildirmişdi ki, “mən ölkəni bunlara (yəni Paşinyan iqtidarı­na) təhvil verəndə Ermənistanın Azərbaycanla sərhədləri Beyləqan yaxınlığında idi, indi isə secicilərlə görüşü Azərbaycan bayrağının (Qafan aeroportuna qonşu olan yüksəklikdə dalğalanan dövlət bayrağımızı nəzərdə tutur) altında aparmağa məcburam”.

Ermənistan Müdafiə Nazirliyinin sentyabrın 15-dən dekabrın 15-nə qədər ehtiyatda olan hərbçilərin toplanışını həyata keçirəcəyini elan etməsi və baş nazirin sülh müqaviləsi üçün yenə absurd şərtlər irəli sürməsi də ermənilərin qısıldıqları dalandan çıxması baxımdan təsirsiz addımlardır. Ermənistan cəmiyyətində hələ də revanşist qrupların varlığına, onla­rın siyasi təmərküzləşmə çabaları­na, seçkidə qalib gəldikdən sonra Paşinyanın oyunpozanlıq xarakterli çıxışlarına rəğmən erməni siyasi elitasında çoxluq manevr imkanla­rının tükəndiyini anlayır. Sadəcə bu anlayışlarının rəsmi təsbiti olacaq sülh müqaviləsi imzalamağın zəruriliyini etiraf edib postmüharibə dövründə Azərbaycanla dövlət sərhədlərinin delimitasiyası işlərinə başlamaqdan başqa optimal vari­antın olmadığını birmənalı şəkildə açıqlamağa cəsarət etmirlər.

Hələlik isə iki ölkə arasında olmayan münasibətləri gözləmə vəziyyəti adlandırmaq olar. Cənab Prezidentin bu açıqlaması 10 noyabrdan sonra üçtərəfli formatda aparılan konfedensial danışıqların istiqamətini və məzmununu aydın göstərir. Azərbaycanın diktə edən tərəf kimi mövqeyi birmənalı və dəyişilməzdir: Biz Ermənistana gündəlik göndərmişik – Sülh müqaviləsi. Biz danışıqlara başla­mağa hazırıq. Müharibə qurtarıb. Ermənistan bizim ərazi bütövlü­yümüzü tanısın, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasi­yası həll olunsun. Ermənistan yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də”.

Elməddin BEHBUD,

Jurnalist, “Demokratik Azərbaycan naminə” İctimai Birliyinin sədri

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …