Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “İran blokada şəraitində olan bir region üçün yolu üzümüzə bağladı

Azərbaycan və İran arasında bu il 9 ay ərzində ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 22% artıb. Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşdə deyib.

Ş.Mustafayevin sözlərinə görə, ticarət dövriyyəsi, ötən 2 ildə koronavirus pandemiyasının ölkələrin iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməsinə baxmayaraq, artıb. İran və Azərbaycan arasında nəqliyyat bir gün belə dayanmayıb. Ş.Mustafayev deyib ki, Azərbaycanda 2 min İran şirkəti qeydiyyatdan keçib və uğurlu layihələri həyata keçiriblər. Onun sözlərinə görə, İrandan Azərbaycana və Rusiyaya keçən Şimal-Cənub Dəhlizi iki ölkənin üzərində işlədiyi layihələrdəndir. Neft-qaz sahəsində də müzakirələr aparılıb.  İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib ki, cari İran ilinin 7 ayı (21 mart – 22 oktyabr 2021) ərzində İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 14% artıb. Onun sözlərinə görə, qeyd olunan müddətdə İranın Azərbaycanla ticarət dövriyyəsi təxminən 300 milyon dollar təşkil edib.

Lətifi əlavə edib ki, 7 ayda İran Azərbaycana təxminən 273 milyon dollar dəyərində 466 min ton məhsul ixrac edib. İranın Azərbaycana məhsul ixracı dəyər baxımından 12%, çəki baxımından 19% artıb. Halbuki, bu rəqəm ötən ilin analoji dövründə 244 milyon dollar dəyərində 389 min ton təşkil edib.

Gömrük rəsmisi deyib ki, qeyd olunan müddətdə İran Azərbaycandan 27 milyon dollar dəyərində 15 min ton məhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 93%, çəki baxımından isə 258% artıb. Halbuki, ötən ilin analoji dövründə İran Azərbaycandan 14 milyon dollar dəyərində 4,2 min ton məhsul idxal edib.

Gömrük rəsmisi bildirib ki, İranın məhsul ixracında Azərbaycan 12-ci, məhsul idxalında isə 39-cu yeri tutub.

Əslində, burada xeyli təəccüblü məqamalr var. Dövlətlərarası ticarətdə artım əslində sevindirici xəbər sayılır. Ancaq bu artımın pik həddə çatdığı dönəmdə Azərbaycanla İran arasındakı münasibətlər az qala özünün pik həddinə çatıb.

Məhz arxada qoyduğumuz ötən 7 aylıq dövrdə İran sərhədimizə qoşun yığıldı,  təlimlər keçdi, Tehranda səfirimizi ələ saldılar, Prezidentimiz açıq mətnlə İrana “özünüzü düzəldin” mesajı verdi. Belə çıxır ki, siyasətçilərimiz, hərbçilərimiz, diplomatlarımız və şəxsən  dövlət başçımız bu gərginliyi yaşadığı dövrdə tacirlər və iş adamları – hər kəs öz işində imiş.

Dövlətinlə gərginlik içində olan ölkə ilə heç nə olmamış kimi qızğın ticarət etmək vətənpərvərlik nümunəsi sayıla bilərmi?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri  Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, açıqlanan faktlar olduqca diqqətçəkicidir: “Təbiidir ki, biz qonşularımızla normal siyasi və iqtisadi münasibətlərin qurulmasının tərəfdarıyıq. İranla aramızda ticarət münasibətlərinin olması da normaldır, çünki biz qonşu ölkələrik. İran iqtisadi cəhətdən bütün dünya tərəfindən təcrid olunmuş ölkədir, ciddi sanksiyalar altında yaşayır. Təbiidir ki, belə bir ölkə ticarət əlaqələrini inkişaf etdirməkdə çox maraqlıdır. Ancaq söhbət müharibə şəraitində olan dönəmdən gedirsə, doğrusu,  açqılanan rəqəmlər məni də təəccübləndirdi. Dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin hansı səviyyədə olması iqtisadi münasibətlərə təsirsiz ötüşmür. Rusiya bütün Avropanı qaz şantajı ilə üz-üzə qoyur. Münasibətlər gərginləşən kimi təbii qazın verilişini kəsir. Bütün tarix boyu belə olub. Ölkələr arasında siyasi gərginlik yaranan kimi iqtisadi münasibətlər korrektə olunub. İranla bizim aramızda isə gərginlik yox, az qala müharibə şəraiti yaranmışdı. Belə çıxır ki, ticarətçilərimiz aranın qarışmağından istifadə edib, pullarını qazanmaqla məşğul olublar. Bəs bunların milli təəssübkeşliyi harda olub? Gəlin həmin dönəmdəki İranın davranışlarına fikir verək. Dərhal Naxçıvana hava yolu ilə hərbi yüklərin aparılmasına qadağa qoydu. Blokada şəraitində olan bir region üçün yolu üzümüzə bağladı. Hazırda Naxçıvandan xəbərlər gəlir ki, İran təbii qazın verilişini kəsib. Deməli, İran  əlində olan bütün mümkün vasitələrlə bizə bacardığı qədər  təzyiq edir. Özü də bütün bunlar paralel olaraq həm  siyasi, həm də iqtisadi sahədə aparılır. Hesab edirəm ki, biznes adamlarımız  belə məqamlarda mütləq mənada milli təəssübkeşlik hisslərini kənara qoymamalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …