Sabir Rüstəmxanlı: “Onun şeirlərinin bizim taleyimizdə xüsusi rolu olub”“O, Meydan hərəkatı zamanı meydana ilk çıxan şairlərdən idi”
Bu gün Azərbaycanın xalq şairi, böyük ədəbi mütəfəkkir Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümüdür.
Boyukmillet.com xəbər verir ki, Bəxtiyar Vahabzadənin ədəbiyyatımızdakı mövqeyi, onun poeziyasının milli ruhun qorunması, azadlıq ideyasının yayılmasındakı rolu və s. ilə bağlı məsələlərə xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
– Sabir bəy, öncə bilmək istərdik ki, Azərbaycanda azadlıq və müstəqillik ideyalarının yayılmasında, xalqın milli kökünə, tarixinə boylanmasında Bəxtiyar Vahabzadə yaradıcılığı nə dərəcədə mühüm rol oynayıb?
– Bu, böyük bir mövzu, namizədlik işidir. Bu barədə qısa danışmaq mümkün deyil. Azərbaycanın müstəqillik qazanmasında, sovet dövründə bütün çətinliklərinə baxmayaraq milli ruhun qorunub saxlanılmasında bütövlükdə ədəbiyyatın çox böyük rolu olub. Azərbaycan dilinin dövlət idarələrindən kənarlaşdırıldığı, iki dəfə əlifbanın dəyişdirildiyi, dilin adının dəyişdirildiyi müəyyən dövrlərdə klassik ədəbiyyatın ən görkəmli nümayəndələri və nümunələrinin – Dədə Qorqud kitabının, Hüseyn Cavidin, Ordubadinin “Qılınc və qələm” əsərinin yasaqlandığı bir dövrdə, xalqın öz ruhunu qorumasında, azadlıq ideyasının yaşadılmasında ədəbiyyat ümstəsna rol oynayıb.
– Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında necə ədəbiyyatın bilavasitə və ya dolayısı ilə mühüm rol oynadığını iddia etmək mümkündürmü?
– Ədəbiyyat həm də 1918-1920-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin memarlarından biri olub. O vaxta qədər isə azadlıq ruhu mətbuatda, ədəbiyyatda, “Molla Nəsrəddin” jurnalında yaşayaraq 1918-ci ildə AXC-nin yaranmasına səbəb olmuşdur.
Cümhuriyyətin yaradıcıları həm də ədəbiyyat adamları idi. Həm M.Ə.Rəsulzadə, həm onun silahdaşları bu qəbildən olan insnalar idi. Dövlətin ideoloji təməllərini hazırlayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov – onların hamısı jurnalist, yazıçı və ədəbiyyat adamları idi.
– Bəs 1991-ci ildə Azərbaycanın ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşmasında ədəbiyyatçılar yetərincə rol oynadımı?
– 1991-ci ildə qurulan müstəqil dövlətimizin də əsas ideya müəllifləri və bu ideyanı sovetlərin ən çətin dövründə yaşadan ədəbiyyatçılar idi. Onlardan biri də Bəxtiyar Vahabzadə olmuşdur. Gənclik ilərinmizdə bəzi ədəbi əsərlər bizim ruhumuzu cilalamışdır. Azadlıq və müstəqiliyin nə qədər dəyərli nemət olduğunu bizə anlatmışdı. Bu baxımdan Bəıxtiyar Vahabzadənin, Məmməd Arazın, Balaş Azəroğlunun ə s. şeirlərinin bizim taleyimizdə xüsusi rolu olub.
– Bəxtiyar Vahabzadə və onun yaradıcılığının Azərbaycanın müstəqilliyindəki rolu ilə bağlı nə deyə bilərsiniz?
– Bəxtiyar Vahabzadə Meydan hərəkatı başlayanda meydana ilk çıxan şairlərdən biri idi. Bundan əvvəl isə o, öz yazılarında – həm “Gülüstan” poeması ilə, həm ana dili və Güney mövzularında yazdığı şeirlərlə gənclərin milli şüurunun oyanmasında mühüm rol oynamışdır. Bəxtiyar Vahabzadə bizim ədəbiyyat tariximizdə xüsusi yeri olan bir şəxsdir. Hələ sağlığında Bəxtiyar Vahabzadəyə haqsız yerə hücumlar olanda onun haqqında yazı yazmışdım. Yazı “Millətin əsəb nöqtəsi” adlanırdı. Orada qeyd etmişdim ki, Bəxtiyar Vahabzadələr bu millətin əsəb nöqtəsidir. Onlara toxunmaq olmaz. O vaxt yazmışdım ki, Bəxtiyar Vahabzadə haqqında deyilən əsassız sözlər mənasızdır. Sabah Bəxtiyar Vahabzadə olmayanda bütün bu sözlər unudulub gedəcək, amma onun böyük yaradıcılığı qalacaq. Bu gün biz bu mənzərəyə şahid olmaqdayıq.
– Sabir bəy, Bəxtiyar Vahabzadəni bir müəlim, bir dost kimi necə xarakterizə edərdiniz?
– Bəxtiyar müəllim universitetdə mənim müəllimim olub. Sonra isə yaxın dost olduq və bu dostluq sona qədər davam etdi. Mən onun haqqında çox yazmışam. O, mənim haqqımda yazıb, mənə şeir həsr edib. Aramızdakı yaş fərqinə baxmayaraq, biz ağır günlərdə də, xoş günlərdə də həmişə bir yerdə olmuşuq.
Bəxtiyar Vahabzadə mənə doğma adamdır. Onun bu gün həm Türkiyədə, həm Azərbaycanda böyük bir xalq məhəbbəti ilə anılmasına sevinirəm. O, hər zaman yaşayır və yaşayacaq. Nə qədər ki, onun böyük yardıcılığı var, nə qədər ki, onu xatırlayırlar, o, bu müddət ərzində sağdır və bundan sonra da yaşayacaqdır.