Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Naxçıvanda Günnüt əməliyyatının Lələtəpədən taktiki fərqləri – Prezident maraqlı müzakirə mövzusu açdı

 

“Naxçıvan əməliyyatı zamanı Azərbaycan Ordusu qar ərimədən bütün tədbirləri görüb”

img

Azad İsazadə: “Söhbət həm də yüksək səviyyədə qurulan mühəndis-istehkam qurğularından gedir”

 

Prezident İlham Əliyev REAL televiziyasına verdiyi müsahibədə ordumuzun döyüş uğurlarından da danışıb. Onun sözlərinə görə, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq: “Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik”.

Prezident onu da qeyd edib ki, aprel döyüşləri milli ruhumuzu yüksəldərək zirvələrə qaldırdı: “Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Qeyd edək ki, ötən il Naxçıvanda keçirilən uğurlu Günnüt əməliyyatı nətəcəsində 11 min hektardan çox ərazi düşməndən azad edildi. Sözügedən əməliyyatın üstün cəhətlərindən biri odur ki, çox az itki ilə böyük bir ərazi düşməndən azad edildi. Daha dəqiq desək, əməliyyat zamanı bir nəfər əsgərimiz şəhid oldu. Günnüt əməliyyatı işğalçı ölkədə böyük ruh düşkünlüyü yaratdı. Bütün bu deyilənlərin fonunda, maraqlıdır, Naxçıvan əməliyyatının taktiki baxımdan fərqi nədə idi?

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, qış fəslində dağlıq ərazidə mövqeləri saxlamaq çox çətin olur. Qar səbəbindən təminat çətinləşir və s. Ona görə də cəbhə zonası genişlənir. Bu zaman istər erməni, istərsə də bizim tərəf mövqeləri yaşayış məntəqələrinə yaxın çəkirlər. Bu zaman iki ordu arasında neytral zona genişlənir. Yaz gələndə isə iki tərəf çalışır ki, öz əvvəlki mövqelərinə qayıtsın. Bu səbəbdən baxsaq görərik ki, hər yaz cəbhə bölgəsində periodik olaraq atışmaların sayı bir az çoxalır. Çünki tələsik əvvəlki mövqeləri tutmaq istəyən iki tərəf, istər-istəməz, bir-birilə toqquşur. Günnüt əməliyyatının taktiki üstünlüyü barəsində məndə konkret məlumat yoxdur. Ancaq müəyyən təhlillərə əsasən bəzi məqamları qeyd edə bilərəm. Fikrimcə, Naxçıvan əməliyyatı zamanı Azərbaycan Ordusu qar ərimədən bütün tədbirləri görüb. Bizim əsgərlər o mövqelərə qalxan kimi, həmin dağlara yol çəkilişinə start verildi. Nəticədə qısa yay mərhələsində nəinki yollar salındı, həmçinin, orada kazarma qurdular ki, əsgərlər qışda orada qala bilsin. Necə deyərlər, əsgərlərin təminat bazası əhəmiyyətli dərəcədə döyüş mövqelərinə yaxınlaşdırıldı. Bunun sayəsində qışda həmin mövqelərdən çəkilmək lazım olmadı. Söhbət həm də yüksək səviyyədə qurulan mühəndis-istehkam qurğularından gedir. Bütün bunlar Azərbaycanın taktiki üstünlüyünü təmin edən əsas faktordur”.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir