Türkiyə Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) maksimum səviyyədə istifadə üçün Azərbaycan və digər bölgə ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizinin (SGC) Məşvərət Şurasının 8-ci iclasında çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O bildirib ki, yüksək səviyyədə keçirilən bu tədbirdə region ölkələrinin daha çox əməkdaşlıq etmək əzmində olduğunu göstərir: “Ölkələr arasında əməkdaşlıq enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar nəzərə alınaraq hər il daha da inkişaf etdirilir. İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylər çərçivəsində qlobal bir fenomen olan enerji transformasiyası zərurətdir və bütün ölkələr bu transformasiya prosesləri ilə üzləşirlər.
Təbii qaz bir tərəfdən ölkələrin tədarük təhlükəsizliyini təmin edir, digər tərəfdən isə ölkələrin məqsədlərinə çatması üçün aşağı karbonlu enerji transformasiyası baxımından əhəmiyyətli yanacaqdır. Dolaysıyla, bu koridorun Qərbi Balkanlar da daxil olmaqla yeni enerji bazarlarına doğru genişləndirilməsi və enerji transformasiyası kimi məsələlərin bu gün burada müzakirəsi bizə gələcək əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar verəcək”.
F. Dönməzin sözlərinə görə, bu iqtisadi canlanma bugünkü enerji sisteminin bəzi hissələrinə ciddi təzyiqlər yaradır və təbii qaz, kömür və elektrik enerjisi bazarlarında kəskin qiymət artımlarına səbəb olur: “Bu hadisələr regional enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın vacibliyini də sübut edir. Bu istiqamətdə Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmasaydı, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmayacağını burda bir dəfə daha qeyd etmək istəyirəm. Bu səbəbdən Türkiyə, Avropa ittifaqının enerji təhlükəsizliyini artırmaq üçün ən uyğun yol və ən etibarlı limandır. Türkiyə infrastruktur sərmayələri və beynəlxalq layihələrdəki uğurları ilə etibarlılığını sübut edib”.
Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qazın həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyac var: “Bu çərçivədə regionumuzun rifahı naminə Azərbaycan və digər ölkələrlə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. TANAP-ın 31 milyard kubmetrlik maksimum gücdə istifadəsi üçün investisya yatırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirik”.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.