Cümə , 27 Sentyabr 2024
Drone Cameras

Bir ömrün 70-ci işığı

Yasəmən Möhübbətqızı-70

Bu işıq həmişə xalqın önündə olan “Dövlət və qanun” qəzetini də nurlandırıb

Nəhəng ağacların rişələri özündən on dəfələrlə uzun məsafəyə – dərinliyə baş vuraraq, yerin üst və şor süxurlarını dəlib keçir, saf-şirin su mənbələrini taparaq onlardan həmişəyaşarlıq şirəsi çəkir. O səbəbdən də belə nəhənglər uzunömürlü, təzə-tər, barlı-bəhrəli olur. Onların əzəməti göz oxşayır, kölgəsindən neçə-neçə insan faydalanır…
Haqqında söhbət açdığım mətbuat təmsilçisi də belə nəhənglərdəndir. Onun kökləri azadlıq və müstəqillik beşiyimizdən, demokratiyanın cücərdiyi dövrlərdən su içməyə başlayan qəzetlərin rişələri üzərində bərqərar olub. Bəlkə də ona görə həmişə xalqa yaxın olub, Azərbaycanın mənafeyini və yüksəlişini heç nəyin, heç kimin ayağına verməyib. Yaxşı deyiblər ki, ot kökü üstə bitər…
“Dövlət və qanun” qəzeti ötən iyirmi ildə enişli-yoxuşlu yol keçib. Müxtəlif siyasi burulğanlı dövrlərdə qəzet öz sözünü deyə bilib. Mövcud olduğu bu 20 ildə o, xalqın ehtiyacını, dərd-sərini unutmayıb. Bir də ki, qəzet xüsusi proqramla hərəkət edən “robot” deyil, onu insanlar hasilə gətirir və fəaliyyətini də insanlar müəyyənləşdirirlər. 20 yaşlı bu qəzetin də ömür yoluna möhür qoyan insan var. Burada vaxtilə ayrı-ayrı xasiyyətli, fərqli əqidəli, müxtəlif qabiliyyətli təcrübəli qələm sahibləri çalışıb, qəzetin formalaşmasına öz töhfələrini veriblər. Jurnalistika aləmində belə bir zərb-məsəl var: “Hər bir qəzet öz redaktoruna oxşayır”. Yaxud bu fikri başqa deyimlə ifadə edirlər: “Qəzetin sifəti redaktorun sifətidir”. Bu cür ağız deyimlərinin yaranması təsadüfi deyil. Doğrudan da, redaktor uzaq səfərlər gəmisini okean sularında mənzil başına çatdıran kapitana, yaxud uzun yol qət edən karvanın baş bələdçisi sarvana bənzəyir. Hər iki halda uzun və çətin yola çıxanların taleyi bu kapitan-bələdçilərin təcrübəsindən, səriştəsindən, hətta şəxsi keyfiyyətlərindən asılıdır. Qəzet də müəyyən bir yolun yolçusu olduğundan bu səfərin taleyi onu istiqamətləndirən redaktorun kimliyindən çox asılı olur.
Yasəmən Möhübbətqızı… Təqdimata ehtiyacı olmayan qadın. Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir. Bütün titulları adından sonra gəlir.
“Dövlət və qanun” qəzetinin baş redaktoru, 2004-2014-cü illərdə RVT-nın mətbuat katibi vəzifəsində çalışıb. Hazırda isə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzində sədrin müşaviridir.
İstərdim ki, yaxından tanıdığım bu xanımı dostlarıma da tanıdım, haqqında müəyyən bilgilər verim.
ÖMÜRNAMƏSİNDƏN: Yasəmən Əsgərova 31 yanvar 1952-ci ildə Ağsu rayonunda əməkdar pambıq ustası, “Qırmızı Əmək Bayrağı” ordenli Möhübbət kişinin ailəsində dünyaya göz açııb. Orta məktəbdə oxuduğu illərdən fəallığı, biliyi, haqq-ədalət keşikçisi olması ilə seçilib. Orta məktəbi 1969-cu ildə uğurla bitirib. Ali məktəbə qəbul imtahanlarından keçə bilməyən Yasəmən xanım ruhdan düşməyib, Rüstəm Əliyev adına Bakı Əczaçılıq texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra Bakıdakı 53 saylı aptekdə çalışıb. Amma ali təhsil almaq istəyi onu rahat buraxmayıb və Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinin qiyabi şöbəsində təhsilini artırmağa nail olub.
Yasəmən xanımın mətbuata olan həvəsi onu bu sahəyə gətirib çıxardı. Əvvəlcə “Paklıq”, “Həqiqət naminə” qəzetlərində fəaliyyət göstərməyə başladı. Artıq 2002-ci ildə öz istəyinə çatdı və anadan olmasının 50 illiyinə hədiyyə olaraq oğlu Vüqar Əsgərovun təsis etdiyi “Dövlət və Qanun” qəzetinin baş redaktoru kimi çalışmağa başladı.
İctimai həyatda da öz mövqeyi olan bu xanım tezliklə tanınmağa başladı. Belə ki, Respublika Veteranlar Şurası ilə mütəmadi əlaqələr yaradan Yasəmən Möhübbətqızı bu qurumun Plenum üzvü, mətbuat xidmətinin rəhbəri seçilib və düz 10 il bu vəzifəni layiqincə icra edib.
Qeyd etdiyim kimi, Yasəmən Möhübbətqızı olduqca işgüzar, ünsiyyətcil bir xanımdır. Bu xarakteri Respublika Qadınlar Cəmiyyətinin (RQC) də diqqətindən yayınmayıb. Uzun illər bu təşkilatla da əməkdaşlıq edib, RQC sədrinin regionlar üzrə müavini kimi respublikada qadın hərəkatının dirçəldilməsi işinin öhdəsindən ustalıqla gəlib. Qadın təşkilatının yerli şöbələrinin fəaliyyətinin bərpasında özü və baş redaktoru olduğu “Dövlət və qanun” qəzeti böyük rol oynayıb.
Yasəmən xanımın fəaliyyəti bununla bitməyib. Rahatlığın nə olduğunu bilməyən bu xanım yeni başlanğıcların önündə gedib. O, Ümumdünya Sülh Federasiyası Azərbaycan Nümayəndəliyinin təşkil etdiyi seminarların fəal dinləyicisi olduğu üçün “Sülhün səfiri” diplomuna layiq görülüb.
2013-cü ildə ictimai həyatda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Ailə Uşaq Qadın Problemləri Dövlət Komitəsinin diplomunu alıb.
Yasəmən xanım dəfələrlə “Vətənpərvərlər” Cəmiyyətinin, “Mətbuatın inkişafına yardım” İctimai Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” qəzeti redaksiyasının, Respublika Qadınlar Cəmiyyətinin, Respublika və Bakı Şəhər Veteranlar şuralarının, Ağa Musa Nağıyev adına “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təsis etdikləri diplom və Fəxri fərmanlarla təltif olunub. “Vicdanlı qələm”, “Xan qızı Natəvan” və “Qızıl qələm” media sahəsində ona verilən mükafatlardır.
Eyni zamanda o, Respublika Veteranlar Təşkilatının “30 il” yubiley, “Veteran həmrəyli”, “General Həzi Aslanov” yubiley medallarına, Rusiya Prezidenti V.Putinin imzaladığı “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 75 illik” medalına və digər mükafatlara layiq görülüb.
Yasəmən xanım həm də qayğıkeş anadır. 1973-cü ildə ailə həyatı qurub, üç övladı – İlhamə və Vüsalı adlı 2 qızı, Vüqar adlı 1 oğlu var. Hər üç övladına ali təhsil verib. Bu gün 4 oğul nəvəsinin – Hafizin, Nihadın, Nahidin və Ayxanın əhatəsində özünü xoşbəxt hiss edir, onlara da gələcəyin qurucuları kimi cəmiyyətin inkişafında yaxın iştirak etmək üçün özünün tövsiyyələrini verir.
Bunları ona görə yazdım ki, bu ictimai işlərlə bərabər 20 yaşlı mətbuat orqanının fəaliyyətini istiqamətləndirən təkcə bir redaktor olub. O da Yasəmən xanımdır. Heç vaxt yuxarıların əmrlərini kor-koranə yerinə yetirməyib, bütün çətinliklərə, sıxıntılara baxmayaraq, xalqının, respublikasının, dövlətinin, dövlətçiliyinin daim təəssübünü üstün tutub.
Mənim 20 yaşlı qəzetlə ünsiyyətim 2003-cü ilin bu vədələrinə təsadüf edir. Uzun müddət çalışdığım “Ədalət” qəzetindən könüllü gedəndən sonra bir müddət arada çabaladım, “yetimə sözdə çörək verənlər çox olar” ifadəsinin həqiqət olduğuna inandım, elə “Ədalət”in qonşuluğunda yerləşən bir qəzetin (adını çəkmirəm, çünki o özünüreklamda “mahir”, “bic” adam olduğu üçün bundan faydalana bilər) təsisçisi məni şirin diliylə tovlayıb öz “toru”na saldı. Razılaşmaqdan başqa çarəm qalmadı. Bir gün, iki gün, bir həftə, iki həftə, ay sonu… Çəkdiyim zəhmətin müqabilində heç nə verməyən bu “simpatiçnı” oğlan məni düz 7-8 ay pulsuz-parasız işlətdi, hər gün işə çağırdı. Qəzetin yerləşdiyi binaya borcu olduğundan hər gün nəşriyyatın girişində mən saxlanılırdım, təsisçi isə sərbəst olaraq məndən sonra rahatca içəri keçirdi. Sağ olsunlar, köhnə iş yoldaşlarımın nəşriyyatın təsərrüfat işlərinə baxan müdirinə və orada oturmuş polisilərə təsirlərindən sonra bir müddət redaksiyaya rahat keçə bilirdim. Köhnə iş yoldaşlarım mənə bəxtəvər kimi baxır, elə bilirdilər əməlli-başlı əməkhaqqı alıram. Amma, sən saydığını say, gör o qəzet nə sayırdı? Məhz bu alçaqlıqdan sonra bir müddət evdə oturdum, təxminən 6-7 ay. Sonra qapımızda qadınlar arasında olmuş bir söhbət məni həqiqətən hiddətləndirdi, düzü, utandırdı. Cibimdə bir “Qız qalası” çıxdım ki, harada qırılar-qırılar. Onu da deyim ki, o qəzetdə çalışdığım dövrdə qohum-əqrəbadan pul almaqdan daha utanırdım. Artıq qəpiyə güllə atırdım. Qərarımda qəti idim: lap qara fəhləlik olsa da, gedib işləyəcəyəm.
Bu qara-qura fikirlərlə Cavid parkında əyləşmişdim ki, köhnə dostum, iş yoldaşım şair Adil Cəmili gördüm, mənə yaxınlaşıb kef-əhval tutdu. Təxminən aramızda yarım saat söhbət oldu. Qəfildən nə fikirləşdisə, mənim “Ədalət”də çalışıb-çalışmamağımı soruşdu. Dolayısı yollarla onu azdırmaq cəhdim baş tutmadı. Arifanə formada ona bəlli oldu ki, artıq orada yoxam, hələ üstəlik bir ilə yaxın olmasını da öyrəndi. Ayaqüstə qalxıb şax kostyumunun döş cibindən 4-5 ədəd 50 minliyi cibimə necə basdısa, məni soyuq tər basdı bir anda. Mən də ayaqüstə qalxıb onunla süpürrəşəndə dedi ki, Daşdəmir, ayıbdır. Kənardan baxanlar haqqımızda pis fikirləşərlər, sən bunu götür, işə düzələndən sonra qaytararsan. Abrıma qısılıb həmin pulu götürdüm, üz tutdum nəşriyyata. Cibimdə xeyli pul olduğundan qürrələnirdim. Nəşriyyatın qapısında heç kəs nmənə dəyib dolaşmadı. Getdim birinci mərtəbədəki yeməkxanaya. Dostlarla görüşüb onlara yüngül qonaqlıq da verdim. Bir qədər vaxtımı keçirəndən sonra binadan çıxanda keçmiş iş yoldaşım Üzeyirlə üzbəüz binanın qarşısında rastlaşdım. Hal-əhvallaşdıq, “Həftə içi” qəzetində dizayner çalışan bu oğlan dedi ki, üzbəüz binanın birinci mərtəbəsində yerləşirlər. Baş redaktorla danış, sənə də bir iş verər, – deyə mənə ipucu verdi. Baş redaktor Sevinc Seyidovanın işə gəlmə saatını öyrəndim və o vaxta kimi evə getmədim. Nəhayət, Sevinc xanım gəldi, görüşüb söhbət etdik. Adil Şirinlə olan söhbət burada da eynilə təkrarlandı. Baş redaktor işsizliyimi biləndən sonra mənim kimi təcrübəli ali təhsilli jurnalistə nə iş verər sualı ortaya çıxdı. Sadəcə ona dedim ki, işsizlikdən bezmişəm, adi müxbirlik də bəsimdir. Beləliklə, danışdıq, ertəsi gün işə çıxmalı oldum. Üstündən bir neçə gün sonra Adil Şirin ədəbiyyat şöbəsinin redaktoru Rasim Qaraca ilə görüşüb çıxanda məni də burada gördü, bildi ki, elə bu şöbədə çalışıram. Məni ona tapşırandan sonra gülümsəyib dedi ki, gördün, əlim yüngüldür…
Bu söhbət ola bilər kimin üçünsə maraqsız ola bilər. Amma ona görə xatirələrə baş vurdum ki, qarşıdakı tərəf yaxşı ilə pisi ayırd edə bilsin, həm də mənim hansı çətinliklərdən keçdiyimə bələd olsun. Bu qəzetdə çalışdığım müddətdə mənə bir telefon zəngi gəldi. Danışan “Arı” qəzetinin baş redaktoru Fəaliyyət Qurbanov idi. Elə telefondaca dostum məqsədini mənə aydınlatdı, amma görüşün də vacib olduğunu nəzərə çatdırdı. Söhbət yenicə çıxacaq “Dövlət və qanun” qəzetinin fəaliyyətindən gedirdi. Təyin etdiyimiz vaxtda “Arı” qəzetinin redaksiyasında Fəaliyyət Qurbanovun və bir qadının iştirakı ilə söhbət etməli olduq. Fəaliyyət qardaşım iki tərəfi bir-birinə təqdim etdikdən sonra mənə bildirdi ki, Yasəmən xanım bizim ellimizdir, bacarıqlı, səriştəli, fədakar bir xanımdır. Mətbuatdan təcrübəsi yoxdur, amma inanıram ki, sən onunla əməkdaşlıq etsən, səndən çox şey öyrənə bilər. Beləliklə, Yasəmən xanımla da razılığa gəlib növbəti görüşümüzün vaxtını təyin etdik. Bu dəfə o, artıq qəzetə verəcəyi materiallarla gəlmişdi. Düzdü, materaillar çiy idi, işlənməmişdi, amma mövzuca zəngin idi. Materialların işlənib çapa hazırlanması işi mənim boynumda idi. Yazıları aparıb evdə rahat işlədim. Bir günümüz qəzetin çapa hazırlanması prosesinə getdi. İlk nömrənin xoş təəssüratını onu yaşayanlar bilirlər. Həyatımda belə günlər çox olub. Amma mübaliğəsiz deyirəm ki, “Dövlət və qanun” qəzetinin ilk nəşri bu gün də yaxşı yadımdadır. Bəli, əl-ələ verib qəzetin sonrakı nömrələrini də oxucuların ixtiyarına verdik. Beləliklə, mən burada 3-4 ay çalışmalı oldum. “Həftə içi” qəzetində işimlə bu, üst-üstə düşdüyü üçün heç cür alınmırdı. Ona görə Yasəmən xanıma fikrimi bildirdim. O da etiraz etmədi, amma əməkdaşlığımızı qırmadı. Burada istənilən vaxt qayıdıb işləyə, yazılarını verə, kəsərli və yeni ruhlu yazılarınla qəzetimizin səhifələrində çıxış edə bilərsən. Bu faktı da ona görə qeyd etdim ki, bundan sonrakı yazacaqlarım sırf Yasəmən xanımın özü barədə olacaq.
Məhz həmin kəlmələrin işığında “Həftə içi”ndə həvəslə işimi davam etdirməyə başladım. Çalışdığım şöbə böyük idi, mənə böyük ümid bəsləyən, etimad göstərən baş redaktor, demək olar ki, 3 şöbəni mənə tapşırmışdı. İş çox ağır olduğu üçün ondan xahiş etdim ki, məni müxbirliyə keçirtsin. Yerimə də “Ədalət”dən tanıdığım, vaxtilə əl tutub yazılarına yaşıq işıq yandırdığım bir nəfəri məsləhət bildim. Bəli, o, gəlib şöbəyə rəhbərlik etməyə, mənə də qovluğu boş olanda mövzular verməyə başladı. Özündən çox razı bu şöbə müdiri ilə aramızda ona dəxli olmayan bir söhbətə görə işdən çıxmalı oldum.
Bu hadisədən sonra bir-iki ay yenə işsiz qaldım. Yasəmən xanıma bu barədə heç nə demədim. Qəzetlərdən birinin redaktoru (onun da adını çəkmirəm) məni orada işləməyə dəvət etdi. Bildirdi ki, sən tanınmış jurnalistsən, kompüter mərkəzi açırıq, sənin rəhbərliyin altında fəaliyyət göstərəcək. Bəli, burada da bir müddət işlədim, tanıdığım, münasibətim olan qəzetləri burada cəmləyə bildim. İşi qurmağa başlayırdım. Şərtimiz bu olmuşdu ki, qəzetlərdən gələn pullar mənim əlimdə cəmlənəcək, ayın sonunda haqq-hesab aparılacaq, hər kəs özünün zəhmətinə uyğun məvacib alacaq. Amma baş redaktor sözünə əməl etmədi, ilk günlərdən qəzetlərdən gələn pulu əlində cəmləşdirməyə başladı. Mənim o pullarda əsla gözüm yox idi, amma ədalət deyilən bir məfhum var, bir də Kişi sözü. Nə o ədaləti, nə də ikincini onda gördüm. Nə isə, yağışdan çıxın yağmura düşmüşdüm. Bir bəhanə ilə oradan da uzaqlaşdım…
Bir müddət orada-burada müqavilə ilə işləyib çörək pulu qazanırdım. Gördüm ki, bununla da iş alınmır. Mənim ora-bura qaçdığımı görən dövlət qəzetinin tanınmış jurnalisti məni burada işləməyə dəvət etdi. Baş redaktorla danışdıqdan və məni ona təqdim edəndən (əslində məni “Ədalət”dən yaxşı tanıyırdı) sonra işimi burada qurmağa başladım. Elə o vaxtdan da buradayam.
Bu faktları təkrar olmasın, bilirsiniz niyə xatırlatdım? O, eyni bölgənin iki kişisinin etdiyi nalayiq, adlarına, o bölgəyə yaraşmayan hərəkətləri, bu da həmin bölgənin Kişi xislətli, Kişi qeyrətli, cürətli xanımın atdığı addımlar. Müsbət xislət gərək insanın canında, qanında, zatında olsun. Bunlar olmayandan sonra o kəsdən heç nə gözləmə!..
Ara-sıra Yasəmən Möhübbətqızı ilə görüşür, o çətin məqamları yada salırıq. İş yerim dəyişsə də, “Dövlət və qanun” qəzeti ilə ünsiyyətim heç zaman dəyişməyib. Onun necə sürətlə yeniləşdiyini, sözün əsl mənasında, xalqın qəzetinə çevrildiyini həmişə fərəhlə izləmişəm. Bir daha əmin olmuşam ki, yaxşı redaktor təkcə qəzetin siması deyil, həm də güclü, yenilikçi kollektivin yaradıcısıdır.
20 yaşı stabil dövrdə qəzet üçün elə də böyük yaş adlandırmaq olmaz. Amma bizim yaşadığımız müstəqillik illəri və mətbuatın keçdiyi inkişaf prosesləri və s. uzun, keşməkeşli yol, eyni zamanda, ölkəmizin müstəqil mətbuatının formalaşması tarixidir. Bu baxımdan hesab edirəm ki, Yasəmən xanımın rəhbərlik etdiyi kollektiv 20 il keçməsinə baxmayaraq, bu qısa müddətə sığmayan daha çox hadisələrdən keçib.
Zaman dəyişdikcə “Dövlət və qanun” qəzeti də dəyişib, az da olsa, gənc istedadların hesabına “xalqlaşıb”. Tərəfsiz qəzet kimi müntəzəm çıxıb, heç bir qara-qura işlə məşğul olmayıb, adı jurnalsitlərin “Qara sıyahısı”na düşməyib. Bir sözlə, iqtisadi durumun getdikcə çətinləşdiyi dövrdə belə qəzet buraxmaq qəhrəmanlıqdır, örnək olan şücaətdir. Bunların hamısı, qeyd etdiyim kimi, baş redaktorun məsuliyyəti, cavabdehliyi və 20 il ərzində topladığı təcrübə, səriştə nəticəsində olub. Bu qəzetin ilk nömrəsindən daimi əməkdaşlığımdan və müşahidələrimdən belə qənaətə gəlmişəm ki, Yasəmən xanım yetkin qələm sahibi, peşəkar təşkilatçı olmaqla yanaşı, tariximizə həssaslıqla yanaşan insandır. O, yaxşı ənənələrə söykənərək, zamanın nəbzinə uyğun yenilik yaratmağı da bacarır. Belə hesab edirəm ki, 20 yaşlı “Dövlət və qanun” qəzetinin ömür salnaməsini yaratmaqla Yasəmən xanım mətbuat tariximizə də özünün kəsərli sözünü deyə bilib. Və onun da adı həmişə “yaxşı redaktor”lar cərgəsində çəkiləcək.
Ölkənin informasiya məkanında öz dəsti-xəttini qorumaq, operativliyi təmin etmək məqsədilə yəqin ki, yaxın gələcəkdə ”Dövlət və qanun” qəzetini onlayn rejimdə də oxuculara təqdim olunacaq. Bu həm də Prezident cənab İlham Əliyevin milli jurnalistikaya vediyi dəyərə töhfə ola bilər: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”.
Yubilyar qəzetin yubilyar baş redaktorunu və bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara iti qələm, kəsərli söz və davamlı yaradıcılıq fəaliyyəti arzulayıram.
Və təbii ki, bu oçerkimi həzin misralarla tamamlamaq istərdim.

Üzündə təbəssüm hər zaman olsun,
Ürəyin sevinclə fərəhlə dolsun.
Fərəhlə deyirəm mən bu kəlməni,
70-in, 20-in mübarək olsun,
Şad günün mübarək,Yasəmən xanım.

Sədaqət ən yaxin sirdaşın olsun,
Qəm-kədər utancdan pərişan olsun.
Məhəbbət üstündə yorğanın olsun,
70-in, 20-in mübarək olsun,
Şad günün mübarək,Yasəmən xanım.

Ayriliq acısın çəkməyəsən sən,
Tənhalıq duyğusun hiss etməyəsən.
Səninlə hər yerdə addımlar dostlar!
70-in, 20-in mübarək olsun,
Şad günün mübarək,Yasəmən xanım.

Yaxşı ki doğuldun, yaxşı ki varsan,
Sən ayrı həyat, ayrı dünyasan.
Ürəkdə çirpınan mətin vuqarsan,
70-in, 20-in mübarək olsun,
Şad günün mübarək,Yasəmən xanım.

Şair dostunun hədiyyəsi budur,
Onunçün dərman, səninçün sudur.
Deyəcəm saglığçün badələr doldur,
70-in, 20-in mübarək olsun,
Şad günün mübarək,Yasəmən xanım.

Daşdəmir ƏJDƏROĞLU

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …