Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Ukraynada da eyni faciələrin şahidi oluruq” – Tənzilə Rüstəmxanlı qadın hüquqlarından danışıb

Prezident Administrasiyasının Siyasi partiyalar va qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qadın hüquqları yeni ictimai-siyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, konfransda Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Münaqişədən zərər çəkmiş qadınların hüquqları” mövzusunda çıxış edərək müharibə zamanı qadınların hüquqlarına diqqət çəkib. O çıxışında insan haqları çərçivəsində qadın hüquqlarının qorunmasına diqqət çəkərək Azərbaycanın bu sahədə ön cərgədə olduğunu qeyd edib: “Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Ümumiyyətlə qeyd edilməlidir ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb”.

T. Rüstəmxanlı bildirib ki, zəriflik və sevgi simvolu sayılan qadınların hüquqlarının qorunması üçün bəzən qanunlar yetərli olmur: “Xüsusilə, böyük güclərin imperialist maraqlarından və bu maraqlara əsir düşən militarist qüvvələrin iştirakı ilə alovlanan hərbi münaqişələr zamanı qanunlar işlənməz hala gəlir. Müharibə və ya terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuyur. İnsan həyatı qəsdən hədəf alındıqda birbaşa və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdıllması və ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarının gedişində insan həyatına “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüququ mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistem, mətbuat azadlığı və söz azadlığı tam şəkildə yox olmadığı halda belə, dövlət tərəfindən və ya “düşmən” dövlət tərəfindən məhdudlaşdırılır. Sülh zamanı müdaifə mövcud olsa belə, qadınların hüquqları müharibə dövründə daha da kasadlaşır”.

T.Rüstəmxanlı qeyd edib ki, iki dünya müharibəsini özündə saxlayan XX əsrin 2-ci yarısından etibarən insan hüquqları, eləcə də öz növbəsində qadın hüquqları inkişaf etdikcə qadına qarşı zorakılıq məsələlərinə beynəlxalq ictimaiyyət tərəfindən daha çox diqqət yetirilməyə başlamışdır: “Lakin bununla belə, qadınlara qarşı hərbi münaqişələr zamanı mənəvi, fiziki zərbələr insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu halda, tarix boyu daxili və beynəlxalq silahlı münaqişələr zamanı geniş tətbiq olunmasına baxmayaraq beynəlxalq humanitar hüquqa, beynəlxalq cinayət hüququna və insan hüquqlarının beynəlxalq hüququna hələ də tam, əmin şəkildə daxil olmamışdır. Hələ də hərbi münaqişələr zamanı qadın hüquqlarının məhdudlaşdırılması, bu hüququn tanınmamasının ciddi insan hüquqları pozuntularından biri olmasına, hətta onun beynəlxalq cinayət kimi təfsir oluna biləcəyinə şübhə ilə yanaşanlar vardır.

Doğrudur, müharibə deyəndə gözümüzün önünə ilk gələn kişilər, onların qəhrəmanlıqlarıdır. Az qala qadınlar heç yada da düşmür. Sanki onlar başqa dünyada yaşayıb, bu savaşlardan öz nəsiblərini almayıbmış kimi bir tablo yaradılır. Həqiqət isə başqadır. Müharibələr və qələbələr nə qədər kişilər adına bağlansa da, onun pərdə arxasında milyonlarla qadın qəhrəman olub. Onlar bu savaşın ortasında nələr yaşayıblar, qadınlıqlarını necə saxlaya biliblər, ümumiyyətlə, biliblərmi, onlara qarşı cəbhədə və cəbhə sonrasındakı münasibət necə olub? Bütün bunlar üzərində düşünməli və təhlil edilərək lazımi nəticələr çıxarılası məqamlardır”.

T.Rüstəmxanlı həmçinin yaxın tarixin hərbi münaqişələr zamanı qadın hüquqlarının tapdanması faktları ilə zənginliyini bildirərək konktet örnəklər çəkib: “1992-95-ci illərdə Bosniyada gedən müharibə zamanı təcavüzə məruz qalan və kölə kimi saxlanılan on minlərlə qadının ədalət axtarışı hələ də davam edir. O vaxtdan uzun illər keçdiyinə görə insan haqları fəalları müharibədən sağ çıxan qadınlardan çoxunun yoxsulluq içərisində yaşadığını və günahkarların ədalət qarşısına çıxarılacağına dair ümidlərini itirdiklərini deyirlər. Balkan müharibəsi zamanı 20 mindən çox qadın təcavüzə və cinsi zorakılığa məruz qalıb. Girov saxlanılan qadınlar aylar və ya illərlə işgəncələr və zorakılıqlarla üzləşib. Bosniya rəsmiləri həmin qadınların əksəriyyətinin hüquqlarının qorunması yolunda heç bir iş görməyib və onlara təzminat ödəməyib. Abxaziya müharibsi zamanı da qadınlara qarşı eyni münasibət göstrilib və bu münaqişə ilə bağlı da cəzasızlıq hökm sürür. İraq və Suriyada radikal dini qruplaşmalara aid qrupun döyüşçülərinin qadınları qul kimi satdığı, zorladığı, daşqalaq edilərək öldürdüyü və bu kimi başqa zorakılıqlar törətdiyini göstərən foto-şəkillər və video görüntülər yüzlərlədir. Sakinlərin, xarici müxbirlər və yerli fəallara dediyinə əsasən, İŞİD döyüşçüləri ələ keçirdikləri ərazilərdə qadınları qul kimi satıb, gənc qızları onlarla evlənməyə məcbur edir. Qrupun başqa dinə və etnik mənsubiyyətə malik qadınlara qarşı daha geniş zorakılıqlar törətdiyi bildirilir.

Azərbaycan da müharibə dalğasından kənarda qalmayıb. Ötən əsrin sonlarında alovlanan, qanunsuzca cəlb olunduğumuz Qarabağ müharibəsi yenidən xalqımızın ağır sınağına çevrildi. Erməni mənfurlarıyla gedən döyüşlərdə yüzlərlə oğul və qızlarımız canlarından, sağlıqlarından oldular. Bu müharibədə Azərbaycan qadını bir daha öz cəsarətini, mərdliyini, şücaətini sübut etdi. Onlar səngərdə yeri gələndə kişilərə ana, bacı, həkim, yarasını sarıyan tibb bacısı, yemək bişirən aşpaz, yeri gələndə isə döyüş yoldaşı oldular. Müharibə onsuz da qadınlar üçün daha dəhşətlidir. Xüsusən də əxlaqı həyatından da qiymətli olan Azərbaycan qadını üçün. Qarabağ müharibəsində başına faciələr gələn Azərbaycan qadınlarının buna bənzər namus əhvalatları yüzlərlədir. Qızı əsirlikdə intihar etmiş bir ana erməni ilə dəyişdiriləcək gün “Mən bu utancla qayıdıb, qardaşlarımın üzünə baxa bilmərəm”, – deyib, saç sancağı ilə damarını kəsib. Gəncəyə ilk raket atılandan sonra oradakı qadınlar paltarla yatırdı ki, birdən gecə ölərik, üst-başımız açıq qalmasın… Ölməkdən daha çox abırlarından qorxurlar. Bütün bu faktları xeyli sayda artırmaq da olar. Nəticə budur ki, münaqişə dövrü qadınların hər zaman olduğu kimi yenə də ən az müdafiə olunmuş qrup olaraq qaldığını göstərir. Bu gün Ukrayna da da eyni faciələrin şahidi oluruq”.

T.Rüstəmxanlı bildirib ki, qadınlar dünyanın hər yerində savaşa və hərbi münaqişəyə yol verməmək üçün daha çox təşkilatlanmalı və cəmiyyətə təsir gücünü artırmalıdır: “Danışıqlar prosesinə müsbət təsir göstərə biləcək və eyni zamanda qadınların cəmiyyətdəki mövqelərini gücləndirə biləcək yeni layihələr təklif edilməlidir. Bu cür layihələr vətəndaş cəmiyyəti, eləcə də yerli icmalar tərəfindən təbliğ edilməlidir. Dəyişikliklərin əksəriyyəti birbaşa dövlət rəhbərliklərinin siyasi iradəsindən və ictimai diplomatiyanı təşviq etmək istəklərindən asılı olsa da, hərbi münaqişə tərəfləri olan xalqların qadınları dialoq qurmaq üçün yeni fürsətlər axtarmalıdır. Gələcək dəyişikliklərin münaqişənin həlli üçün zəmin yaratdığı təqdirdə, qadınların sülh quruculuğu təşəbbüslərində iştirakı bu dəyişikliklərin uzunömürlü olması və bölgədə sabit sülhün yaranması üçün olduqca önəmli olacaqdır”.

Musavat.com

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …