Cümə , 22 Noyabr 2024
Drone Cameras

Brüssel müzakirə formatı Minsk Qrupu həmsədrlərini əvəz edə bilər… Çətin və uzun dövr başladı… – Aydın QULİYEV yazır…

Ermənistanın çox müraciət etdiyi ATƏT-in Minsk Qrupu və onun həmsədrlik formatının sonu rəsmən bəyan edildi. ABŞ və Fransa bu formatda Rusiya ilə əməkdaşlıqdan imtina etdi. Düzdür, buna Rusiyanın öz reaksiyası oldu, lakin bu reaksiya vəziyyəti dəyişməz.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

– Əslində ABŞ və Fransanın qərarı Vətən müharibəsindən sonra Prezident Əliyevin Minsk Qrupu həmsədrləri ilə bağlı bəyan etdiyi siyasi kursun davamı və müəyyən mənada təsdiqidir. Ona görə, müəyyən mənada deyirəm ki, ABŞ və Fransa bununla Qarabağ mövzusuna müdaxilədən imtina etmirlər, sadəcə bu mövzuda Rusiya ilə işbirliyindən imtina edirlər. Adı çəkilən iki dövlət regionumuzdakı proseslərdə iştirak cəhdlərindən heç vaxt geri durmazlar.

Minsk Qrupu formatının sıradan çıxması Vətən müharibəsindən sonra qalmış mübahisəli Qarabağ məsələlərinin həllində vasitəçi boşluğunun yaranması kimi başa düşülməməlidir. Zatən müharibədən sonra ta indiyə qədər həmsədrlik formatı onsuz da yox kimi bir şey idi. Digər tərəfdən, qalmış mübahisəli məsələlərin həllində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi və ya müzakirə platforması baxımından boşluq yaranarsa, Brüssel görüşlərini bu boşluğu tamamlayan nisbətən ən yaxşı format kimi gözdən keçirmək olar. Bu mənada Azərbaycan diplomatiyasının və Prezident Əliyevin Brüssel müzakirələrinə önəm verməsi prosesləri qabaqlayan düşüncə tərzinin uğuru sayıla bilər. Minsk həmsədrləri formatı buraxılandan sonra Brüssel platforması Azərbaycan-Ermənistan normallaşma prosesinin bir ölkənin, yəni Rusiyanın üstün təsirinə düşmək təhlükəsini xeyli zəiflədə bilər. Doğrudur ki, Rusiya proseslərin belə gedişindən qıcıqlanaraq Brüssel platformasının səmərəli nəticələr verməsinə mane olmağa çalışacaq. Belə vəziyyət təbii ki, Azərbaycan-Ermənistan normallaşmasını zaman etibarilə uzadacaq. Ancaq bütün hallarda Prezident Əliyevin Brüssel platformasına önəm verməsi şəraitin tələblərinə ən real cavabdır…

Azərbaycan-Ermənistan normallaşma prosesinin çətin və uzun dövrü başlayır…

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …