Azərbaycan vətəndaşının dörd il əvvəl, 2018-ci ilin aprelində İlham Əliyevə göstərdiyi etimad geridə qalan 15 ilə verilən yüksək qiymət və eyni zamanda gələcəyə inam idi. Həmin illər ərzində ölkəmiz dinamik inkişaf yolu keçib və bu uğurlar bütün sahələrdə, o cümlədən sosial sahədə nailiyyətlərin daha sürətlə davam etdirilməsinə şərait yaradıb. Dövlət başçısı tərəfindən 2018-ci ildə elan edilən yeni və köklü sosial islahatlar kursu bu gün müsbət nəticələr verir.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai birliyinin sədri Cəsarət Hüseynzadə bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib.
İctimai birliyin sədri bildirib: “İlk növbədə şəhid ailələri və müharibə əlillərinin qayğı ilə əhatə olunması, onlara göstərilən dəstək dörd il əvvəl başlanılan siyasi kursun ən bariz nümunələrindən biridir. Heç də təsadüfi deyil ki, 2018-ci ilin aprelində İlham Əliyev yenidən ölkə Prezidenti seçildikdən sonra aprelin 19-də imzaladığı ilk Fərman məhz şəhid ailələri ilə bağlı oldu. Həmin Fərman şəhid ailələrinə növbəti ciddi dəstək tədbiri kimi əhatə dairəsinə və maliyyə tutumuna görə çox ciddi təsir imkanlarına malik oldu. Rəqəmlərə müraciət etsək görərik ki, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının -12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.
Paralel aparılan uğuru sosial islahatlar şəhid ailələri ilə yanaşı 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin sosial müdafiəsinin güclədirilməsini nəzərdə tutur. Belə ki, dövlət başçısının 2021-ci il 23 dekabr tarixli Fərmanı həmin həssas qrupa birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) təminatını nəzərdə tutur və yaxın vaxtlarda bu prosesə başlanılacaq”.
Təşkilat rəhbərinin dediyinə görə, həyata keçirilən sosial islahatlar kursunda 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır: “Müharibə veteranı” adının təsis edilməsi, həmin ada layiq görülən şəxslərə Prezidentin aylıq təqaüdü təyin edilməsi vətən müdafiəsində şücaət göstərən şəxslərə verilən böyük dəyərin və qiymətin göstəricisidir. Demək olar ki, dünyanın heç bir ölkəsində mənzil və fərdi evlə təminatla bağlı təcrübə olmasa da, dövlət başçısının tapşırığı ilə bu proqram ildən-ilə genişləndirirlir. Mənzil və fərdi evlə təminat mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinə maddi dəstək mexanizmi qədər çox vacib və dayanıqlı bir mexanizmdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub ki, bu da 2018-ci ilə nisbətən 5 dəfə çoxdur. Ümumən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Geniş sosial islahatlar proqramına əhalinin həssas qruplarının avtomobillə təminatı, sosial ödənişlərdə ciddi artımlar, əmək, məşğulluq, əməkhaqqı fondunda artımlar və digər sosial rifah tədbirləri daxildir. Uğurlu islahatlarının təməlində dayanıqlılıq və inkişaf modeli dayanır. Bu xüsusən sosial islahatlar nəticəsində əldə olunan mühüm uğurlarda öz əməli təsdiqini tapıb”.