Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Vasif Talıbov İran parlamenti sədrinin birinci müavini ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının İslam Şurası Məclisi sədrinin birinci müavini, İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, Ali Məclisin Sədri qonaqları Naxçıvan Muxtar Respublikasında görməkdən və Əli Nikzadın İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri seçilməsindən məmnunluğunu ifadə edib. Ölkələr arasında müxtəlif sahələrdə dostluq və əməkdaşlıq qruplarının, iqtisadi şuraların fəaliyyət göstərdiyini bildirən Ali Məclisin Sədri həmsədri olduğu Azərbaycan-İran Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun fəaliyyəti və tərkibi barədə məlumat verib.

Qrup üzvlərinin iki ölkə arasındakı münasibətlərin inkişafına dəstək verdiklərini qeyd edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrə də diqqəti çəkib, muxtar respublikanın ali təhsil müəssisələrində 334 İran vətəndaşının təhsil aldığını, Naxçıvan Dövlət Universitetində Fars Dili Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

V.Talıbov qarşılıqlı iqtisadi əməkdaşlığa da toxunub, “Azərbaycan Respublikası və İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının Anlaşma Memorandumu”na əsasən gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə və yükdaşımanın həcminin daha da artacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlıq edən və Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu bildirən Əli Nikzad rəhbərlik etdiyi nümayəndə heyətini təqdim edib və səfərin əhəmiyyətindən danışıb. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə təbriklərini çatdıran Əli Nikzad Vətən müharibəsi zamanı İslam Şura Məclisində azərbaycandilli nümayəndələrin bəyanat hazırladığını və Azərbaycanın dəstəkləndiyini bildirib, ölkələr arasındakı münasibətlərdən bəhs edib.

Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …