Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub

İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 14 iyul 2019-cu ildə Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır”, – deyən ümummilli lider Heydər Əliyevin ən böyük xoşbəxtliyi onun adının müstəqil Azərbaycan dövləti ilə birgə çəkilməsi, qüdrətli şəxsiyyət kimi Azərbaycan xalqının taleyinə qurtuluş tarixini yazmasıdır. Ulu Öndərin azərbaycanlı olmağı ilə fəxr edərək sonsuz iftixar və qürur hissi ilə səsləndirdiyi “Azərbaycan mənim qibləgahımdır!” fikrini dahi ömrünün manifesti hesab etmək olar. O manifestin hansı səhifəsini çevirsək, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar göstərən, həyatını Azərbaycana həsr edən, müstəqil Azərbaycan uğrunda öz canından keçməyə hazır olan dahi bir şəxsiyyət, görkəmli dövlət xadiminin tale yolunu görərik.

Ali Məclisin Sədri deyib: 1969-cu il iyulun 14-də hakimiyyətə gələn 46 yaşlı dövlət təhlükəsizlik orqanı generalı və güclü siyasi iradə sahibi olan möhtərəm Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumalı, heç bir əsas olmadan tarixi torpaqlarımızın Ermənistana güzəştə gedilməsinin qarşısını almalı, iqtisadiyyatı dirçəltməli, sosial ədalətsizliyi aradan qaldırmalı, bir sözlə xalqı yaşatmalı idi. Bununla yanaşı, təhsil, mədəniyyət və sosial sahədə də öz həllini gözləyən ciddi problemlər yığılıb qalmışdı. Ulu Öndərimizin Azərbaycan naminə fəaliyyətinin bu mərhələsi qeyd olunan problemlərin qısa müddətdə aradan qaldırılmasına, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşının, torpağa sahiblik hissinin bərpasına, bununla birlikdə Azərbaycanın özünə qayıdışına hesablanmışdı. 50 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu, inkişafın milli intibaha yönəldilmiş modeli Azərbaycana yeni həyat bəxş etdi. Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin siyasi əsasını təşkil edirdi. Ümummilli Lider o illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Alman filosofu Hegelin belə bir məşhur kəlamı var: “Sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər”. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası idi. Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Xalqımızın müdrik rəhbəri bu dövlətçilik konsepsiyasını belə dəyərləndirirdi: “Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, universitet və məktəb binalarıdır, yollardır, körpüləridir, su hövzələri, su kəmərləridir”.

Ali Məclisin Sədri deyib: Ulu Öndərimiz güclü, müstəqil Azərbaycan dövləti yaratmaqla yanaşı onu özündən sonra inamla idarə edə biləcək lideri, rəhbəri də yetişdirmişdir. 2003-cü ilin oktyabrında Ümummilli Liderimizin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə özünün layiqli davamçısı kimi təqdim etdiyi hörmətli İlham Əliyev Ulu Öndərin strategiyasını uğurla davam etdirir, bu strategiyanı yeni dövrün ruhuna uyğun olaraq zənginləşdirir. 50 il bundan əvvəl Ümummilli Liderimizin keçmiş Sovetlər Birliyinin geridə qalmış aqrar ölkəsindən ittifaq dövlətinin inkişaf etmiş respublikaları sırasına çıxartdığı Azərbaycan, bu gün regionun lider dövlətidir. Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir.

“Dahi öndər Heydər Əliyev Yeni Azərbaycanın bugünkü simasını və gələcək inkişaf perspektivlərini müəyyənləşdirib. Onun Azərbaycan naminə gördüyü işlər bu gün ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülüb, lakin onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır!”, – deyən Ali Məclisin Sədri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır!”.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Müstəqil və qüdrətli Azərbaycan naminə – 50 il” filmi nümayiş olunub.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının və medallarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimatı olub.

Ali Məclisin Sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalını, Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar artisti”, “Əməkdar həkimi” və “Əməkdar tibb işçisi” fəxri adlarının döş nişanlarını və vəsiqələrini, eləcə də “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarını, gənc istedadlara xüsusi aylıq təqaüdü təqdim edib, təltif olunanlarla və gənclərlə xatirə şəkli çəkdirib.

Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuş Asim Əliyev minnətdarlıq edərək deyib: Bu, bir həqiqətdir ki, təkcə iqtisadiyyatın inkişafı ilə dövlət idarə olunmur. Dövlətin idarə olunmasında güclü hakimiyyət və qətiyyətli lider amili əsas şərtdir. 50 il bundan əvvəl Azərbaycana rəhbər seçilən ulu öndərimiz Heydər Əliyev güclü dövlət yaradıb. Bu gün fəxr edirik ki, müstəqil və qüdrətli Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutub. Mən həm Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, həm də yubiley medalı ilə təltif olunduğum üçün ölkə Prezidentinə dərin minnətdarlıq edirəm. Şair, ictimai xadim, ziyalı kimi həyatda qazandığım bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin imzası dayanır. Heydər Əliyev yolu Azərbaycanı, doğma Naxçıvanı böyük inkişafa qovuşdurub. Bu gün muxtar respublikada digər sahələr kimi, yaradıcı təşkilatlara da qayğı göstərilir, onların maddi-texniki bazaları gücləndirilir. Ali Məclis Sədrinin 2019-cu il 20 may tarixli Sərəncamı ilə muxtar respublikanın yaradıcılıq təşkilatlarına, o cümlədən Yazıçılar Birliyinə maddi vəsaitin ayrılması bunu bir daha təsdiq edir. Təbii ki, yaradılan şərait, göstərilən qayğının bir səbəbi vardır: o da Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttidir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı ilə təltif olunanlardan Əlövsət Baxşıyev, Kərəm Mustafayev, Ülkər Bayramova, İsmayıl Hacıyev, Sahil Tahirli, Ramilə Seyidova, Bəxtiyar Əsgərov, Əli Quliyev, Saleh Məhərrəmov, Elbrus İsayev, Aidə Allahverdiyeva, Hüseyn Niftəliyev, Yaşar Xəlilov, Firudin Süleymanov, Tofiq Abutalıbov, Vəli Baxşəliyev və Şirzad Abutalıbov da göstərilən yüksək etimada görə minnətdarlıq ediblər.

Şirzad Abutalıbov deyib: Naxçıvanda yaşamaq da, işləmək də çox rahatdır. Mən 16 yaşımdan etibarən Naxçıvan teatrında fəaliyyət göstərirəm. Bu gün Naxçıvan teatrı inkişaf edir. Yaradıcılıq imkanlarının genişləndirilməsi, sənət adamlarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını hər zaman hiss edirik. Dövlət qayğısı, yaradılan şərait daha da səmərəli işləməyə imkan verir. Fəxr edirik ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün ölkəmizi, doğma Naxçıvanımızı daha böyük zirvələrə aparır.

Azərbaycan Respublikasının medalları ilə təltif olunanlardan Fikrət Əhmədov, Rauf Cəfərov, Fəxrəddin Məmmədov, Məcid Seyidov, Ülvi Hüseynli və Mehman Gülməmmədov da minnətdarlıqlarını bildirib, bundan sonra daha səylə çalışacaqlarına və göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə idman sahəsi üzrə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Rafiq Hüseynlinin, təhsil sahəsi üzrə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Siyavuş Bağırovun və incəsənət sahəsi üzrə Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Duyqu Əliyevanın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclisin Sədri təqaüd kartlarını gənc istedadlara təqdim edib.

Təqaüdçü gənc Siyavuş Bağırov minnətdarlıq edərək deyib: Ali Məclis Sədrinin Sərəncamı ilə muxtar respublikada xüsusi istedada malik 3 gəncin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınması və onların aylıq təqaüdə layiq görülməsi muxtar respublikada təhsilə göstərilən diqqətin bariz nümunəsidir. Əgər 1970-1980-ci illərdə Azərbaycan keçmiş SSRİ tərkibində təhsil sahəsi üzrə ön sıralarda idisə, hazırda Naxçıvan Muxtar Respublikası da təhsilin inkişafı sahəsində Qafqazda ilk yerlərdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası muxtar respublikada uğurla davam etdirilir. Söz verirəm ki, üzərimə düşən məsuliyyəti dərindən dərk edəcək, yaradılan şəraitdən istifadə edərək yüksək nəticə ilə ali məktəbə qəbul olacağam. Siyavuş Bağırov muxtar respublika gəncləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …