“Son vaxtlar Azərbaycan dünyanın diplomatiya və uluslararası münasibətlərin, humanitar problemlərin müzakirə mərkəzlərindən birinə çevrilib. Bu baxımdan Milli Məclisin gərgin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bu yaxınlarda Türkiyə və Gürcüstan parlamentinin millət vəkilləri ilə birgə Şuşaya, siyasi partiya rəhbərləriylə birgə Zəngilana səfərimiz otuz illik Ermənistan işğalının vəhşiliklərini və Azərbaycan Ordusunun böyük qəhrəmanlığını bir daha görməyimizə imkan yaratdı. Eyni zamanda qısa müddətdə dövlətimizin apardığı bərpa işlərinin miqyasının təsəvvür edə bildik ”.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, Azərbaycanın böyük bir hissəsində, sıfırdan başlayaraq yeni yaşayış məskənləri, yüzlərlə kənd, neçə-neçə şəhər salmalıyıq:
“Bir daha qarşımızda nə qədər böyük quruculuq işlərinin dayandığını gördük. Biz Azərbaycanın böyük bir hissəsində, sıfırdan başlayaraq yeni yaşayış məskənləri, yüzlərlə kənd, neçə-neçə şəhər salmalıyıq. Dəmir yolları, böyük avtomobil magistralları, tunellər, təyyarə meydanları… Qarabağda yeni bir dünya yaradılmalıdır. Hələ mən Azərbaycan xalqının ürəyinə vurulan yaraların sağalması üçün nə qədər vaxt və qüvvə lazım olduğunu demirəm. Üstəlik bizim gücümüz artdıqca Ordumuzun, dövlətimizin nüfuzu yüksəldikcə düşmənlərimizin və bizi sevməyənlərimizin məkrli oyunları da davam edir. Belə bir vəziyyətdə biz keçmişin acı təcrübələrindən nəticə çıxardaraq Qarabağın bərpası və ölkəmizin inkişafı yolunda inamla, səhvsiz, qarşıdurmalara yol vermədən addımlamalıyıq.
Ağdamda, Şuşada, Zəngilanda olan hər bir Azərbaycanlı yalnız bu cür düşünə bilər. Müharibədəki qələbəmizdən qürur duymaqla ölkədəki sabitliyin, əminamanlığın davam ertdirtməsi qayğısına qalmalıyıq. Xırda oyunbazlıqlarla diqqəti yayındırmaq düşmənlərimizin dəyirmanına su tökməkdən başqa bir şey deyil”.
Deputat qeyd edib ki, Qarabağda görüləcək işlər də savaş kimi milli birlik tələb edir:
“Səbr, dözüm, kəməri möhkəm bərkitmək, vətəndaş fəallığı və sair. Bu işə hər kəs əlindən gəldiyi qədər yardım etməlidir. Miyonerlərimiz, milyarderlərimiz var. Bu gün də ortaya çıxıb bu bu işə yardım etməyəcəklərsə onların sərvətinin bir qara qəpik qiyməti yoxdur. Bu bərpa işini hələ ki, Azərbaycan tək aparır. Buna baxmayaraq qısa müddətdə görülən işlər böyük dövlətlərin belə həsəd aparacağı səviyyədədir. Ancaq dünya müharibələrindən sonrakı quruculuq təcrübələrinə əsaslanaraq bizi sevən qonşu ölkələr, türk dünyası, islam ailəsi, avropa birliyi və böyük dövlətlər də biizə qoşulmalıdırlar.. Qarabağın dağıdılması üçün ermənilərə silah satanlar bu gün də torpaqlarımızın bərpasına yardım etməlidirlər. Bu boyda milli problemi olan bir ölkənin əhalisi ələ baxan, israfçı olmamalıdır.
Milli səfərbərlik Qarabağa kütləvi yürüş demək deyildir.
Bu yürüşə, əhalinin geri qayıdışına yalnız təhlükəsizlik tam təmin olunandan sonra icazə verilə bilər. Çünki, təkcə keçmiş təmas xəttində bir milyon mina basdırılıb. Biz o minaların təmizlənməsinin və partladılmasının şahidi olduq, onların dağıdıcılıq gücündən heyrətə gəldik. Gördük ki, Qarabağın bərpasında ən mühüm iş işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Buna görə də Azərbaycan hökuməti mina təmizləmək işinə daha çox mütəxəssis və texnika cəlb etməlidir.
Müharibə geridə qalmayıb, o bu gün də erməni xülyalarında, ermənipərəst dünya mətbuatında, öz içimizdəki satqınların yuxularında davam edir. Buna görə Azərbaycan mətbuatı əvvəlkindən daha ciddi şəkildə şüarçılıqdan uzaq, dəlillərə, faktlara, beynəlxalq hüquqa söykənən şəkildə işini davam etdirməli, Azərbaycan Prezidentinin çıxışlarında qoyulan son dərəcə cəsarətli mövqe mətbuatda da davam etdirilməlidir”.
Sonda ATƏT-in Minsk Qrupundan danışan millət vəkili bu, Qrupun məhkəməyə verilməsini təklif edib:
“ATƏT-in Minsk Qrupu Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır. Torpaqlarımızın 25%-i onların gözü qarşısında işğal edilib, yüzlərlə kəndimiz, şəhərlərimiz onların gözü qarşısında dağıdılıb və talan edilib. Onlar bizim tarixi abidələrimizin necə dağıdıldığının, təhqir edildiyinin və təbiətimizin necə məhv edildiyinin şahidi olublar. Ermənilərin nə qədər insanlığa yaraşmayan vəhşilikləri varsa onların yekəxana susqunluqları və harın biganəlikləri şəraitində olub. Onlar dəfələrlə təmas xəttində olublar, doğma torpaqlarımızda, bizim getmək imkanlarımız olmayan yerlərini gəziblər. Bütün erməni alçaqlığını görərək susmaq, üstəgəl özünü barışdırıcı kimi aparmaq və Azərbaycanı güzəştə səsləmək özü də erməni vəhşilik və cinayətinə şərik olmaqdır. Bu ağır yükün altından heç bir beynəlxalq missiya çıxa bilməz. Bu işin ən yumşaq adı saxtakarlıq və biganəlikdir. Lakin cinayətə biganə münasibətin özü də hüquq aləmində cəzasız qala bilməz. Buna görə də biz bütün qarabağlılar və azərbaycanlılar adından bu saxtakar qurumu Beynəlxalq məhkəməyə verməliyik.
Onlar bilməlidirlər ki, təzədən bu münaqişənin həlli ilə bağlı hər hansı görüşə qatılmağa heç bir hüquqi və mənəvi haqları yoxdur”.