ABŞ və İran arasında münasibətlər getdikcə kəskinləşir və Tehran rəsmilərinə qarşı Vaşinqtonun sanksiyaları da genişlənir. Artıq ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı da sanksiya tətbiq edib. Ağ Ev administrasiyasının yüksək rütbəli nümayəndəsi bu xüsusda bildirib: “Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasının başında durur”.
Amerikalı senator Dayenn Faynstayn isə bildirir ki, ABŞ hökumətinin Cavad Zəriflə bağlı verdiyi qərar yanlışdır: “Bu qərar bizi sülhə aparmır, onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdırır”.
“Jerusalem Post” qəzeti xatırladır ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampın ətrafındakı komanda yeni hədəflərə doğru yürüməyə başlayıb: aprel ayında İslam İnqilabı Keşikçiləri Korpusu və dini lider Ayətullah Əli Xamneiyə sanksiyalar tətbiq olunub: “ABŞ İrana hücumlarla bağlı xəbərdarlıq edib, dəniz və hava aktivlərini Körfəzə göndərib. Bununla birlikdə, İran tankerlərə həmlə edib və müttəfiqləri Səudiyyə Ərəbistanına qarşı həmlələrdə dron və raketlərdən yararlanıb. ABŞ-ın İraqdakı bazalarına atəş açılıb. Tehran, eyni zamanda, iyul ayında İngiltərənin bir İran tankerini ələ keçirməsinə cavab olaraq bir ingilis neft tankerini tutub.
Zərifə qarşı sanksiyalar da gözlənilən idi və bəziləri onun iyun ayında qüvvəyə minəcəyini düşünürdü. Lakin ABŞ əlində daha çox kart saxlamaq istəyirdi. Guya Zərifin sanksiya siyahısına salınması ABŞ-ın İranla yeni razılaşma tələbinin icrasını daha çətin vəziyyətə salacaqdı. Sövdəçini sanksiyalaşdırırsınızsa, yeni bir sövdə necə əldə edilə bilər? Ancaq ABŞ-ın hazırkı rəhbərliyi Zərifin gülümsəyən simasını və İranın baş izahçısı olmasını zərərli sayır. Bu onun Avropadakı qrafiklər kursundan və hətta Nyu-Yorka iyul səfərində BMT ətrafında kiçik bir radiusda hərəkətlərini məhdudlaşdırmaq istəyindən də aydın olur. Keçmişdə XİN rəhbəri ABŞ-a səfərlərdən birbaşa Amerika xalqına və yüksək səviyyəli demokratlara müraciət etmək fürsəti olaraq istifadə edib. Buna görə də o, öz lobbi aparatını yetişdirən təhlükə olaraq görülür”.
İran tərəfi də məsələyə sərt reaksiya verib. Ekspertlər isə bildirir ki, proseslərin inkişaf axarı Tehran və Vaşinqton arasında savaşı getdikcə qaçılmaz edir. Hazırda elə bu fonda ABŞ İran ətrafına əlavə hərbi qüvvələrə cəmləşdirir. Fars körfəzində ABŞ hərbi texnikasının sayının artırılması da bunun təsdiqi sayılır. Digər bir məlumata görə isə, ABŞ İranla mümkün savaşda Qafqazı da əsas plastdarmlardan biri qismində nəzərdən keçirir. Hesab edilir ki, bu xüsusda ABŞ üçün Gürcüstanla hansısa problem olmayacaq. Vaşinqton bu istiqamətdə İrəvanla da aktiv iş aparır. Erməni ekspert Aharon Vardanyan bildirir ki, bu xüsusda İrəvana ABŞ tərəfindən ciddi təzyiqlər var. Onun sözlərinə görə, Rusiya amili olmasa, ABŞ-ın Ermənistandan İrana qarşı istifadə etməsi daha asan olacaq. Azərbaycana gəlincə, ölkəmizilə bağlı vəziyyət fərqlidir. Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı ideoloq, filosof Aleksandr Duqin də təsdiq edir. Onun sözlərinə görə, Qərbin İranla bağlı təzyiqlərinə rəğmən, Azərbaycan özünün əhəmiyyətini anlayaraq müstəqil siyasət yürüdür: “Bakı təslim olmur. Burada başlıcası bu kursu davam etdirmək, heç nədən qorxmamaq, beynəlxalq hüquq çərçivəsində hərəkət etməkdir. Real siyasətçi qorxudulmanın, Qərbin psixoloji hücumunun qurbanı olmamalıdır. Hzırda Qərbin bu hücumlarına təslim olsan, eyni metodologiya sənə qarşı da istifadə olunacaq: rəngli inqilablar, təzyiqlər və sair”.
O, Rusiya və İran kimi, bir gün Azərbaycanın da öz üzərində Qərbin öldürücü olmayan zərbələrini hiss edə biləcəyini deyib: “ Amerika Azərbaycana təzyiq etməyə cəhd etsə, Bakı rahatlıqla amerikalılara əvəz tapa bilər. Azərbaycanın bunun üçün hər şeyi var. Azərbaycanın Rusiya, Çin, İran, eləcə də sizin üçün qardaş ölkə olan Türkiyə ilə münasibətləri yaxşıdır. Bu gün ABŞ-dan narazı olanlar yeni qarşılıqlı fəaliyyət formatları axtarıb tapırlar. Azərbaycan öz milli maraqlarına əsaslanaraq rasional siyasəti dəstəkləyir. Azərbaycan yaxşı bilir ki, birqütblü dünyada heç bir suveren dövlət ola bilməz. İlham Əliyevin Rusiya-Azərbaycan-İran formatına dəstək siyasəti sadə, amma cəsarətli hesabla diqtə olunur”.
Azərbaycanın İran məsələsində indiki mövqeyini qoruyacağını Avstriyanın “Contra Magazin” nəşri də xüsusi olaraq vurğulayır. “Contra Magazin” qeyd edir ki, ABŞ-ın İranla müharibəni qısa vaxtda udmaq üçün vasitələri yoxdur, ona görə də Vaşinqtonun ildırımsürətli qələbəsi istisnadır və bu müharibə onun on milyardlarla dollarını “uda” bilər: “Hələ ABŞ ordusunun canlı qüvvə və texnika itkiləri haqda danışmasaq, demək olar ki, müttəfiqləri bu müharibəyə qoşulmaq istəmədiyindən əsas zərbəni endirməyi ABŞ üzərinə götürməli olacaq. Bundan əlavə, qalib gəlmək üçün ABŞ nəhəng sayda quru qüvvələrini İrana yeritməlidir. Bu qoşunlar İrana ancaq qonşu ölkələr üzərindən keçə bilər. Təxmin etmək olar ki, nə Pakistan, nə Əfqanıstan, nə Türkmənistan, nə də Azərbaycan və İraq buna razılıq verərdi. Bu, on minlərlə alman, britaniyalı, fransız, polyak və ya ispan quru qoşunlarının İrana quru müdaxiləsini dəstəkləmək üçün cəmləşdirilməsinə də aiddir. Habelə, Rusiya və Çinin xəbərdarlıqları var. Hər iki ölkə bu müharibəni böyük səhv və təhlükəsizliyə qlobal təhdid sayır. Moskva İrana qonşu ölkələrə axın edib stabilliyi təhdid edə biləcək qaçqın seli barədə xəbərdarlıq edir. Lakin bu hələ hamısı deyil. İraqdan fərqli olaraq, İran hərbi baxımdan xeyli dayanıqlıdır. Onun yaxşı təlim görmüş və düzgün təchiz edilmiş ordusu var. Bundan əlavə, İranla müharibə ABŞ üçün həddən artıq baha başa gələ bilər. Vaşinqton Əfqanıstandakı müharibəyə bu vaxta qədər 3 trilyon dollardan çox xərclədiyi halda İranla müharibəni uda bilməzdi”.
Nahid SALAYEV