Azərbaycançılıq ideyasının əsasında ümumbəşəri və milli-mənəvi dəyərlər dayanır. Belə ki, bu ideya tolerantlıq, şəxsiyyət azadlığı, humanizm, bərabərhüquqluluq və sosial ədalət kimi dəyərlərə əsaslanaraq dini fanatizmi, etnik ayrıseçkiliyi qəbul etmir. Bu özəlliklərinə görə 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra yaranmış ideoloji boşluqda məhz Azərbaycançılıq milli ideologiya səviyyəsinə yüksələ bilib.
Əsrlər boyu müxtəlif etnik kökə və dinə mənsub insanlar Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamışdı. Bu multikultural, polietnik və tolerant irs Azərbaycanda bu gün də davam etdirilməkdədir.
Milli Məclisin deputatı Əziz Ələkbərli Teleqraf.com-a bildirib ki, Azərbaycançılıq konseptinin hansı müstəvidə və aspektdən öyrənilməsi üçün ilk növbədə onun mahiyyətinə aydınlıq gətirmək lazımdır.
O qeyd edib ki, son zamanlar aparılan çoxsaylı araşdırmalar azərbaycançılıq ideyasının tarixin çox dərin qatlarına gedib çıxdığını təsdiq edir: “Azərbaycançılıq ideologiyası uğrunda şimalda Qafqaz sıra dağlarından, cənubda Gəngər körfəzinə, qərbdə Qara dənizdən, şərqdə Xəzər dənizinə qədər uzanan böyük bir coğrafiyada min illər boyu bu ideyaya xidmət edən insanlar yaşayıb, mübarizə aparıb.
Bu mövzuya dair son tədqiqatların ideoloji bazasını ümummilli lider Heydər Əliyev fikirləri, əməlləri təşkil edir. Azərbaycanda yaşayan hər kəs bu ölkənin maraq və mənafelərini birinci sıraya qoymalıdır. Əraziləri işğal altında, özü müharibə vəziyyətində olan, daxildən etnik separatçılıqla təhdid edilən bir ölkədə bu milli birlik yarada biləcək yeganə ideologiya idi. Heydər Əliyev də böyük siyasi uzaqgörənliklə bu ideologiyanı seçdi.
Bu yola hər şeydən əvvəl milli özünüdərkdən, milli dəyərləri qoruyub saxlamaqdan və inkişaf etdirməkdən başlamaq lazım idi. Daha sonra Azərbaycanda bütün sosial təbəqələr və etnik qruplar arasında vahid – bölünməz vətən, milli birlik və həmrəylik ideyası təbliğ olunmalı, xalq bu ideya ətrafında birləşməli idi.
Tarixdən də bildiyimiz kimi, Azərbaycan həmişə müxtəlif etnosların və müxtəlif dinlərin çiyin-çiyinə yaşadığı ölkə olub. Milli və dini fərqliliyə baxmayaraq, bu coğrafiyada yaşayan insanları eyni tale, eyni qədər birləşdirmiş, yadelli işğalçılara qarşı onlar həmişə birgə mübarizə aparmışlar. Hələ III-IV yüzilliklərdə Sasanilərə, VII-IX yüzilliklərdə ərəb işğalçılarına, XIII-XIV yüzilliklərdə monqol yürüşlərinə, XIX yüzilliklərdə rus və İkinci Qarabağ müharibəsində də erməni işğalçılarına qarşı vuruşanda da birgə mübarizə aparıblar.
Lakin bu ideologiya təkcə ölkəmizdə yaşayan Azərbaycan türklərinin və bu dövləti özünün tarixi vətəni hesab edən müxtəlif azsaylı xalqların deyil, həm də bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır.
Azərbaycançılıq ideyası əslində, Azərbaycan xalqının bir etnovahid, etnik subyekt olaraq tarix səhnəsinə qədəm qoymasından başlayır. Başqa sözlə, xalq özünün etnik varlığını, dəyərlərini, mövcudluğunu formalaşdıra-formalaşdıra yaşayır və bu dəyərləri dərk edəndə onu qorumağa qalxır. Bu qoruma əvvəl etnosun öz daxilində gedir, etnosdaxili həyat və davranış qaydaları müəyyənləşir, sonra qohum və qonşu etnosların konsolidasiyası nəticəsində etnoslararası birgəyaşayış normaları meydana çıxır və hamı bu normalara əməl edir.
Bundan sonra vahid coğrafiyada yaşayan insanların həyatın bütün sahələri üzrə vahid maraqları meydana çıxır. Vahid maraqlar ən çox xarici hücumlar zamanı təhdid altında qalır və bu hücumlar hər kəsi silaha sarılmağa, düşmənə qarşı çiyin-çiyinə vuruşmağa məcbur edir. Bu vaxt vahid ərazi anlamında Vətən anlayışı meydana gəlir. Azərbaycan coğrafiyasında azərbaycançılıq ideyasının bünövrəsi belə qoyulub”.
Deputat qeyd edib ki, Azərbaycan xalqının yaranması, həm də Azərbaycan dilinin və ideologiyasının təşəkkül dövrü olub: “Dünyanın digər xalqları kimi Azərbaycan xalqı da öz vətənində təşəkkül tapıb. Xalqımızın yarandığı ərazi şimalda Dərbənddən, cənubda Zəncan, Qəzvin bölgəsi daxil olmaqla, şərqdə Xəzər dənizindən, qərbdə İrəvan və Urmiya gölünün qərb sahillərini əhatə edir. Tarixi baxımdan Azərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdi.
Tədqiqatçılarımız Azərbaycanda yarım əsrdən artıq davam etmiş xürrəmilər hərəkatını azad ruhun ictimai-tarixi ifadəsi kimi səciyyələndirib. Xürrəmiliyin bir ideologiya kimi türkün qanından çıxması, hərəkat kimi xalis Azərbaycan hadisəsi olması, bu hərəkatın təkcə Azərbaycan ərazisinin yox, həm də dövlət ruhunun azadlığını qorumaq uğrunda mübarizəni məqsəd seçməsini önə çəkmişlər.
Bu tarixi dövrdən sonrakı siyasi, ictimai proseslərdə azərbaycançılıq ideologiyası daha qabarıq şəkildə özünü göstərdi. Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar dönəmində Vətən ideyası bütün tarixi Azərbaycan coğrafiyasını əhatə edirdi.
Azərbaycanın istiqlal məfkurəsinin üç təməl prinsipi – “türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm” azərbaycançılıq ideologiyasının da təməl prinsipləri olaraq təsbit edilib.
Azərbaycanın qonşu imperiyalar tərəfindən tikə-tikə parçalandığı, ərazisində separatçılığın baş alıb getdiyi bir zamanda vətənçilikdən böyük ideal ola bilməzdi. Türk milli və islam dini dəyərlərini qorumaq şərti ilə vətənçilik ideyası yeganə düzgün ideologiya idi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə və başqaları ilk dəfə azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərsələr də, təəssüf ki, AXC-nin süqutu ilə azərbaycançılıq ideyası da kommunist ideologiyasının kölgəsinə sıxışdırıldı. Sovet dövründə isə azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilə bilməmiş, ancaq bədii əsərlərdə və adət-ənənələrdə, mərasim və rituallarda yaşamışdır.
Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır və onun tarixi xidmətidir. Professor Nizaməddin Şəmsizadənin dediyi kimi: “Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır. Heydər Əliyevin yeni tarixi dövrdə – 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı…”.
Heydər Əliyev azərbaycançılıq ideyasını dövlət ideologiyası kimi formalaşdırarkən Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, gələcək inkişafının təminatı üçün zəmin yaradılmasına xüsusi diqqət yetirirdi. Heydər Əliyev vaxtilə AXC ideoloqlarının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etməklə də yeni müstəqil Azərbaycan dövlətinin AXC-nin nəinki siyasi, həm də ideoloji varisi olduğunu bir daha təsdiq etdi”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Teleqraf.com-a bildirib ki, azərbaycançılıq dövlətin və ya hər hansı bir siyasi qüvvənin deyil, ümumilikdə cəmiyyətin ideologiyasıdır.
O qeyd edib ki, bu ideologiya ictimai şüurun müxtəlif formalarında – fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan məfhumlar sistemidir: “Son dövrlərdə bu ideologiyanın adını ümumiləşdirsələr də, tarixən Azərbaycan cəmiyyətində çox populyar olub və birmənalı olaraq qəbul edilib. Bu məfkurə cəmiyyətin inkişafına dəstək vermək məqsədilə xalqın potensialını bir yerə yığıb, bütün bacarıqları açmaq üçün imkanlar yaradır. Azərbaycançılıq – cəmiyyətin kökünün öyrənilməsi, dəyərlərinin qorunub saxlanılması, zənginləşdirilməsi deməkdir. Ümumiyyətlə, toplumun inkişafına təsir edən modern nə varsa, hamısının Azərbaycan cəmiyyətinə gətirilməsi deməkdir. Bu baxımdan bu ideologiya həm xalqın, həm də Azərbaycanda daimi və ya müvəqqəti yaşayan hər bir kəsin ideologiyası ola bilir.
Bu məsələdə xaricdə yaşayan azərbaycanlıların da üzərinə kifayət qədər məsuliyyət düşür. Onlar yaxşı vətəndaş olmaqla yanaşı, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini, etikasını yaşadığı ölkənin cəmiyyətinə layiqincə tanıtmaqla vəzifəlidirlər.Ətraflı
Bu ideologiyanın tarixinin qorunub saxlanması, dəyərlərin zənginləşdirilməsi, cəmiyyət və dövlət qarşısında duran məsələləri həll etməyə dəstək verir. Azərbaycançılıq müstəqilliyin, vətəndaş hüquqlarının, hüquqi demokratik dövlətin qorunub saxlanmasıdır, həmçinin vətəndaşın sosial problemlərinin həlli üçün dövlətin və cəmiyyətin potensialının bir yerə toplanmasıdır. Bu məfhumun varlığı işğal edilmiş torpaqlarımızın 44 gün ərzində azad edilməsində cəmiyyət üçün bir bayraq rolunu oynadı. Bu ideologiyanın qurulmasına hər kəs töhfə verməlidir”.
Aydın Mirzəzadə hesab edir ki, müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrin qurulmasında azərbaycançılıq ideologiyası mühüm rol oynayır: “Başqa dövlətlər arasında normal dostluq münasibətlərinin qurulmasında gətirib çıxardı. Bu gün beynəlxalq yarışlarda dövlət bayrağımızın yüksəldilməsi bu ideologiyaya xidmət edir. Bu həm də ölkə iqtisadiyyatının inkişafı, sahibkarlığa dəstək verilməsi, vətəndaşların daha yaxşı yaşaması deməkdir. Azərbaycançılıq bəşəriyyətin ən yaxşı dəyərlərini cəmiyyətimizə gətirmək, xalqımızın min illərlə qazandığı dəyərləri qorumaq deməkdir”.
Fəlsəfə və Sosiologiya institutun aparıcı elmi işçisi, Fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov Teleqraf.com-a bildirib ki, Azərbaycan ərazisinin coğrafi mövqeyi, iqlimi, geosiyasi əhəmiyyəti, tarixən fərqli etnik qrupların və dini konfessiyaların burada məskunlaşmasını şərtləndirib.
O qeyd edib ki, Azərbaycan bütün dinlər, millətlər, milli azlıqlar və mədəniyyətlərin bir arada tolerant münasibətlər çərçivəsində birgəyaşayışına nümunə olacaq multikultral bir ölkədir: “Bu səbəbdən fərqli inanclara sahib xalqlar əsrlər boyu bu ərazidə dinc yanaşı yaşamış, multikultral dəyərlərin və tolerant irsin formalaşmasına öz töhfələrini vermişlər. XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra burada multikulturalizmin dövlət siyasətinə çevrilməsi və buna müvafiq dövlət institutlarının yaradılması tarixi irsin qorunmasını və inkişafını təmin etmişdi.
Birgəyaşayış etnik-dini separatizmə qarşı ən effektiv yaşam modelidir ki, bunun üçün ilk növbədə tolerant mühit olmalıdır. Tolerantlıq cəmiyyətin hər bir üzvünə malik olduğu iqtisadi, siyasi və mənəvi-mədəni potensialını sərbəst surətdə reallaşdırmaq imkanının yaradılmasını nəzərdə tutur. Bu meyardan yanaşdıqda, bugünkü Azərbaycan nümunəvi bir məkandır. Burada tolerantlıq prinsipləri həm qanunvericilikdə, həm də insanların mədəni həyat tərzində öz əksini tapıb. Burada dünyəvi hakimiyyət və dövlət-din münasibətləri qarşılıqlı səmərəli fəaliyyətə əsaslanır. Hazırda ölkəmizdə siyasi və iqtisadi kursun prioritetliyini önə çəkən, ölkənin davamlı inkişafını təmin etmək üçün möhkəm iqtisadi baza yaradan quruculuq fəaliyyəti mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən böyük işlərlə tamamlanır. Bütün bunlar bir tərəfdən Azərbaycanın hərtərəfli və ahəngdar tərəqqisinə xidmət edir, digər tərəfdən isə onun sivilizasiyalararası dialoq və əməkdaşlığa daha böyük töhfələr verməsinə şərait yaradır”.
Ağasəlim Həsənov qeyd edib ki, Azərbaycanda milli azlıqların öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər təşkilatları yaratmalarına tam təminat verilir: “Hazırda milli azlıqların kompakt yaşadıqları Azərbaycan ərazilərdə milli-mədəni mərkəzlər, klub tipli həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiya və maraq klubları fəaliyyət göstərir.
Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların cəmiyyətə inteqrasiyasında ən maraqlı tərəf kimi məhz dövlət özü çıxış edir. Azərbaycanda bir sıra konfessiyalar mövcuddur. Azərbaycan əhalisinin təxminən 90%-dən çoxunu müsəlmanlar təşkil edir. Digər dinlərə etiqad edənlər və ya dindar olmayanlar təxminən 10%-ə yaxındır.
Qeyd edim ki, Azərbaycanda din yüksək ictimai və mədəni nüfuza malikdir. Bu gün ölkədə 1802 məscid, 11 kilsə və 6 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda 525 islam və 34 qeyri-islam dini icmanın fəaliyyət göstərməsi tolerantlığın bariz nümunəsi sayıla bilər”.
Müsahibimiz Azərbaycan və Ermənistan cəmiyyətlərində birgəyaşayış probleminin tarixi və çağdaş durumu ilə bağlı apardığı elmi araşdırmaya əsaslanaraq bəzi nəticələrə də diqqətə çatdırıb: “Ermənistan etnik-dini seperatizmi dəstəkləyən, öz ərazisində etnik deportasiya reallaşdıran və nəticədə monoetnlikliyi ilə fərqlənən azsaylı ölkələrdən birinə çevrilib.
Azərbaycan öz polietnik mənzərəsini qoruya bilmiş, onu inkişaf etdirib və burada müxtəlif etnik birliklərin dini konfessiyaların nümayəndələri bərabər hüquq və azadlıqlara malikdirlər.
Ermənistanda faşist, milliyyətçi , irqçi ideologiyalar dövlət tərəfindən dəstəklənir.
Azərbaycanda multikulturalizm dövlət siyasətinə və həyat tərzinə çevrilibdir. Ölkədə hər bir etnik qrup öz dilini, folklorunu, mədəniyyətini inkişaf etdirmək imkanlarına sahibdirlər.
Ermənistan dövləti birgəyaşayışı, mədəniyyətlərarası dialoqu, vətəndaşlığı təbliğ edən böyük forumlara ev sahibliyi edə bilməyib.
Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların dialoqunu təbliğ edən böyük forumların keçirildiyi məkana çevrilib.
Ermənistanda din öz humanist mahiyyətindən uzlaşaraq əslində erməni milliyyətçiliyi ilə vəhdət təşkil edir və uydurulmuş “Böyük Ermənistan” ideyasının gerçəkləşməsinə xidmət edir.
Azərbaycanda din-dövlət münasibətləri arzuolunan xətt üzrə inkişaf edir və din öz humanist mahiyyətini qoruyur. Ermənistanda dini, etnik və s. sahələrdə dözümsüzlük mühiti var və erməni cəmiyyəti qeyri-tolerantlığı ilə fərqlənir. Azərbaycanda əksər dünya ölkələrinə nümunə ola biləcək dini tolerantlıq mühiti mövcuddur.
Ermənistanda tarixi abidələri, dini məbədləri, məscidləri məhv etmək, təhqir etmək və ya onları erməniləşdirmək dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanda tarixi abidələri, kilsələri, sinaqoqları və digər dini məbədləri qorumaq və onları gələcək nəsillərə çatdırmaq dövlət siyasəti ilə dəstəklənir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanıb.