“İrandan Ermənistana heç vaxt birbaşa yol olmayıb”.
Boyukmillet.com xəbər verir ki, bu fikirlər “Vmedia” yutub kanalının Ermənistanla İran arasındakı “tarixi sərhəd”dən narahat olan iranlı rəsmilərin açıqlamalarına münasibətində yer alıb.
Videoçarxda deyilir ki, XIX əsrin ortalarına, yəni Türkmənçay müqaviləsinə əsasən ermənilərin İrəvan, Qarabağ, Naxçıvan xanlıqlarının ərazilərinə köçürülməsinə başlanılmasına qədər Cənubi Qafqazda erməni dövlətçiliyi və gözə çarpan erməni iştirakı olmayıb.
Müəlliflər vurğulayıblar ki, hətta daha sonralar SSRİ ilə İran arasında avtomobil nəqliyyatı Azərbaycanın Astara, dəmir yolu nəqliyyatı isə Azərbaycanın Culfa rayonundan keçib: “Dəmir yolunun Mehridən keçən hissəsi isə Araz çayının sahili boyu uzanır və sərhədi keçmirdi. Üstəlik, məşhur Xudafərin körpüsü də Azərbaycan ərazisində yerləşirdi. Ən vacib məsələ odur ki, 1993-cü ildən 2020-ci ilə qədər Azərbaycan və İran sərhədinin 100 kilometrdən artıq hissəsi Ermənistanın işğalı altında idi. Amma o zaman İran bundan o qədər də narahat deyildi. Belə çıxır ki, Azərbaycanla Naxçıvan arasında birbaşa quru əlaqəsinin olmaması İslam Respublikasının maraqlarına cavab verirdi? Bəs İran Azərbaycanın Qarabağ münaqişəsindən əvvəlki kommunikasiyaları bərpa etmək istəyindən niyə narahatdır?”