“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (“Ümid” SİD) 07 dekabr 2022-ci il tarixindən T-NETWORK – təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə birgə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyələşdirdiyi “Məktəb icmasının inkişaf etdirilməsi vasitəsilə məktəbin nüfuzunun artırılması təşəbbüsü” layihəsinin icrasına başlayıb. Layihə 12 ay müddətində icra olunacaqdır. Layihənin hədəf ərazisi Bakıətrafı 2 qəsəbə (Türkan və Hövsan) nəzərdə tutulmuşdur.
Layihə partnyoru – “T-NETWORK” platforması ilə birgə icra olunacaq bu layihənin əsas ideyası a) icma ilə münasibətlərin təkmilləşdirilməsi vasitəsilə məktəblərin uğurlu olmasına, məktəb nüfuzunun artırılmasına nail olmaq, b) icma üzvlərinin daha xoş qarşılanacağı, etibarla və hörmətlə qəbul olunacaqları məktəb mühitinin formalaşdırılmasıdır.
Layihənin əsas məqsədi məktəbin icmanın nüfuz mərkəzi səviyyəsinə (school as a community hub) qaldırılmasıdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
Vəzifə 1: Hədəf icmalarda Məktəb İnkişaf Şuralarının yaradılması
Vəzifə 2: Məktəb İnkişaf Şuralarının bacarıqlarının artırılması
Vəzifə 3: İcmada praktiki layihələrin həyata keçirilməsi və davamlılığı
Belə ki, layihə çərçivəsində 2 hədəf icmada (Türkan və Hövsan qəsəbəsi) hər biri 9 nəfərdən ibarət (cəmi 18 nəfər) 2 Məktəb İnkişaf Şurası (MİŞ) formalaşdırılacaq və onların bacarıqlarının artırılması üçün iki mərhələli 11 mövzuda 22 təlim sessiyası (Səfərbərlik, Ehtiyacların müəyyənləşdirilməsi, Layihə təklifinin hazırlanması, Liderlik və komanda işi, Dayanıqlıq və İstismar Planı, Effektiv təqdimat və s.) təşkil ediləcəkdir. Hər bir icmada icma və məktəbin ehtiyaclarının müəyyələşdirilməsi üçün sorğular keçiriləcək, müəyyən edilmiş prioritet ehtiyacların həlli üçün tədbirlər planı və layihə təklifləri hazırlanacaqdır. Hər bir icmada məktəb və icmanın iştirakı ilə bir layihə (məktəb kitabxanasının zənginləşdirilməsi, məktəbin elmi texniki bazasının gücləndirilməsi, məktəb həyətində yaşıllığın salınması, idman qurğularının quraşdırılması və s.) icra ediləcəkdir. Layihə müddəti ərzində isə məktəb nüfuzunun yüksəldilməsi və məktəb icmasının inkişafına töhfə verəcək silsilə tədbirlər (ekoloji aksiyaların təşkili, elm və digər sahələrdəki əlamətdar günlərin keçirilməsi, incəsənət və idman dərnəklərinin yaradılması, yazıçı və şairlərlə məktəblilərin görüşünün təşkili, hekayə, sinifdən xaric kitab oxuma, rəsm və s. müsabiqələrin keçirilməsi və s.) həyata keçiriləcəkdir.
Layihənin nəticəsi olaraq 18 nəfər MİŞ üzvünün icma ehtiyaclarının müəyyənləşdirilməsi, layihə təklifinin hazırlanması, dayanıqlıq və s. mövzularda bacarıqları 50% artacaq, 4 ehtiyac üzrə 4 layihə təklifi hazırlanacaqdır. 2 hədəf icmanın hər birində icra ediləcək layihələrin (4 layihə) davamlılığı üçün 4 Dayanıqlıq və İstismar Planı, məktəb-icma münasibətlərinin gücləndirilməsi və davamlılığı üçün isə 3 illik 2 Fəaliyyət Planı hazırlanacaqdır. 2 hədəf icmanın (Türkan və Hövsan qəsəbələri) hər birində 2 layihə olmaqla cəmi 4 layihə icra ediləcək, bu layihələrdən 2 icmada (Türkan və Hövsan qəsəbələri) fəaliyyət göstərən 2 məktəbin 1500 nəfər şagirdi, 1000 nəfər isə icma üzvü (valideynlər, sahibkarlar və s.) faydalanacaqdır. Bununla da, icma-məktəb əməkdaşlığı gücləndiriləcək və məktəb icmanın nüfuz mərkəzinə çevriləcəkdir.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …