Birləşmiş Ştatlarda Demokratik və Respublika partiyalarından prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp arasında ilk teledebat keçirilib. Teledebat Nyu-York ştatının Hempsted qəsəbəsində yerləşən Hofstra Universitetində baş tutub. Namizədlər ölkənin sosiali-iqtisadi problemlərini müzakirə edib və beynəlxalq münasibətlərə, təhlükəsizlik məsələlərinə, həmçinin ABŞ-ın xarici siyasətinə xüsusi diqqət yetiriblər.
Klintonu Şimali Amerika azad ticarət zonası layihəsinin reallaşdırılmasında ittiham edən Tramp qəbuledilməz olan “Kanada, ABŞ, və Meksika arasında azad ticarət barədə sazişdən” Meksikanın ABŞ-dan daha çox qazanc əldə edəcəyini deyib. Namizədlər, həmçinin məxfi yazışmaların qaydaları və vergi məsələləri barədə də qarşılıqlı ittihamlar irəli sürüblər. Hillari Klinton ABŞ-ın dövlət katibi işlədiyi dövrlərdə mühafizə olunmayan şəxsi serverlərdən xidməti yazışma üçün istifadə edib; Trampı isə adətən bütün prezidentliyə namizədlərin vergi tranzaksiyalarının şəffaflığı üçün təqdim etdiyi vergi haqda sənədləri verməkdən imtina etməkdə qınayırlar. ABŞ-da irqlər arası münasibətlərdən danışarkən, namizədlər həm də odlu silahdan istifadə etməklə törədilən zorakılıqla bağlı problemlərə də münasibət bildiriblər.
Namizədlər Trampın uzun illər ərzində inkar etdiyi Prezident Barak Obamanın Amerika vətəndaşlığı, terrora qarşı mübarizə, İŞİD və nüvə təhdidi barədə də fikirlərini açıqlayıblar. CNN telekompaniyasının teledebatın ardından izləyicilər arasında telefon vasitəsilə keçirdiyi sorğuya əsasən, respondentlərin 62 faizi ABŞ prezidenti postunda Hillari Klintonu, 27 faizi isə Donald Trampı görmək istədiyini bildirib.
Klinton və Tramp arasında ikinci debat oktyabrın 9-da Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində, üçüncü teledebat isə oktyabrın 19-da Nevada ştatının Las-Veqas şəhərindəki Nevada Universitetində keçiriləcək.
Oktyabrın 4-də Virciniya ştatının Farmvill qəsəbəsində vitse-prezident postuna Demokrat Partiyasının namizədi Timoti Keynlə Respublika Partiyasının namizədi Mayk Pens arasında debatlar olacaq.
Azertac