Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

ABŞ diplomatı Qarabağ problemi üzrə “Lavrov planı”nın sensasiyalı mahiyyətini açdı

img

 

“Lavrov planı” dolayısı ilə Dağlıq Qarabağdakı erməni icmasının danışıqlarda iştirakını özündə ehtiva edir”

Elşən Manafov: “Bu modeli əlbəttə ki, Azərbaycan qəbul edə bilməz”

 

“Hazırda danışıqlar masasında olan “Lavrov plan”ı tərəflərin heç biri tərəfindən qəbul olunmayıb”. Bu barədə Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland “Amerikanın Səsi”nə açıqlamasında deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən doğru yol kiçik addımlarla irəli getməkdən ibarətdir: “Uzun illərdən sonra Ermənistanın yeni lideri Qarabağdan deyil. Buna görə o, ehtiyatlı olmalı, addımlarını radikal deyil, tədricən atmalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dialoq, təmas xəttində gərginliyin azalmasını müsbət siqnallar kimi qəbul etsə də, Hoqland ciddi irəliləyiş gözləmir: “Hazırda danışıqlar masası üzərində olan “Lavrov planı” tərəflərin heç biri tərəfindən qəbul olunmayıb. Bu plan “Madrid prinsipləri”nə bənzəsə də, müəyyən fərqlilik var. Əsas fərq, Dağlıq Qarabağ sakinləri arasında referendumun keçirilməsini nəzərdə tutur. Tərəflərin bu planı qəbul etməməsinin əsas səbəbi sənəddə referendumun dəqiq keçirilmə tarixinin göstərilməməsidir”.

Hoqlandın fikrincə, həm Bakı, həm də İrəvan referendumun dəqiq tarixinin müəyyən olunmasını gözləyir. Digər tərəfdən, keçmiş həmsədrin fikrincə, münaqişənin həllində Rusiya maraqlı tərəf deyil: “Düşünürəm ki, İran münaqişənin həllində maraqlıdır. Amma Rusiya bu münaqişənin həllini istəyirmi? Moskvada bəzi qüvvələr hesab edir ki, əgər münaqişə həll olunarsa, onda regionda təsir rıçaqlarını itirəcəklər”.

Maraqlıdır, “Lavrov planı” barədə deyilənləri ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu. Onun fikrincə, Hoqlandın fikirlərində həqiqət var: “Məsələ ondadır ki, “Lavrov planı” dolayısı ilə Dağlıq Qarabağdakı erməni icmasının danışıqlarda iştirakını özündə ehtiva edir. Bu isə bizim maraqlara uyğun deyil. Azərbaycan tərəfi rəsmi olaraq erməni icması ilə danışıq apara bilməz. Özünə hörmət edən tərəf separatçı, terrorçu tərəflə danışıqlara gedə bilməz. Azərbaycan münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həll edildiyi zaman Ermənistanla sülhə gedə bilər. Paşinyan isə sülh müqabilində heç bir ərazi güzəştlərindən danışmır. Belə olan halda Azərbaycan niyə danışıqlara getməlidir ki?! Yəni sülh müqabilində Azərbaycanın ərazi bütövlüyü təmin edilmirsə, o zaman bu bizə lazım deyil. Onsuz da Azərbaycan hansı gücə malik olduğunu Ermənistana və havadarlarına 2016-cı ilin aprelində göstərib. Bu mənada düşünürəm ki, Azərbaycanın bu şərtləri qəbul etməməsi doğru yanaşmadır. Bu məsələdə Ermənistanın mövqeyi ondan ibarətdir ki, referendum Dağlıq Qarabağda keçirilməlidir. Dağlıq Qarabağda referendum keçirilsə, bu ermənilərin xeyrinə olacaq. Çünki onlar separatçı qurumun “müstəqilliyinə” səs verəcəklər. Bu modeli əlbəttə ki, Azərbaycan qəbul edə bilməz. Seçkilərdə Dağlıq Qarabağdakı Azərbaycan icmasının iştirakı da məqbul variant deyil. Ona görə ki, Dağlıq Qarabağdakı əhalinin say nisbəti ermənilərin xeyrinədir. Çünki 1989-cu ilin siyahıalınmasına görə, Dağlıq Qarabağda 120 min erməni, 45 min nəfər azərbaycanlı yaşayıb. Hətta o zamankı statistikanı indiki reallıqla müqayisə edəndə belə, qüvvələr nisbəti ermənilərin xeyrinədir.

Azərbaycan qanunvericiliyi ölkənin ayrıca bir regionunda belə referendumun keçirilməsinə icazə vermir. Referendum keçiriləcəksə, o zaman bu bütün ölkə ərazisində keçirilməlidir. Ona görə də nə “Madrid prinsipləri”, nə də yenilənmiş “Madrid prinsipləri” bizim xeyrimizə deyil. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir