Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ-nin Ermənistandakı səfirliyi: Sülh sazişinin vaxtıdır

“Saziş Cənubi Qafqazın sosial və iqtisadi potensialını artırmağa imkan verəcək”

ABŞ-nin Ermənistandakı səfirliyi Bakı ilə Yerevan arasında sülh sazişinin imzalanmasının vaxtının çatdığını bildirib.

Bu barədə səfirliyin iyulun 26-da yaydığı açıqlamada qeyd olunub. Diplomatik korpus Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistanın rəsmiləri ilə görüşdüyünü vurğulayaraq əlavə edib ki, bu təmaslarda Yerevanla Bakı arasında davamlı və ədalətli sülhün bərqərar olması səyləri müzakirə olunub.

“İndi Cənubi Qafqazın sosial və iqtisadi potensialını artırmağa imkan verəcək sülh sazişinin vaxtıdır”, – deyə mesajda bildirilib.

İyulun 25-də Ermənistanda olan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Onların regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə etdikləri, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə və son hadisələrə toxunduqları qeyd olunub.

Təhlükəsizlik Şurasının katibi Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.

Dünən Ermənistanın sülh müqaviləsi üzrə təkliflərdən ibarət cavab paketi hazırladığı haqda rəsmi məlumat yayılıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mediaya deyib ki, ölkəsinin sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir:

“Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır” .

Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.

İyulun 20-də Azərbaycanın Prezidenti İlham Əliyev bildirmişdi ki, sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb:

“Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”.

Amma İ.Əliyev iki məsələnin hələ açıq qaldığını əlavə etmişdi:

“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib.

2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.

Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.

Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …