Lalə Həsənova: “Yeni qurulan təşkilatımızda dövlətini sevən insanlar olaraq daim aktiv fəaliyətimizə davam edirik”
Son illərdə diaspora sahəsində müsbət bir tendensiya müşahidə edilir. Ayrı-ayrı ölkələrdə diaspor sahəsində həyata keçirilən yeni təşkilatlanma, müxtəlif diaspor təşkilatlarının koordinasiya şuraları tərkibində birləşməsi xaricdə yaşayan soydaşlarımız arasında diaspora sahəsinə marağı da artırır. Nəticə etibarilə yeni-yeni diaspor təşkilatları yaranır ki, bu da ölkəmizin səsinin, onun həqiqətlərinin daha geniş anlamda, mütəşəkkil şəkildə yayılmasına xidmət edir.
Günümüzdə yaranan və uğurla fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Birliyidir. Sözügedən təşkilat yeni yaransa və cəmi 1 yaşı olsa da, lakin qısa müddətdə onlarla yaşı olan diaspor təşkilatlarına uyğun şəkildə fəaliyyətlər ortaya qoyub. Azərbaycan Xalqlar Dostluğu Birliyinin sədri Lalə Həsənova ilə söhbətimizdən də belə bir mənzərə yarandı. “OLAYLAR”-a verdiyi müsahibədə Lalə Həsənova rəhbərlik etdiyi qurumun yaranma zərurəti, ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və qarşıdakı planlar barədə danışıb.
-Lalə xanım, əvvəlcə Antalyaya yerləşmə səbəbiniz barədə bilmək istərdim. Nə zamandan burada yaşayırsınız və hansı zərurət Sizi Antalyaya apardı?
-Mənim Türkiyənin Antalya şəhərinə yerləşmə səbəbim səhhətimlə bağlə oldu. Azərbaycanda bir antibiotik zəhərlənməsi nəticəsində böyrəklərimin fəaliyyəti dayandı. O zaman, daha dəqiq desək 2010-cu ildə Antalya Akdeniz Üniversiteti Tibb fakültəsi xəstəxanası orqan köçürülməsi sahəsində həddindən çox uğurlara imza atmışdı. Mən və ailəm də çox araşdırdıqdan sonra Antalyaya, bəhs etdiyim xəstəxanaya gəldik və anam Fima xanımın böyrəyi mənə köçürüldü. Anamın və dəyərli həkimlərim Prof.Dr. Ayhan Dinçkan, Prof.Dr. Murat Tuncer , Prof. Dr. Hüseyin Koçak və diğərlərinin sayəsində 2011-ci ildə təkrar həyata döndüm. . O zamandan indiyə qədər Antalyadayam. 2015- ci ildə yenidən mədəaltı vəzi köçürülməsi əməliyyatı keçirdim və rəhmətə gedən birinin orqanını mənə köçürdülər . Azərbaycanda yarımçıq qalan karyeramı təkrard burada davam etdirdim. Akdeniz Üniversiteti hüquq fakültəsində beynəlxalq hüquq sahəsində magistratura təhsili aldım. Diplom işimin mövzusu “Beynəlxalq Hüquqda Diplomatik Qoruma” idi . Bu təhsilimi uğurla başa vurdum. Hazırda Ankara Yıldırım Beyazit Universitetində hüquq fakültəsində Dövlət Hüququ sahəsində doktorantam.
-Rəhbəri olduğunuz Azərbaycan Xalqlar Dostluğu Birliyinin yaranma tarixi barədə bilmək istərdik. Təşkilatınız nə zamandan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?
-Hazırda sədrlik etdiyim Azərbaycan Xalqlar Dostluğu Birliyi Antalyada yeni, 2019 cu ildəqurulan bir birllikdir. Daha öncə 2015-ci ildə bu birliyin infrastrukturu-sosial media səhifələri, planlamaları, layihələri hazırlanmışdı. Sadəcə az öncə bəhs etdiyim kimi səhhətimlə bağlı olaraq Birliyin qurulması istiqamətində layihəmi tam həyata keçirməmişdim. Azərbaycan Xalqlar Dostluğu Birliyimizin əsas fəaliyyət istiqamətlərinə Antalyada və eləcə də Türkiyədə yaşayan soydaşlarımız arasında birlik, bərabərlik qurmaq, beynəlxalq layihələrə qoşularaq Azərbaycanın elmi, texniki, hüquqi, dünyəvi əlaqələrini dünya ictimaiyyətinə çatdırmaq daxildir. Eyni zamanda burada yaşayan soydaşlarımızın problemləriylə maraqlanaraq təhsil , tibbi, iş icazesi problemlərində onlara dəstək göstərməkdir . Yarandığı gündən hazırki vaxta qədər Azerbaycan Xalqlar Dostluğu Birliyi bir sıra tədbirlər keçirib. Bu ilin fevral ayında Azərbaycanın milli mənəvi dəyərlərinəsadiq qalaraq 6 ölkəxalqları arasında “Dostluq festivalında” Azərbaycanı layiqincə təmsil etdik. Azərbaycanın milli bayramı olan Novruz bayramında həm də Birliyimizin açılış gününü qeyd etdik. Azərbaycanın rəsmi və milli bayramları, matəm günlərimiz Birliyimiz tərəfindən hər zaman qeyd edilir. Aprel döyüşlərində şəhid olan əskərlərimiz və eləcə də bütün şəhidlərimiz üçün ehsan süfrəsi qurulub. Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96 cı ildönümü münasibətiylə Antalya Muratpaşa Bələdiyyəsi , Antalya Jurnalistlər Cəmiyyəti, Anadolu və Orta Şərq Dostluq Assosiasiyası ilə birlikdə Azərbaycan Xalqlar Dostluğu Birliyimiz çox böyük, təntənəli bir tədbir keçirdi. İki ay öncə 42 ölkətəmsilçisi arasında Türk Eğitim Vakfının düzənlədiği Dünya Qadınları Korosunda təşkilatımızı və Azərbaycanı Elvira xanım layiqincə təmsil etdi . Bütün xarici dövlətlərdən gələn qadınlar “Sarıgəlin” və “Bu qala daşlı qala” mahnısını oxudular. Qızımız da milli rəqsləonlara dəstək oldu. Hazırda Azərbaycan adına Antalyada başqa layihələri həyata keçirməyə hazırlaşırıq.
-Azərbaycan Xalqlar Dostluğu Birliyi olaraq Türkiyədə fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları və Azərbaycan səfirliyi, eləcə də konsulluğu ilə əməkdaşlıq edirsinizmi və bu əməkdaşlıq hansı formada qurulur?
-Az öncə qeyd etdiyim kimi , biz yeni qurulmuş təşkilatıq. Buna baxmayaraq Türkiyənin digər şəhərlərində fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə əməkdaşlıq edirik. Əlbəttə ki, bu çox geniş şəkildə aktivliyini göstərmir. Hazırda Türkiyədə Dünya Azərbaycanlıları Platformu quruldu. Azərbaycan Xalqlar Dostluğu Birliyi bu platformda yer alır. Bundan əlavə olaraq Türk Dünyası Platformu ilə yaxından əməkdaşlıq edirik . Azərbaycanın Ankaradakı səfiri cənab Xəzər İbrahim bəy dövlətini, millətini sevən bir insandır . Hər zaman da bizlərlə əməkdaşlığa dəstək göstərir . Bu yaxınlarda Antalyada yeni bir laylhəmiz həyata keçəcək, Xəzər bəy də burada bizimlə olacaq. Bir çox soydaşlarımızın problemlərində müraciət etdiyimiz zaman Xəzər bəy başda olmaqla, Konsulumuz Şöhrət bəy və səfirliyin digər əməkdaşları lazımı dəstəyi göstərirlər.
-Bəs, Türkiyənin rəsmi qurumları ilə hansısa formada əlaqələrinzi varmı?
-Əvvəla Türkiyə Cümhuriyyətinə ilk növbədə öz adımdan minnətdaram ki, burada yenidən həyata qayıtdım. İsrər Azerbaycan Xalqlar Dostluğu Birliyimiz olsun, istərsə fərdi şəkilde olsun, demək olar ki, dövlətin bütün orqanları ilə sıx əməkdaşlıq edirik. Antalyanın fərqli rayonlarının icra və bələdiyyə orqanları, miqrasiya idarəsi və s. Ilə hər zaman rəsmî əməkdaşlığımız davam edir . Bütün rəsmî, milli günlərimizlə tədbirlərdə yaxından və böyük maraqla iştirak edirlər.
-Bəzən iddia edirlər ki, Türkiyə bizə qardaş ölkə olduğu üçün burada diaspor fəaliyyətinə ehtiyac yoxdur. Siz bu barədə nə düşünürsünüz. Bu kimi fikirlər nə dərəcədə doğru yanaşmadır?
-Bəli, Türkiyə bizə qardaş ölkədir. Amma hər bir ölkənin özünəməxsus qanunları, qaydaları var . Buraya Azərbaycandan gələn soydaşlarımızın öz növbələrində çətinlik çəkdikləri, problemlərlə üzləşdikləri məqamlar əfsuslar olsun kl, çox olur. Məsələn, bir soydaşımızın qardaşı qəfildən dünyasını dəyişdi . Bu o qədər ağır bir məqam idi ki, heç kim nə edəcəyini bilmirdi. Biz o zaman təşkilatımızı qurmamışdıq. Mən sadəcə bir hüquqşünas olaraq prosesi necə izləmək lazımdırsa, digər dostlarımızla birlikdə o yöndə lazımi addımları birlikdə atdım. Buna oturum iznləri bitən xəstə övladlarımız var. Onlar ilik köçürülən xəstələrdir. Pasport , oturum izni və s işlər üçün Antalyadan ya İstanbula, ya da Azərbaycana getməlidirlər. Amma səhhətləri buna icazə vermir. Bu sahədə ya bir fərq yaradılmalıdır, ya da düşünürəm ki, sırf Ağdəniz bölgəsində problemi olan soydaşlarımızın işlərinin asanlaşdırılması üçün aktiv diaspor fəaliyyətinə dəstək göstərilməlidir.
-Ümumiyyətlə, Azərbaycan diaspor təşkilatları Türkiyədə malik olduğu potensial qədər aktiv, səmərəli fəaliyyət göstərər bilirlərmi?
– Biz yeni qurulan təşkilatımızda dövlətini sevən insanlar olaraq daima aktiv fəaliyətimizə davam edirik. Bizim heç bir yerdən maddi dəstəyimiz yoxdur. Heç bir fond, heç bir sərmayə şirkəti , işadamları tərəfindən dəstək almırıq. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti adına çox önəmli layihələrə layiqincə imza atırıq. Çox istərdik ki dövlətimiz də bizi dəstəkləsin . Bu zaman daha səmərəli, daha da akriv bir diaspora təşkilatını görmüş olarıq.
-Bir diaspor təşkilatı olaraq Azərbaycan diasporunun fəaliyyətini, hazırkı durumunu necə dəyərləndirərdiniz?. Xüsusilə son vaxtlar diasporamızın daha da təşkilatlanması istiqamətində müşahidə edilən müsbət tendensiyaya sizin baxışınız necədir?
-Bir diaspor təşkilatı olaraq daha da güclənmək üçün təşkilatlanmaq lazımdır. Əfsuslar olsun ki, bu sahədə bir az passiv qalırıq. Birləşmək əvəzinə, hər kəs fərqli yönlərə çəkilir . Amma hazırda qurulan Dünya Azerbaycanlıları Platformu (DAP) ümid edirəm ki, təqdirəlayiq olacaq. Məlumat üçün qeyd edim ki, Dünya Azərbaycanlıları Platformu Ankarada yaradılıb və mən də onun qurucu üzvlərindən biriyəm. Bizim təşkilatımız həmin Platformun Antalya təmsilçisidir. Sentyabr ayında Türkiyədə yaşayan azərbaycanlı elm adamlarının iştirakı ilə böyük bir konfrans keçirməyi nəzərdə tuturuq. Ümumiyyətlə, hesab edirəm ki, diaspor fəaliyyəti sadəcə mədəni olmamalıdır. Eyni zamanda daha aktiv fəaliyyət göstərərək bütün sahələrdə, elm, təhsil, idman sahələrində irəli getməlidir. Bu arada bir məqamı da qeyd edim. Son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsi təırəfindən ayrı-ayrı ölkələrdə Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılır ki, hesab edirəm, bu çox doğru və düzgün addımdır. Düşünürəm ki, Türkiyədə də belə bir Koordinasiya Şurasının yaradılmasınma ehtiyac var.
-Azərbaycan Xalqları Dostluğu Birliyi olaraq qarşıdakı müddətdə həyata keçirməyi düşündüyünüz layihələr, tədbirlər nədən ibarətdir?
-Azərbaycanda olan üniversitetlərlə Antalya üniversitetləri arasında ixtisasartırma proqramlarının təşkili, Azərbaycan turizmiylə Antalya turizmi arasında ortaq və fərqli tərəflər mövzusunda konfrans həyata keçirmək, Azərbaycanın milli geyimləri və əl işləri sənətiylə bağlı defilə və sərgi proqramı hazırlamaq, gənclərimiz (tələbələrimiz) üçün yay məktəbi proqramı həyata keçirmək qarşıdakı planlarımız sırasındadır. Eyni zamanda Antalya şəhərinin çox gözəl küçələrindən birinə Qarabağ adının verilməsini təmin etmeyi nəzərdə tuturuq. Azərbaycanın gənçlər təşkilatlarıını bu yolda bizimlə əməkdaşlıq etməyə çağırıram.
– Lalə xanım, bu bir reallıqdır ki, təşkilat olaraq gördüyünüz işlərin mətbuat, televiziyalar tərəfindən işıqlandırılması rəhbərliki etdiyiniz birliyin cəmiyyətə daha yaxından tanıdılması istiqamətində mühüm vasitədir. Bu mənada dərnəyinizin keçirdiyi tədbirlərə mətbuatın diqqəti hansı səviyyədədir?. Antalyanın media quruluşları, jurnalist təşkilatları ilə əməkdaşlığınız hansı səviyyədə qurulur?
–Təşkilatımızın fəaliyyəti, həyata keçirdiyi tədbirlər KİV tərəfindən hər zaman işıqlandırılır. Bu sahədə bizə hər zaman dəstəyini göstərən dəyərli dostumuz, eyni zamanda təşkilatımızın qurucu üzvlərindən biri olan Antalya Jurnalistler Cəmiyyəti (AGC) və Akdeniz Jurnalistler Federasiyasının (AGF) sədri Mevlüt Yeni bəyə və cəmiyyətin diğər əməkdaşlarına minnətdarıq.
– Bəs Türkiyənin dövlət qurumları, onların rəhbərləri ilə təşkilat olaraq təmaslar qurursunuzmu?. Qardaş ölkənin dövlət qurumlarının Sizin fəaliyyətə marağı, diqqəti necədir?
-Qardaş ölkə Türkiyənin bizim təşkilatımıza diqqəti yüksək səviyyədədir. Türkiyənin xarici işlər naziri, cənab Mevlüt Çavuşoğluna göstərdiyi diqqətə görə hər zaman təşəkkür edirəm. Cənab nazir Azərbaycanın dostu, Azərbaycan sevdalısı bir insandır. Ümid edirəm ki, gələcək layihələrimizdə də hər zaman yanımızda olacaqdır.
Süleyman